Aliment ödəməmək inzibati və cinayət məsuliyyəti yaradır

14:01 - 23 Fevral 2022 - Cəmiyyət

Vəkil Araz Nurməmmədov: “Məsuliyyət kifayət qədər ağırdır və 3 ilə qədər azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur”

(Yazının əvvəlini bu linkə daxil olmaqla oxuya bilərsiniz)

Respublikamızda məhkəmə qərarlarının icrası sahəsində ciddi problemlər qalmaqdadır. Xüsusilə, aliment ödənilməsi ilə bağlı çıxarılan məhkəmə qərarlarının bir çoxu icra edilmir. Bu qərarların icra edilməməsinin səbəbləri müxtəlif olsa da, problemdən ən çox əziyyət çəkənlər aliment asılılığında yaşayan şəxslər olur. Vətəndaşlar hüquqlarını bilmədikdə isə problem daha da gərgin vəziyyət alır. Aliment ödənilmədikdə isə ən çox da uşaqların normal qidalanması, tibbi xidmət və təhsil almasında problem yaranır. Aliment ödənilməməsi, bununla bağlı məhkəmə qaərarlarının icra edilməməsi probleminə tanınmış hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədovun baxış bucağında aydınlıq gətirməyə çalışdıq.

- Alimentin artırılması tələbi  ilə bağlı da mediasiyaya müraciət etmək zəruridirmi və bu zaman nə qədər rüsum ödənilməlidir?
- Ümumiyyətlə, alimentlə bağlı, o cümlədən  istənilən əmək, ailə münasibətindən yaranan mübahisələrlə bağlı  məhkəmədən öncə mediasiyaya müraciət etmək lazımdır. Yəni istər alimentin artırılması, istərsə də alimentin təyin edilməsi, ailə münasibətləri ilə bağlı əmlakın bölgüsü hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənən istənilən münasibətlə bağlı məhkəməyə müraciət etmək üçün ilkin mediasiya sessiyası keçirilməlidir. Bununla bağlı mübahisələr zamanı rüsum 50 manatdır. Bu ilkin mediasiya sessiyası üçün ödənilən rüsum hesab olunur. Bir də var tam mediasiya  prosesi.

- Tam mediasiya prosesi nədir ?
- Şəxs hər iki tərəf mediasiya təşkilatına gəlir və tərəflərin arasında bir formada barışıq əldə olunur və tam mediasiya keçirilməsi müəyyən olunur. Həmin mediasiya barəsində qərarla bağlı məhkəməyə arayış təqdim olunur. Artıq məhkəmə prosesi daha sadə formada olur, cünki tərəflər artıq tam mediasiya sessiyasından keçirilmiş hesab olunurlar. Ona görə mediasiya təşkilatının, ümumiyyətlə, mediasiyanın yaradılması məhkəmənin iş yükünü azaltmaqla tərəflərin məhkəməyə qədər mübahisələrini həll etmək məqsədi daşıyır. Yəni mediasiya mübahisələri həll etməyin alternativ üsuludur.

- Aliment ödənilməməsi ilə bağlı xeyli icra olunmayan məhkəmə qərarları var. Sizcə, bu məhkəmə qərarlarının icra edilməmə səbəbləri nə ilə bağlıdır?
-  Bəli, kifayət qədər ödənilməyən, eyni zamanda məhkəmə qərarları vaxtında və düzgün formada icra edilməyən məhkəmə qərarları var. Hesab edirəm ki, bunun ilkin səbəbi şəxsin işsiz olması, maddi vəziyyəti ilə bağlıdır. Ümumiyətlə, diqqətlə araşdıranda görürük ki, aliment ödənilməməsi əsasən maddi durumla bağlıdır. Amma bir məsələ də var ki, aliment ödəyən şəxs sonradan ailə qurduqda ödəmə qabiliyyəti daha da pisləşir. Çünki bir uşağa görə aliment 193 manatdır. İki uşağa görə ödəniləcək aliment isə 400 manata yaxındır. Bu halda aliment ödəyən şəxs təkrar ailə qurandan sonra onun maddi yükü çoxalır. Ona görə də hesab edirəm ki, aliment ödənilməməsinin əsas səbəblərindən biri işsizlik və əldə olunan gəlirlərlə bağlıdır.

İkinci səbəb şəxsin qanuna və yaxud da dövlət adından çıxarılmış məhkəmə qərarlarına hörmətsizliyidir. Üçüncu səbəb kimi isə son vaxtlar icra şöbələrində alimentlə bağlı icraya yönləndirilən qərarların həddindən çox olmasını göstərmək olar. Belə ki, bir icra məmurunun icrasında kifayət qədər alimentlə bağlı icra işi olarsa, icraya nəzarət etməkdə çətinlik yaranır. Eyni zamanda şəxsin aliment ödəmək istəməməsi və bundan boyun qaçırması da aliment ödənilməsində çətinlik faktını ortaya qoyur.

- Aliment ödənilməməsi ilə bağlı məhkəmə qərarını icra etməmək hansı məsuliyyət yaradır?
-Aliment ödənilməməsi ilə bağlı məhkəmə qərarını icra etməmək inzibati məsuliyyət yaradır. Belə ki, Azərbaycan Respublikasının İnzibati  Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən şəxsin barəsində məhkəmə qərarını icra etməməklə bağlı fiziki şəxslər 500 manatdan 1000 manata qədər cərimə olunur. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aya qədər inzibati həbs cəzası da tətbiq oluna bilər. Eyni zamanda bu hallarda vəzifəli şəxslər 1200 manatdan  2500 manata, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğində cərimə edilir. Təbii ki bu dediyim hissənin hüquqi şəxslərə adiyyatı yoxdur. Eyni zamanda əgər şəxs barəsində inzibati məsuliyyət yaradan fakt əsasında inzibati protokol tətbiq olunduqdan sonra, yaxud inzibati  həbs tətbiq olunduqdan sonra da məhkəmənin qərarını icra etmirsə və ya bu fakt bir necə dəfə təkrar olunursa, şəxs cinayət məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  306.1-ci maddəsi məhkəmə qətnaməsini qərəzli formada icra etməməklə bağlı məsuliyyəti tənzimləyir.  Bu halda həmin şəxs barəsində cinayət işi açıla bilər. Bu halda məsuliyyət kifayət qədər ağırdır və 3 ilə qədər azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur.

- Aliment ödəyəcək şəxs işsizdirsə, əmlakı yoxdursa bu onu məsuliyyətdən azad edirmi?
- Əgər şəxs barəsində məhkəmə qərarı çıxarılıbsa, aliment ödəyəcək şəxs işsizdirsə və yaxud əmlakı yoxdursa, bu alimentin ödənilməsi ilə bağlı güzəşt yaratmır. Çünki hər hansı bir səbəb alimentlə bağlı məhkəmə  qərarını icra etməməyin  yaratdığı məsuliyyətdən şəxsi azad etmir. Alimentin ödənilməsi birbaşa uşağın  mənafeyi ilə bağlıdır. Buna görə də şəxsin işsiz olması və ya əmlakının olmaması şəxsin məsuliyyətdən azad edilməsinə əsas ola bilməz.

- Aliment ödəməli olan şəxsin əlilliyi varsa və müavinət alırsa, yaxud onun himayəsində başqa şəxslər  varsa, aldığı  müavinətin və ya əmək haqqının hansı hıssəsı aliment borcuna görə tutula bilər?
- Ümumiyyətlə, əgər şəxsin əlilliyi varsa, alimentlə bağlı məhkəmə qərarının icrası şəxsin aldığı əmək haqqının 70  faizi məbləğində müəyyən edilir. Əgər aliment ödəyən şəxsin himayəsində uşaqlar varsa və yaxud digər şəxslə ailə qurubsa və həmin nikahdan da övladları doğulubsa, o halda həmin aliment məbləği azaldıla bilər. Yəni aliment borcuna görə, şəxsin gəlirinin  70 faizi tutulursa, onun ailə vəziyyətindən asılı olaraq  məbləği 50 faizədək azaltmaq olar. Bu isə icra məmurunun səlahiyyətindədir. O həmin şəxsin şəxsiyyətini, himayəsində olan şəxslərin sayını da nəzərə almaqla şəxsin barəsində tutulan aliment məbləğini 70 faizədək müəyyən edir.

- Alimenti ödəməmək şəxsi valideyinlik hüququndan məhrum etmək üçün əsas ola bilərmi?
-  Bəli. Valideynlik hüquqlarından məhrumetmə Ailə Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənir. Şəxs öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə,  uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə və uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideyn hüququndan məhrum edilə bilər.

Amma təcrübədə alimentin qəsdən ödənilməməsi ilə bağlı valideyinlik hüququndan məhrumetmə halları çox azdır. Aliment ödənilməməsinə görə, valideyn hüququndan məhrumetmə halları təcrübədə 1 faizdən çox deyil.
Təcrübədə məhkəmə hakimləri şəxsin valideyinlik hüququndan məhrumetmə ilə bağlı qərarlar çıxarmağa meyilli deyillər. Çünki hesab edirlər ki şəxsin valideyinlik hüququndan məhrum edilməsi sosial problemlər də yarada bilər. Bir sözlə, aliment  ödənilməməsinə görə valideynlik hüququndan məhrumetmə qanunvericilikdə olsa da, təcrübədə çox az tətbiq olunur.

- Məhkəmə qərarlarını icra etməyən şəxslərin tapılmaması ilə  bağlı bəzən polis orqanları da hədəfə alınır. Sizcə, bu məsələdə polisin rolu nə qədərdir?
- Əgər şəxsin alimenti ödəməməsi, eyni zamanda İcra Şöbəsinə könüllü şəkildə gəlməməsi halı müəyyən edilirsə, onun barəsində axtarış elan edilir. Axtarışın icra olunması üçün qərar aidiyyəti rayon polis orqanına göndərilir. Polis orqanı həmin şəxsin tapılması üçün bəzən kifayət qədər iş aparmır. Amma şəxsin tapılıb icra şöbəsinə gətirilməsi, ümumiyyətlə şəxsin tapılması ilə bağlı kifayət qədər problemlər var.  Bəzən şəxs barəsində axtarış verilir, amma şəxsi aylar keçsə də, tapıb icra şöbəsinə gətirə bilmirlər. Hesab edirəm ki, bu halda polisin üzərinə böyuk yük düşür. İnanırıq ki, yaxın gələcəkdə polisin üzərinə düşən öhdəliyin vaxtında və düzgün icra edilməsi mümkün olacaqdır.

- Aliment ödənilməməsi uşaqların sağlam yaşaması, təhsil alması kimi əsas konstitusion hüquqlarının pozulması ilə nəticələnir.Bu problemin həlli ilə bağlı dünyada hansı model daha effektivdir və Azərbaycanda hansı addımlar atılmalıdır?
- Bəli, tamamilə, doğrudur.  İlk növbədə uşağın alimentinin ödənilməməsi, yəni valideyinlərdən birinin uşağın alimentini ödəməməsi onun üçün problem yaradır. Aliment ala bilməyən valideynin  maddi durumunun pis olması uşağın təhsil hüququnun pozulmasına səbəb ola bilər. Uşaqların məktəbəqədər hazırlığı, orta təhsil və universitet öncəsi hazırlıqları aliment ala bilməyən ailə üçün daha da  çətinlik yarada bilər.

Dünyadakı uğurlu modellərə gəldikdə biz Türkiyə modelinə istinad edə bilərik. Türkiyədə şəxsin məhkəmə qətnaməsini icra etməməsi ilə bağlı, həmçinin sırf alimentlə bağlı ayrıca icra qurumları var. Yəni həmin icra qurumları alimentin ödənilməməsi ilə bağlı işlər aparır. Hesab edirəm ki bu kifayət qədər  yaxşı modeldir. Çünki bizdə bayaq dediyim kimi bir icra məmurunun icratında təxminən 2500-3000 iş olur. Bunun da təxminən 400-500-ü alimentlə bağlı məhkəmə qərarlarıdır. Bir icra məmurunun icratında bu qədər iş olarsa, təbii ki alimentin ödənilməməsi ilə bağlı problemlər yaşanacaq. Hesab edək ki, aliment hər ay ödənilməli və icra məmuru hər ay  buna nəzarət etməlidir. Təbii ki icra məmurunun bu qədər iş yükünün öhdəsindən gəlməsi kifayət qədər çətindir.

Eyni zamanda bizdə təxminən 2 il qabaq Aliment Fondu yaradılması aktual idi. Amma hal-hazırda belə bir aktuallıq hiss olunmur. Amma Aliment Fondunun yaradılması kifayət qədər yaxşı bir təşəbbüs idi. Hazırda bu istiqamətdə işlərin zəif aparılması Aliment Fondunun  yaradılmasının təxirə salınması təsəvvürü yaradır. Düşünürəm ki, aliment ödənilməsində çətinlik çəkən şəxslərin  seçilməsi, onların kataqoriyasının müəyyən olunması kifayət qədər vaxt alan bir prosedurdur.   Amma Aliment Fondu yaradılsa, alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarının icra edilməsinə kifayət qədər müsbət təsir göstərə bilər.

Emin Nəbili

Bu yazı Şəffalıq Naminə Vətəndaş Cəmiyyəti  (ECSOFT) layihəsi çərçivəsində hazırlanıb.  ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD)   və  Beynəlxalq Ailə Sağlamlığı (FHİ360) Təşkilatı tərəfindən dəstəklənən ECSOFT layihəsinin inkişaf məqsədlərindən biri vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Azərbaycan hökumətinin vətəndaş maraqlarının təşviqində əsas rol oynamasına  töhfə verməkdir.

 

 

Xəbər xətti