Ana səhifə
15 Noyabr 2018

"Ehsan verilməsinə görə rüşvət alınması ləyaqətsizlikdir"

Fazil Mustafa: «İnsanların ağır günündən istifadə edib pul qazanmaqdan böyük  günah yoxdur»

Elşad Miri: «İsrafçılığın qarşısının alınması üçün görülən tədbirlərin rüşvətə, korrupsiyaya yol açmasına şərait yaradılmamalıdır»

Bəli, gözlənilənlər özünü doğruldur. Yalnış olsa da belə, xalqın yüz illərlə davam edən ənənəsinə bir tapşırıqla son vermək istəyi bununla nəticələnməli idi. Əvvəlcədən də ekspertlər vurğulayırdı ki, inzibati qadağalar çox vaxt süi-istifadə hallarına yol açacaq. Artıq ilk məlumatlar yayılıb ki, yerlərdə ehsan süfrələrinin verilməsi üçün insanlardan səlahiyyətli şəxslər tərəfindən rüşvət alınır. Mətbuata açıqlama verən millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycanda bəzi dövlət qurumlarının nümayəndələri yas mərasimlərinə gedərək rüşvət alıb ehsan süfrəsinin açılmasına göz yumurlar: «Mənə bu günlərdə belə bir məlumat verilib ki, dövlət qurumlarından birinin səlahiyyətliləri ehsan süfrəsinin açıldığı yas mərasimlərindən birinə gedərək rüşvət alıblar. Məlumata görə, onlara ehsan süfrəsinin verilməsinə şərait yaratdıqlarına görə 200 manat məbləğində rüşvət verilib. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasında çadır mafiyasının rolu böyükdür. Onlar bu kampaniyanın dayandırılması üçün əməlli-başlı mübarizə aparırlar».  

Daha bir fakt Sumqayıtda qeydə alınıb. Jam.az saytının məlumatına görə, Sumqayıt şəhər icra başçısının müavinlərindən biri ehsan verilməsinə icazə qarşılığında 600 manat tələb edib. Xəbərdə qeyd olunur ki, yas məclisi sahibləri ilə bu mövzuda vasitəçiliyi MİS rəisləri edir. Onlar yas sahibinə müraciət edərək ehsan süfrəsini təşkil etmək üçün yalnız icra başçısının bu sahəyə baxan müavini ilə danışmaq lazım olduğunu və 600 manat qarşılığında ehsan verilməsinə razılıq verilə biləcəyini bildirirlər. Rüşvət verənlər ehsan süfrəsi açıb köhnə qayda ilə məclis təşkil edə bilirlər».

 

 

                                      Fazil Mustafa

 

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyir ki, kimlərsə bu məsələdən istifadə edib pul qazanmağı istəyirsə, bu biabrçılıqdır: «İnsanların ağır günündən istifadə edib pul qazanmaqdan böyük ləyaqətsizlik, günah yoxdur. Amma bu həm də bir ibratamiz addımdır ki, Azərbaycan cəmiyyətində bəzi insanların səviyyəsi ortaya çıxır. İnsanlar həm də normal qaydada rüşvət verməyərək öz tədbirlərini keçirə bilərlər. Deyirlər ehsan yoxdur, bu islamda yoxdur. Heç kim deyə bilməz ki, İslam dinində ehsan verilməsi ilə bağlı nəsə var. Bu yalnış bir ənənədir. İnsanlara əziyyət verən bu yalnış ənənəni də ortadan qaldırmaq lazımdır. Amma buna müqavimət göstərənlər də olacaq. Çünki insanların ölüsündən, ağır günündən istifadə etmək istəyənlər var. Onların varlanması üçün də cahil insanlar hər vasitədən istifadə edirlər. Kim qinayacaq onları? Axı, kredit götürüb ehsan vermək də doğru deyil axı. Rüşvət məsələsi ilə məlumatı mən də almışam. Ona görə də bunu ictimailəşdirdim ki, əlaqədar orqanlar tədbirlər görsünlər».

                                                                 Ələsgər Məmmədli

 

 

Hüquqşünas Ələsgər Məmmədli isə o qənaətdədir ki, inzibati yollarla bu məsələnin tənzimlənməsi doğru yol deyil: «İstənilən bir şəxs ölmədən öncə öz əmlakından öldüyündə ona ehsan verilməsini vəsiyyət edə bilər. Belə olan halda vəsiyyət icra edilməyəcəkmi? Digər tərəfdən şəxsin əmlakını məhkəmə qərarı olmadan MİS işçiləri tərəfindən müsadirə etmək hansı qanunda nəzərdə tutulub? Ayrıca dövlətin tənzimləyəcəyi məsələ, qəbir yerlərinin yüksək pulla satılmasının qarşısının alınması, qəbir daşları əvəzinə sərdabələrin tikilməsi ola bilər. Bu da yenə bir qanuni əsasla ola bilər. Yoxsa, icra başçısının göstərişi ilə şəxsin əmlakını müsadirə etdirilməsi çıxış yolu deyil. Bundan istifadə edən bəzi işbazlar yaranmış şəraitdən öz maraqlarına uyğun istifadə edəcəklər. Digər tərəfdən qadağalarla, inzibati metodlarla toplumda adət- ənənə formalaşdırmaq olmaz. Toplum özü bunları tənzimləməlidir. İsrafın önlənməsi kiminsə öz atasına yas verməsini qarağan etməklə olmur, bu maarifləndirmə ilə, örnək olmaqla olur. İlk olaraq icra başçıları, rəhbər işçilər, din xadimləri öz mərasimlərində nümunə olub, bunu təbliğ etsələr, israfı önləyərlər».

 

 

 

                                          Elşad Miri

 

 

İlahiyyatçı Elşad Miri deyir ki, təkcə inzibati yollarla bu problemin həlli mümkün deyildi: «İlk növbədə maarifləndirmə xarakterli tədbirlər həyata keçirilməli idi. Respublikada sözü eşidilən, hamı tərəfindən hörmət edilən şəxslər özləri nümunə göstərməlidir. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin tabeçiliyində olan Təzə Pir məscidində VİP yas məclislərinin olması kimə nümunə ola bilər. Buna görə də məsələ ilə bağlı ciddi maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Yalnız bu yolla vətəndaşları yas mərasimlərində israfçılıqdan qurtarmaq olardı».

E.Mirinin sözlərinə görə, yas mərasimlərinin təşkili ilə məşğul olan böyük bir biznes şəbəkəsinin formalaşdığını da nəzərdən qaçırmaq olmaz: «Həmin şəbəkə insanların yaxınlarını itirən zaman düşdükləri emosional durumdan peşəkarlıqla istifadə edib varlanırlar. Mən buna sui-istifadə deyərdim. Bu qüvvələr məscidləri yalnız ölüm hadisəsi olan zaman müraciət edilən yerlərə çeviriblər. Məscidlərin qarşısında yas mərasimləri üçün kirayə çadırlar təklif edən məntəqələr açılıb. Əksər məscidlərin qarşısında ölüləri aparmaq üçün növbə gözləyən yas maşınları dayanır. Sanki məscid ibadət edilən yer yox, yas mərasimlərinin təşkili üçün tikilən bir məntəqədir. Öncə bütün bunları yığışdırmaq lazım idı. Məscidləri gənclərin, hətta uşaqların istifadə etdiyi, ibadətlə məşğul olduğu, kitablarını oxuduğu, istirahət etdikləri yerlərə çevirməliyik. Təəssüf ki, bu gün məscidlər ancaq yaşlı insanların yığışıb müştəri gözlədikləri məkana çevrilib».

Elşad Miri hesab edir ki, qəbirüstü abidələrin qurulması ilə bağlı da vahid bir mexanizm düşünmək lazımdır: «Azərbaycan xalqının qədim adət-ənənələrində indiki formada dəbdəbəli qəbirüstü abidələrə heç vaxt rast gəlinməyib. Bu gün də qədim qəbirlərə baxsaq, sadəcə, torpağın bir qədər hündür yığılı və oraya qoyulan daş üzərində mərhumun ad və soyadının yazılmasına rast gələrik. Lakin son dövrlərdə insanlar özlərini başqalarına nümayiş etdirmək üçün sanki bir-biri ilə yarışa giriblər. Nə ölüyə, nə də ölü sahiblərinə heç bir xeyri olmayan, dəyəri 10 minlərlə manat vəsait tələb edən qəbirüstü abidələr qurulub. Bu halların da qarşısının alınması üçün maarifləndirmə xarakterli tədbirlər görülməlidir».

Elşad Mirinin qənaətinə görə, yas mərasimləri keçirilərkən digər insanların narahatlığına səbəb olmaq düzgün deyil: «Məhəmməd Peyğəmbər sağlığında üç övladını, xanımlarını və qohum-əqrəbasını itirib. Amma islam dininin yaradıcısı olan bu insan onların heç birinə bu gün bizdə verilən kimi yas verməyib. 23 il peyğəmbərlik edən bu şəxs yaxınlarının heç birinə üç, yeddi, cümə axşamı, qırx, il verməyib. Ona görə də açıq şəkildə demək lazımdır ki, bu gün keçirilən yas mərasimlərinin dinə heç bir aidiyyatı yoxdur. Təmtəraqlı yas mərasimlərinin islam dini ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, islamda yas mərasimi anlayışı yoxdur. Əgər bir müsəlman vəfat edərsə əsas vəzifə onun yuyulub kəfənlənməsi və dəfn olunmasından ibarətdir. Bundan sonrakı mərasimlərin islam dininə heç bir aidiyyəti yoxdur. Bunlar ənənə olaraq formalaşdırılıb. Artıq bəzi yerlərdə inzibati müdaxilələrdən sonra 3 və 7 mərasimləri birləşdirilib. Deməli, bu adətlər dəyişilə bilər. Əslində insanlar yas düşən həyətə başsağlığı verməyə gəlib dərdə şərik olub getməlidirlər. İslam məhz bunu buyurur».

E.Miri deyir ki, indiki halda məsələni yalnız ictimailəşdirmək lazımdır: «Sonrakı mərhələdə isə bu hallara yol verənlərlə bağlı müvafiq hüquqi tədbirlər görülməlidir. İndiki halda bunun adı nə oldu? İsrafçılığın qarşısını almaqmı, ya əlavə rüşvət alınmasına şərait yaratmaqmı? İsrafçılığın qarşısının alınması üçün görülən tədbirlərin rüşvətə, korrupsiyaya yol açmasına şərait yaradılmamalıdır».

 

 

Xalid

Tarix
17 Oktyabr 2014 [15:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin