Ana səhifə
16 Noyabr 2018

Uşaqlıq illərinin həsrətinə çevrilən Novruz bayramı...

Aşıq Zülfiyyə: “Novruz bayramı məni uşaqlıq illərimə aparırır”

 

Nəzakət Teymurova: «İndi bayramın adı var, özü yoxdur»

 

Martın 20-21-də Novruz bayramını qeyd edirik. Novruz bayramı rayonlarda və şəhərdə fərqli qarşılanır. Rayonlarda daha yaxşı keçirildiyini bildirən tanınmışlar uşaqlıq illərindən bayramı necə qarşıladıqlarından və adət-ənənələrimizdən danışdılar. Xalq artisti Fatma Mahmudova “Üç nöqtə”yə bildirdi ki, Qarabağda Novruz bayramından çox “İlaxır çərşənbə”ni yaxşı qeyd ediblər: “Uşaq vaxtı “İlaxır çərşənbə”ni xüsusi maraqla gözləyirdik, tonqaldan atlanırdıq, yumurta boyayırdıq. 20 ildir tonqaldan atlanmıram və bu il həsrətimə son qoyaraq tonqaldan atlandım. Ümumiyyətlə, Novruz bayramından çox “İlaxır çərşənbə”ni xüsusi qeyd etmək, lobyalı aş dəmləmək lazımdır. Həmin gün qırmızı lobyanın suyu axmalı və su təmiz ağacın dibinə tökülməli idi. O vaxt rayonda daha yaxşı qeyd edilirdi. Amma indi o adət-ənənələr yavaş-yavaş sıradan çıxır. Adətlərimizin yaddan çıxmasını istəmirəm. Qorğa qovururam. Bu il səhhətimdəki problemlərə baxmayaraq özümü ələ aldım və qorğa hazırladım. Bayram günü süfrədə qorğa, səməni, rəngli yumurtalar, qoz-fındıq, şəkərbura-paxlava mütləq olmalıdır. Çünki onlar bərəkət rəmzidir. Eşitdiyimə görə, yeməklərdən süfrədə toyuq olmamalıdır, balıq olmalı və ağzına da üzük qoyulmalıdır. Bayram abu-havası insanlar arasında var. Bazarda qoz-fındıq qalmayıb, sonra da deyirlər pulumuz yoxdur. Allah hamının süfrəsini bol eləsin. Adət-ənənələrimizi saxlamalı və bayramı yaxşı qarşılamalıyıq. Xalqımızın Novruz bayramını təbrik edirəm və Allaha şükr edirəm ki, bu bayrama da övlaladlarımızla, nəvələrimizlə sağ-salamat çıxa bilmişik”.

Aşıq Zülfiyyə dedi ki, Novruz bayramı yaxınlaşanda ən çox uşaqlıq illəri yadına düşür: “Mən Tovuz rayonunda böyümüəşəm və orada bayramı çox maraqlı keçirirdik. Novruz bayramı məni uşaqlıq illərimə aparırır. Tovuzda yumurta döyüşdürür, lopa düzəldib atırdıq. Hər insan evinin önündə tonqal yandırar və öz  tonqalının böyüklüyü ilə sevinərdi. Hətta bir dəfə atama dedim ki, ot tayamızı yandıraq və bizim tonqalımız digərlərinin tonqalından böyük olsun. Atam başa saldı ki, ay qızım, o zaman mal-qara ac qalar. Uşqalıq illərimdən bu kimi dəcəlliyimiz yadıma düşür, istər-istəməz o illərə qayıdıram. Novruz bayramında hər insan sevinir, amma uşaqlıq illərinə qayıdanda bir az da kövrəlirsən”.

Aşıq Zülfiyyə onu da dedi ki, hər il Novruz bayramını xarici ölkələrdə keçirib, amma indi bayramı ailəsi ilə birlikdə Bakıda qeyd edəcək: “Bayramı ailəmizlə, qudamızla birgə Bakıda keçirəcəyik. Çünki evimizə təzə gəlin gəlib. 5 aydan sonra nəvəm dünyaya gələcək və gələn il də evimizdə bir insanın sayı artacaq, Allahın köməyi ilə. Novruz bayramı münasibətilə xalqımızı təbrik edirəm. Bayram bütün evlərə sevinc, bərəkət, ürəklərə məhəbbət gətirsin. Küsülü insanlar barışsınlar. Hər insan düşünməldir ki, beş günlük dünyadır və yaxşlıq etməyi bacarmıramsa, heç kimə pislik də etməyim. Bütün oğlanlarımız, qızlarımız gözəl ailə həyatı qursunlar. Onu da deyim ki, Novruz bayramı əvvəlki kimi canfşanlıqla qeyd edilmir. Keçən  il Qazaxıstandan qonaqlarımız gəlmişdi və biz şəhərə çıxmışdıq. Onlar da dedilər ki, biz belə gözləmirdik. Əvvəllər hər tərəfdən musiqi səsləri gəlirdi”.

Əməkdar artist Naibə Allahverdiyeva vurğuladı ki, Novruz bayramı əvvəllər daha yaxşı qarşlanırdı: “Uşaq vaxtı papaq atırdıq, tonqaldan atlanırdıq, “Gəlin-gəlin” oynayırdıq. Bayram o illərdə çox maraqlı keçirdi. Bu gün bayramı evimdə ailəmlə keçirəcəm. Amma onu deyim ki, əvvəlki kimi bayrama hazırlaşmaq görmürəm, o zaman tamam başqa cür qeyd edilirdi. Bayramda canfəşanlıq hiss edilirdi. Qonşular bir yerdə şəkərbura, paxalava bişirir, qohum-əqraba qonaq gedirdi. İndi hər kəs bayramı öz evində keçirir və qonaq getmirlər. Bayram  insaların bir-birinə daha da yaxınlaşması, mehribanlaşması, yeni ili birlikdə qarşılaması üçündür. İndii bayram mənə əvvəlki qədər maraqlı gəlmir. Amma adət-ənənəmizi yaşatmalıyıq.

Bayram münasibətilə hər kəsi təbrik edirəm. Biz hər zaman bir-birimizə ruzi-bərəkət arzulayırıq, amma mən insanlara bir-birilərini sevmələrini, mehriban  olmalarını arzu edirəm. Çünki mehribançılıq olan yerdə ruzi-bərəkət də olur. Bayram münasibəti ilı Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm və cansağlığı arzu edirəm”.

Xalq artisti Nəzakət Teymurova hazırda insanlar arasında bayram abu-havasını görmədiyini dilə gətirdi: “Uşaqlıq illərim Qarabağda keçib, orada bir təmizlik, gözəllik vardı. Bayramı çox sevinclə qarşılayırdıq, amma şəhərdə onları görmürəm. Biz orta məktəbdə oxuyanda  bu ərəfədə novruzgülü və bönövşə yığıb, ailəmizə, müəllimlərimizə hədiyyə edirdik. Evlərimizi təmizləyirdik, şəkərbura, paxlava bişirirdik. Qonşu-qonşuya  hazırladığı şirniyyatlardan və yeməklərdən göndərirdi. Hamının evində hər şey vardı, amma hamı bir-biri ilə bayramlaşırdı. İndi hamı öz evində tək keçirir. Bayramın adı var, özü yoxdur. Uşaqlıq illərimdə gördüklərimi hazırda görmürəm. Ənənlərimizi saxlayırıq, amma əmməl etmirik. Hazırda şükür Allaha, evdə də hər şey cür şirniyyat olur, amma əvvəlki kimi bayram sevinci yoxdur. Belə demək mümkündürsə, uşaqlıq illərimin dadı damağımda qalıb. Qarabağda daha çox “İlaxır çərşənbə”ni qeyd edirdik. Mart ayı başlayandan qorğa bişirib yumurtalar boyayardıq. Çərşənbə günü tonqalda atlanardıq və papaq atırdıq. Bayram münasibətilə hamını təbrik edirəm və arzu edirəm ki, işğal altında olan torpaqlarımız azad olsun və bayramı Qarabağda  keçirək”.

 

 

Rəqsanə

Tarix
19 Mart 2015 [18:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin