Ana səhifə
22 Fevral 2018

“Kişi voleybolu izləyici kimi mənə maraqlı deyil”

Ceyran Əliyeva: “Uduzanda məşqçi bizi 1 saat qaçmaqla cəzalandırıb”

 

Azərbaycanda inkişaf edən idman növlərindən biri də qadın voleyboludur. Voleybolçu qızlarımız bir çox yarışlarda qalib gələrək ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanı dünyanın bir çox ölkələrində keçirilən yarışlarda təmsil edən voleybolçulardan biri də milli yığma komandanın üzvü Ceyran Əliyevadır. Hələ uşaq yaşlarından voleybola marağı olan C.Əliyeva ilə idmana marağı, bu günə qədər keçdiyi yol, hazırkı işləri və s. mövzularda söhbət apardıq. Həmin söhbətdən alınan müsahibəni sizlərə təqdim edirik.

 

 - Qadın voleybolu bu gün izləyici üçün maraqlıdır. Sizin bu idman növünü seçməyinizə nə səbəb oldu?

 

- Uşaqlıqdan voleybola marağım olub. Yay aylarında həmişə atamla həyətdə voleybol oynayırdıq. Valideynlərim bu marağımı görüb məni 116 nömrəli məktəbdə voleybola yazdırdılar. Bu işə hobbi kimi yanaşırdım və professional məşğul olacağımı düşünmürdüm. İllər keçdikcə gördüm ki, bu məndə daha da yaxşı alınır. İki il orada məşq edəndən sonra, 171 saylı məktəbdə voleybola yazıldım. Tatyana Semyonovna müəllimim oldu. İki il də orada məşq etdikdən sonra Azərbaycan Voleybol Federasiyası məni dəvət etdi. Orda Feliks Məmmədov, Alla Həsənova, Nina Georgiyevna kimi məşqçilərim olub. Artıq iki ildir milli yığma komandadayam. Həm də «Azəryol» klubunda oynayıram.

 

- 12 yaşınızdan voleybolla məşğul olmusunuz. Voleybol kimi çətin idman növü ilə məşğul olmaq sizə çətin olmurdu?

 

 - Marağım olan bir iş olduğu üçün mənə ilk dövrlərdə o qədər də çətin gəlmirdi. Onunla professional məşğul olduqca çətinliklər də artmağa başladı. Amma ilk vaxtlar çox çətinliyim olmayıb. - Sizcə voleybolu izləmək yaxşıdı, yoxsa oynamaq? - Oynamaq daha yaxşıdır. Çünki həyəcan, qalib gəlmək hissi daha güclü olur. İzləyici olaraq baxanda heç nəyi dəyişmək olmur. - Fərdi idman növləri elədir ki, hər kəs qalibiyyəti özü həll etməlidir. Bəs voleybolda qələbə kimdən asılıdır?. İlk növbədə kollektivdən.

 Fərdi idman növlərində qələbə bir nəfərdən asılı olsa da, voleybolda komandanın hər bir üzvünün rolu böyükdür. Burada bir ya iki nəfər söhbəti yoxdur. Udanda da, uduzanda da komandanın adına yazılır.

 

- Komanda yoldaşınızın səhvinə görə uduzanda nə hiss edirsiniz?

 - Onu pisləmək, yaxud da sənə görə uduzduq kimi ifadələr işlətmək olmaz. Çünki növbəti oyunlarda səhvləri , biz də edə bilərik.

 

 - Komanda məğlub olanda düşünmüsən ki, fərdi oynasaydım qalib gələrdim?

 

 - Çox vaxt elə düşünmüşəm. Fərdi idman növlərində oynayanlara həsəd aparıram. Çünki fərdi idman növündə nəticə idmançının ancaq özündən asılıdır. Komanda elədir ki, hamı bir-birindən asılıdır.

 

- Hər hansı səhvinizə görə məşqçilərin sərt metodları olubmu?

 - Bəli, olub (gülür). Bəlkə də bir çoxlarına gülməli gələcək. Amma bir çox oyunlarda uduzanda məşqçi bizi 1 saat qaçmaqla cəzalandırıb. Yaxud pul baxımından cərimələr olub.

 

- Bu sərt metodlar öz təsirini göstərirmi?

 

 - Əslində düşünürəm ki, o metodlar heç nəyi dəyişmir. Çünki heç bir oyunçu uduzmaq istəmir. Hər kəs uda da bilər, uduza da.

 

- Hazırda Azərbaycan voleybolun vəziyyəti necədi?

 

 - Son illərdə ölkəmizdə voleybol hər baxımdan yüksək inkişaf edir. Heç bir ölkədə Azərbaycandakı qədər voleybol yüksək inkişaf etməyib. Əvvəllər ancaq «Azərreyl» var idi. Son illərdə artıq 6 komanda var.

 

- Kişi voleybolu ölkəmizdə inkişaf etmir. Sizcə kişilərin bu sahəyə marağı yoxdu?

 

- Yavaş-yavaş kişilərdən ibarət klublar yaradılır. Həm də qadınlar daha aktivdilər. Amma məncə qadın voleybolu daha da maraqlı olur. Kişi voleybolu izləyici kimi mənə maraqlı deyil. Qadın oyunlarında isə maraqlı mübarizə olur və bu kənardan diqqəti cəlb edə bilir.

 

 - Yarışa getməmişdən öncə özünüzü qalib hiss etdiyiniz vaxtlar olubmu?

 

 - Bəli, elə komandalar olub ki, yarışa başlamamışdan qalib gələcəyimizi bilirdik və nəticə də gözlənilən olurdu.

 

 

 

- Digər idman növlərindən daha çox hansına maraq göstərirsiniz?

- Hərdən futbol izləyirəm.

 

 - Ali təhsiliniz var?

 

 - Bəli. Texniki Universitetdə Radiotexnika və Rabitə fakültəsində 3-cü kurs tələbəsiyəm.

 

- İdmançıların gündəlik rejimi çətin olur. Bəs voleybolçu xanım ailə qurduqdan sonra işini davam etdirə bilərmi?

 

 - Əgər xanım ailə qurduqdan sonra idmanı davam etdirmək istəyirsə, bu çox çətin bir işdi. Çünki gündə iki dəfə məşq olur. Vaxt çox gedir. Uşaq olduqdan sonra isə iş daha çox olacaq. Vaxt problemi yaranacaq. Ya gərək idmanı atsın, ya da sənə dəstək olan, reallığı olduğu kimi qəbul edən ideal həyat yoldaşı olmalıdır.

 

 - Azərbaycanda bu gün öndə olan voleybolçulardan kimlərin adlarını çəkə bilərsiniz?

 

- Valeriya Karatenko, vaxtilə Alla Həsənova, Yelenya Şabobtanın adını çəkə bilərəm. Bu oyunçular Azərbaycan voleybolunun tarixində böyük rol oynayıblar.

 

 - Avropa Oyunlarına hazırlıq necə gedir?

 

-Bizdə hələ ki klub məşqləridir. Milli komandada elə oyunçuları var ki, xarici ölkə klublarında oynayırlar. Hardasa aprelin sonlarından sonra millinin məşqləri başlayacaq. İnşallah daha yaxşı hazırlaşıb, ölkəmizi layiqincə təmsil edərik.

 

Aygün Asimqızı

Tarix
19 Mart 2015 [13:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ