Ana səhifə
18 Noyabr 2018

Pulun baş qəhrəman olduğu film kinoteatrlarda nümayiş olunacaq

Arif Quliyev: “Filmdə oynadığım obraz qanmaz, heç nə anlamayan, yalnız öz bildiyini edən bir insandır”

 

Azər Axşam: “Bu gün çoxlu sayda filmlər çəkilir, amma ssenari baxımından zəifdir”

 

 

Ötən gün “28 Cinema”da "100 kağız" filminə aid mətbuat konfransı keçirilib.

Filmin rejissoru Şahin Zəkizadə, 2-ci rejissoru Pərviz Həsənov, icraçı prodüsser Aqil Adiloğlu, ssenari müəllifi Fərid Rzayevdir. Komediya janrında çəkilən filmdə xalq artistləri Arif Quliyev, Valeh Kərimov, əməkdar artistlər Dilarə Əliyeva, Naibə Allahverdiyeva, aktyorlar Bəhram Bağırzadə, Azər Axşam, Elnur Kərimov, müğənni Roza Zərgərli və bir çox tanınmış simalar iştirak edib.

Rejissor Şahin Zəkizadə ekran işini 14 ilə yazdığını və maraqlı süjet üzərində qurulduğunu bildirdi: “Filmin süjet xətti yüz manatlıq əksinas üzərində qurulub. Pul əldən-ələ keçərək sahibini dəyişir. Əskinasa sahib olan insanlar müxtəlif təbəqə və peşənin nümayəndələridir. Onların arasında yol polisi, falçı, molla və başqaları var. Film tragikomediya janrındadır».

Əməkdar artist Dilarə Əliyeva yeni rolunu bəyəndiyni və filmdə qaynanası ilə çəkildiyini bildiridi: “Sözün düzü, bu, mənim üçün tamamilə yeni bir obraz idi. Şahin Zəkizadəyə inanıb bu rolu canlandırdım. Çünki bilirdim ki, Şahin peşəkar rejissordur və öz işinin bilicisidir. İnanıram ki, tamaşaçılar məni bu rolda bəyənəcəklər».

Gənclərlə işləməkdən zövq aldığını deyən xalq artisti Arif Quliyev də çəkilişlərdən məmnun qaldığını qeyd edib: “Filmdə oynadığım obraz qanmaz, heç nə anlamayan, yalnız öz bildiyini edən bir insandır. Ömründə ona bir iş tapşırırlar, onu da yarıtmır. Canlandırdığım obrazın adı Sərfəlidir. Sərfəlinin yaxın qohumu rəhmətə gedir. Ailədə olan qəmgin situasiyanın içində o da başını itirir və rəhmətə getmiş adamın əvəzinə Hitlerin şəklini gətirir. Obraz insanların bir-birinə biganə qalmamasını, daha dəqiq, diqqətli olmasını çatdırmaq istəyir. Çünki insan düşünməlidir ki, bir gün o şəkilin yerinə özü də ola bilər. İnanıram ki, tamaşaşaçılar ailələri ilə birlikdə bu filmi çox maraqla izləməyə gələcəklər. Rol çox xoşuma gəldi və yəqin ki, tamaşaçıların da xoşuna gələcək. Bu film həm də ona görə maraqlı olacaq ki, burada seyrçi həm güləcək, həm də düşünəcək. Filmin uğuru da elə bundadır. Rol böyük və ya kiçik də ola bilər, amma ən önəmlisi aktyorun ürəyincə olmalıdır. Əgər oynadığın obraz aktyorun ürəyincədirsə, deməli, o obraz uğur qazanır. “100 kağız” filminin yaradıcı heyəti gənclərdən ibarətdir. Gənclik isə sabaha aydın baxış deməkdir”.

Xalq artisti onu da dedi ki, bu gün komediya filmlərin çəkilməsində inkişaf var: “Son vaxtlar komediya janrında bir çox filmlər çəkilir. Uğurlu olub-olmamasını tamaşaçılar deyə bilər”.

Aktyor Azər Axşam qeyd etdi ki, film mükəmməl ssenari əsasında lentə alınıb: “Aktyorlar üçün ssenarinin mükəmməl olması çox önəmlidir. Çünki bu gün çoxlu sayda filmlər çəkilir, amma ssenari baxımından zəifdir. Bəzən tamaşaçı gülür, amma düşünmür. Düşündürücü film üçün uğurlu ssenari olmalıdır. Bu film həm aktyor oyunu, həm rejissor işi, həm də uğurlu ssenariyə görə seviləcək. Bu gün tamaşaçını kinoteatrlara gətirmək üçün uğurlu filmlər lazımdır. Düşünürəm ki, “100 kağız” bu işin öhdəsindən gələcək”.

Müğənni Roza Zərgərli yeni filmdəki roluna görə Şahin Zəkizadəyə minnətdarlıq edib: “Düşünürəm ki, Şahinə çəkiliş zamanı əziyyət vermədim. Mənim də ixtisasca rejissor olmağım və bir neçə filmə çəkilməyim işimi asanlaşdırdı. Çünki bilirsiniz ki, bir neçə serialda çəkilmişəm. Bu isə komediya filmidir. Mənə elə gəlirdi ki, komik obrazın öhdəsindən gələ bilməyəcəm. Amma rejissor məni inandırdı və sevə-sevə çəkilməyə razı oldum. Bu filmə çəkilməkdə məqsədim dostlarıma dəstək olmaq idi. Filmə pulsuz çəkilmişəm və Merilin Monro obrazını canlandırmışam”.

Qeyd edək ki, “100 kağız” filmin premyerası aprelin 8-də, kinoteatrlarda nümayişi isə aprelin 9-da baş tutacaq.

 

 

Rəqsanə

Tarix
18 Mart 2015 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin