Ana səhifə
20 Sentyabr 2018

Yeni kimya kompleksinin yaradılması ekologi gərginliyi azaldır

Kompleks regionlarımızın və region dövlətlərinə kübrə ixracının həyata keçirilməsinə imkan verəcək

 

Regionların inkişafında yeni sənaye sahəsinin yaradılması istiqamətində görülən işlər davam edir. Əsas məqsədlərdən biri ekoloji tarazlığın qorunmasıdır. Sənaye parklar yaradılarkən bu nəzərə alınır. Xüsusilə kimya sənayesinin inkişaf etdirilməsində bu önəmlidir. Respublikanın başqa sənaye sahələri kimi, kimya sənayesi də əsasən ilkin emal məhsulları istehsalı üzrə ixtisaslaşıb. Kimya sənayesi xalq təsərrüfatının inkişafında mühüm rol oynasa da, ekoloji cəhətdən ziyanlı sahədir. Torpağa, suya və havaya atılan tullantılar bəzən böyük faciələrə gətirib çıxarır. Abşeronda ekoloji gərginlik son həddə çatıb və bu ekoloji gərginliyi zəiflətmək və tədricən aradan qaldırmaq üçün kimya sənayesi müəssisələrinin yeni texnoloji avadanlıqla təchizatı hesabına istehsalın səmərəliliyini artırmaq, ekoloji müvazinəti bərpa etmək və yaxşılaşdırmaq tələb olunur. Deməli, regionlarda yeni neft-kimya və kimya sənayesinin yaradılması ona görə zəruridir ki, istehsalatlarda əmələ gələn yan məhsullar və tullantılar, eləcə də, ekoloji tarazlığa zərbə vuran çoxsaylı müxtəlif sənaye tullantıları və bəzi maddələrin utilləşdirilməsi yalnız yeni yaradılacaq neft-kimya və kimya kompleksinin, əsasən qapalı və tullantısız texnoloji proseslərin qurulması ilə həyata keçirilə bilər. Bu da öz növbəsində həm iqtisadi, həm də ekoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Bütün dünyada ərzaq məhsullarına tələbatın artdığı bir zamanda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün azot gübrələri istehsalının təşkil edilməsinin mühüm əhəmiyyəti olacaq. Yeni kimya kompleksinin yaradılması nəinki ölkəmizin azot gübrələrinə olan tələbatını ödəyəcək, eləcə də, region dövlətlərinə kübrə ixracının həyata keçirilməsinə imkan verəcək. Çox yaxın gələcəkdə regionlarda yeni və daha müasir tələblərə cavab verən, ən qabaqcıl texnologiyanın tətbiq olunacağı, ekoloji və iqtisadi cəhətdən böyük üstünlüklərə malik neft-kimya kompleksinin istifadəyə verilməsi ilə ölkəmiz daha bir iqtisadi sıçrayışa nail olacaq, minlərlə yeni iş yerləri açılacaq, xalqımızın sosial-iqtisadi həyatında müsbət dəyişikliyə doğru yeni bir addım atılacaq, firavan yaşayış təmin ediləcək.

Bu gün ölkə iqtisadiyyatının inkişafında və ixrac potensialının artmasında mühüm rol oynayan “Azərkimya” Dövlət Şirkətində istehsalat sahələrinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və məhsulların keyfiyyətinin dünya standartlarına çatdırılması sahəsində aparılan məqsədyönlü tədbirlər onun sabahkı güclü və sürətli inkişafı üçün real zəmin yaradır. Azərbaycan Respublikası Prezidentinin neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalatda ən müasir texnologiyaların tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq “Azərkimya” Dövlət Şirkətinin Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində apardığı işlər bu gün dünyanın bir çox aparıcı neft-kimya şirkətlərinin diqqət mərkəzindədir. İnşasının yaxın dövrdə başlanılması nəzərdə tutulan yeni neft-kimya kompleksinin Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanaraq, başa çatdırılması istiqamətində son illər Şirkət rəhbərliyi tərəfindən real nəticələrə nail olunmaqla intensiv iş aparılır. Son illərdə yeni komplekslə bağlı müvafiq sənədlər bütün prosedur qaydalarına uyğun olaraq dünyanın ən qabaqcıl şirkətləri ilə birlikdə hazırlanıb və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilib.

Bu işlərin ilk mərhələsində “Technip” firması tərəfindən yalnız respublikamızın müxtəlif daxili xammal ehtiyatları bazası əsasında yeni neft-kimya kompleksinin prinsipial konsepsiyası hazırlanıb. 2-ci mərhələ “Nexant” firması tərəfindən yeni neft-kimya və gübrə kompleksləri üçün Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanması ilə bağlıdır. Bu mərhələdə maliyyə məsləhətçisinin iştirakı ilə “Societe Generale” bankı ilə və hüquq məsləhətçisinin iştirakçısı ilə “White & Case” firması ilə birgə layihənin mümkün olan maliyyə mənbələrinin analizi ilə kommersiya və korporativ strukturu üzərində iş aparılıb.

Xüsusilə qeyd etmək lazımdır ki, yeni yaradılacaq neft-kimya və gübrə kompleksi Aralıq dənizi ilə Xəzər regionu hövzəsində ən müasir və ən yüksək texnologiyalar tətbiq edilən dünya səviyyəli bir layihədir. Layihədə “Exxon Mobile” (ABŞ), “İneos” (İngiltərə), “Basell” (Hollandiya), “Uhde” (“Thysenn Krupp”-Almaniya), “Technip” (Fransa), KBR (İngiltərə) firmalarının müasir texnologiyalarının tətbiqi nəzərdə tutulub və əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu dünya səviyyəli transmilli firma və şirkətlər kimya və neft-kimya məhsullarının, xüsusilə də poliefirlər, gübrə və digər üzvi sintez məhsullarının istehsalı üzrə dünya liderləridirlər.

Heç şübhəsiz ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizdə neft-kimya sənayesinin də dinamik inkişafı üçün böyük perspektivlər açıb. Möhkəm özülə malik bu strategiya Prezident İlham Əliyevin xüsusi səyi və diqqəti nəticəsində Azərbaycan kimya sənayesinin yüksək templi inkişafının əsasını təşkil edir.

Qeyd edək ki, Sumqayıtla yanaşı Mingəçevir də bu sahədə aparıcı qüvvəyə çevrilir. Bu şəhərdə yeni sənaye müəssisələrin yaradılmasında Sumqayıtın kimya müəssiələri yaxından iştirak edir. Məsələn,  “Sumqayıt Kimya Sənaye Parkı” MMC Mingəçevirdə önəmli layihənin həyata keçirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 26  fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq, parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Mingəçevirdə sənaye parkının yaradılması iqtisadi cəhətdən fəal şəhər əhalisinin, o cümlədən şəhərdə məskunlaşan qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasında mühüm rol oynayacaq. Parkın ərazisində qeyri-neft sənaye sahələri, o cümlədən yüngül sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bununla bağlı keçirilən tədbirdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor vəzifəsinin icraçısı Nazim Talıbov dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsi, onun neftdən asılılığının minimuma endirilməsi üçün ən müasir texnologiyaların gətirilməsi və yüksək rəqabət qabiliyyətli məhsulların istehsalının mühüm vəzifə kimi qarşıya qoyulduğunu qeyd edib. Vurğulanıb ki, hazırda Azərbaycanda 3 sənaye və 2 yüksək texnologiyalar parkı yaradılıb. Bildirilib ki, bu gün sənaye parkları investisiya layihələri üçün regionda ən cəlbedici güzəştlər və stimullaşdırıcı tədbirlər portfelini təklif edir. Digər sənaye parklarında olduğu kimi, Mingəçevirdə yaradılan sənaye parkının rezidentləri də 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, həmçinin Sənaye Parkına idxal etdikləri avadanlıqlara görə, ƏDV-dən azad olunacaqlar. 14,8 hektar ərazidə yaradılan Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.

Tədbirdə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” barədə də məlumat verilib. Qeyd olunub ki, qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülüb. Proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və digər  mühüm istiqamətlər nəzərdə tutulub.

 

Tarix
18 Mart 2015 [13:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin