Ana səhifə
17 Oktyabr 2018

“Avropa ilə Azərbaycan elmini müqayisə etmək doğru olmaz”

Sübhan Talıblı: “Əmək haqqının azlığı və mənzillə təmin olunmamaları gənc alimlərin ən böyük problemləridir”

 

Elm sahəsinin inkişaf etdirilməsində elm adamlarının, xüsusilə gənc alimlərin böyük rolu var. Azərbaycanın elm sahəsinə öz töhfələrini verən gənc elm adamlarından biri şərqşünas, tarixçi Sübhan Talıblıdır. O 2002-ci ilin yanvar ayından 2015-ci ilin fervalına qədər Azərbaycan Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi böyük elmi işçi vəzifəsində çalışıb. Daha sonra isə AMEA Dünya Siyasəti İnstitutunda aparıcı elmi işçi vəzifəsinə təyin edilib. “Millətin gələcəyi elm və təhsillə bağlıdır. Nə qədər bazar iqtisadiyyatı desək də, Azərbaycan elmi dünya səviyyəsinə cavab verməsə də, alimin dəyərini bilməli, elm və təhsilə, eləcə də bu sahədə çalışanlara dəyər verməliyik. Gəlir gətirməsə belə, bu sahəni diqqətdə saxlamalıyıq” – deyən S.Talıblı ilə gördüyü işlər, planları, gənc alimlərin problemləri və. s haqda söhbət apardıq.

 

- Təhsil aldığınız ixtisasın və davam etdirdiyiniz elmi sahənizin ölkəmiz üçün aktuallığı bu gün nə dərəcədədir?

 

- Hazırda elmlər doktorluğu üzrə təhsil alıram. Mövzum “İran- Türkiyə: regional əməkdaşlıq və təhlükəsizlik problemlərinə” aiddir. Mövzunun məqsədi nədir? Zaman-zaman istər İran, istər Türkiyə tarixçiləri Azərbaycana bu və ya digər səpkidə münasibətlər bəsləyiblər. Məqsədimiz həmin ölkələrin rakurslarından Azərbaycanı öyrənmək, Azərbaycan şərqşünaslıq, siyasət elmi üçün o ölkələrdə baş verən ictimai siyasi prosesləri izləmək və elmi ədəbiyyatımıza yeni mənbələr gətirməkdir. Orada baş verən siyasi məsələlər, hər iki ölkənin region və xarici siyasətində Azərbaycan məsələsi, ölkəmizlə münasibətlər, Azərbaycanla və digər ictimai, siyasi, iqtisadi əlaqələri haqda məlumat toplayırıq. Eyni zamanda Azərbaycan, İran, Türkiyə üçlüyü məsələsi var. Son zamanlar üç ölkənin xarici işlər nazirlərinin keçirdikləri görüşlər ölkələrin regional əməkdaşlıq və təhlükəsizlik sahəsində iş birliyi üçün son dərəcə önəmli məsələdir.

 

- Tədqiqat apardığınız sahədə hansı yeniliklərə imza atmısınız?

 

- “İran İslam Respublikasının Qafqaz siyasətidə Dağlıq Qarabağ problemi” adlı monoqrafiya hazırlayıram. Monoqrafiya Bakıdan sonra Rusiya və Türkiyədə də çap olunacaq. Dağlıq Qarabağla bağlı İranın mövqeyi, İrandakı elmi ədəbiyyat və orada Azərbaycanla bağlı tədqiqat aparan alimlər, İran-Ermənistan münasibətləri, İranın xarici siyasətinin əsas istiqamətləri, İran-Azərbaycan və əksinə Azərbaycan-İran siyasəti, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın İran siyasəti, Naxçıvan məsələsi, İranın Azərbaycana etdiyi yardımlar, sonradan bizim ictimaiyyətin qınağına səbəb olan İranın Ermənistanla münasibətləri və s. mövzuların hər biri kitabda öz əksini tapacaq. Gənc alim olaraq ölkədə keçirilən ictimai, siyasi və elm toplantılarında fəal iştirak edirəm. Azərbaycanın xarici siyasəti, Qafqazda baş verən proseslərlə bağlı Rusiya, Türkiyə və bir sıra Avropa ölkələrində dəfələrlə konfranslara qatılıb, rəsmi tədbirlərdə iştirak edirəm, elmi əməkdaşlıqlarımız olur, məqalələrim ölkəmizdə və xaricdə çap olunur. Dünyanın 12 ölkəsində elmi məqalələrim çap olunub. Son vaxtlar isə ikitərəfli iş qurmağa çalışırıq. Dünyada tədqiqat aparan gənc alimlərlə əməkdaşlıq edirik, onlara ölkəmizin tarixi, diplomatiyası, xarici siyasəti, Dağlıq Qarabağ, soyqırım məsələsi ilə bağlı informasiyalar ötürürük. Həmin tədqiqatçılar da elmi əsərlərində mənbələrimizdən yararlanırlar.

 

- Xarici ölkələrdə aparılan tədqiqatlarla ölkəmizdə aparılan oxşar tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər olur?

 

- Ölkəmizin dünya elmində öz yerini tutması üçün çalışırıq. Dəqiq elmlərdə Azərbaycan dünyaya bu və ya digər şəkildə töhfələrini verib. Son dövrlər isə humanitar sahələrdə ölkəmizin özünü göstərməsinə çalışırıq. Konkret məşğul olduğum sahə Dağlıq Qarabağ, Azərbaycan Respublikasının xarici siyasəti və Yaxın və Orta Şərqlə bağlıdır. Dövlətimizin ərazi bütövlüyü, Dağlıq Qarabağ, Xocalı soyqırımı məsələsi son dərəcə önəmlidir. Bu gün Avropa ilə Azərbaycan elmini müqayisə etmək doğru olmaz. Son dövrlər məqalələr yazarkən, elmi aparatı, mövzunun aktuallığını qurarkən Avropanın elmindən, tədqiqat aparma üsulundan yararlanmağa çalışırıq. Onların təcrübəsini Azərbaycan elmində tədqiq edirik və bu da son dövrlər getdikcə özünü göstərir.

 

- Məşğul olduğunuz sahə üzrə Azərbaycanda hansı islahatlara ehtiyac var?

 

- Azərbaycan həqiqətləri, tarixi, elmi, ölkəmizdə baş verən islahatlarla bağlı Avropa alimləri ilə işləməyə çalışmalıyıq. Yazılarımızla Avropa alimlərinin ölkəmizlə bağlı apardıqları tədqiqatlara dəstək olmalıyıq. Azərbaycanla bağlı tədqiqat aparan xarici tədqiqatçıya ölkəmiz tərəfindən bu sahədə məlumatlı adamlar, fondlar dəstək olmalıdırlar. Yaxşı olar ki, hansısa xarici alim ölkəmiz haqqında tədqiqat aparsın, biz də ona dəstək olaq. Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən aparılan “Xocalıya ədalət” kompaniyasının böyük əhəmiyyəti oldu. Avropada Xocalı haqqında kitablar çap olunur, xarici tədqiqatçılar məqalələr yazırlar. Tarixi Azərbaycan ərazisində baş verən tədqiqatları dünyaya çıxarmalı, alimlərimizin əsərlərinin dünyanın müxtəlif institutlarının elmi nəşrlərində çap olunmasına çalışmalıyıq. Bu sahədə inkişaf var, amma daha da irəli getməyi arzulayırıq.

 

- Gənc alimlər bu gün nə dərəcədə diqqət mərkəzindədirlər?

 

- Biz doktoranturaya 24 yaşımızda qəbul olub, 27 yaşımızda bitiririk. Müdafiə prosesi isə gəlib 29 yaşa çıxır. Azərbaycanda gənc alimlik yaş həddinin Rusiya və digər MDB ölkələrindəki kimi 29 yox, ən azı 39 olmasını istəyirik. Azərbaycanda Gənclər Fondu, Bilik fondu, Elmin İnkişaf Fondu, gənclərə dəstək olan Gənclər və İdman Nazirliyinin olması təqdirəlayiq haldır. İstəyirik ki, Milli Məclisdə bu məsələyə baxılsın və gənc alim statusu cəmiyyətdə və qanunvericilikdə öz əksini tapsın. Gənc alimlərinin sosial və maddi problemləri yönündə real addımlar atılsın.

 

- Alimlər tərəfindən gənc alimlik yaş həddinin artırılması ilə bağlı müraciətlər olubmu?

 

- Gənclər və idman naziri Azad Rəhimov, müavini İntiqam Babayev bu məsələni qaldırmışdı. Amma hələ ki qanunvericilikdə öz əksini tapmayıb. Fəlsəfə doktorunu başa düşdük. Amma bir insanın 40 yaşında elmlər doktoru olması hansı səviyyədə tənzimlənir? Bir nəfər 30-35 yaşında fəlsəfə doktoru olur, sonra elmlər doktoru. Daha sonra heç bir status yoxdur. Bu sahədə alimlərə stimul verən davamlı status olmalıdır. Elm və təhsil sahəsində maaşlar çox aşağıdır. Biz maaşların dəfələrlə artırılmasını arzu edirik. Bu alimlərin fəaliyyəti üçün stimul olar. Gənc alimlər üçün ipotekada ilkin ödənişin ləğv olunmasını arzu edirik. Gənc alimlərin mənzil şəraitinin qurulmasına dövlət dəstəyi olsun. Əmək haqqının azlığı və mənzillə təmin olunmamaları gənc alimlərin ən böyük problemləridir.

 

- Az məvaciblə bu sahədə çalışmağa stimul verən nədir?

 

- Elmə marağımız olmasa yəqin ki burada qalmazdıq. Şərqşünaslıqla bağlı son vaxtlar gənc alimlərimiz xarici ölkələrə elmi ezamiyyətə və konfranslara gedirlər. Mənim özümə də belə təkliflər olsa da heç birini qəbul etməmişəm. Müqavilə əsasında Azərbaycana qayıtmaq şərtilə xarici ölkələrdə də hər hansı fəaliyyətim ola bilər. Amma birdəfəlik getmək haqda fikirləşmirəm. Mən öz töhfələrimi dünyaya Azərbaycandan çatdırmaq istəyirəm. Akademiyada gənc alimlər gələcəyə olan ümid hissi ilə elmə maraqları olduğu üçün bu sahədə tədqiqatlar aparırlar.

 

- Gənclərin elm sahəsinə marağı nə dərəcədədir?

 

- Elm elədir ki, orta məktəbdən başlayıb, ayrı-ayrı institutlarda davam edir. Gənc alimlər problemlərinin həllinə ümid edərək bu sahədə çalışırlar. Kimin həvəsi varsa fondlarla işləyir, məqalələr yazır, layihələr hazırlayıb əlavə qazanc əldə edə bilir. Bəzilərimiz bunu etsək də, bütün alimlər bunu bacara bilmirlər axı. Maaşların az olması baxımından gənclərin bu sahəyə gəlməsi bir az çətindir. Yüz faiz deyə bilmərəm. Amma gənclərin elmə marağı var və prespektivli kadrlarımız çoxdur. Azərbaycanda bu sahənin yaxın zamanda daha sürətlə inkişaf edəcəyinə inanıram.

 

- Bu gün gənclərə dövlət qayğısı yüksəkdir...

 

- Azərbaycan gənci olaraq mən də Prezident İlham Əliyevin apardığı siyasi kursu dəstəkləyir və onun ətrafında birləşməyi məqsədəuyğun hesab edirəm. İnanıram ki, yaxın zamanda “Gənc Alimlər Evi” tikiləcək, “Elm Tv”si fəaliyyətə başlayacaq. Bunu ümidlə gözləyirik.

 

- Gənc alim və mütəxəssislər Şurası gənc alimlərin elmi yaradıcılığı istiqamətində hansı işlər görür?

 

- Akademik Akif Əlizadə AMEA-nın yeni prezidenti seçildikdən sonra AMEA-da islahatlar həyata keçirməyə başladı. Bu islahatlar AMEA-da çalışan gənc alim və əməkdaşlara da şamil olundu. AMEA-nın Rəyasət Heyətinin 2013-cü il 17 oktyabr tarixli qərarından sonra 42 elmi müəssisə və təşkilatda gənc alim və mütəxəssis şuraları yaradılıb. 27 dekabrda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilib. Məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu daha da artırmaqdır. Burada gənc alimlərin mənzil və sosial problemləri, xarici dil biliklərinin artırılması, xarici elmi jurnallarda məqalələrinin nəşri, xarici konfranslarda iştirakının təmin olunması, AMEA-nın müvafiq institut və mərkəzləri ilə xarici ölkələrin institut, elm və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, gənc alim, tədqiqatçı və doktorantların kitab, məqalə və xarici elmi konfrans və elmi ezamiyyətlərdə iştirakının təmin olunmasına yardım göstərmək və s. işlər nəzərdə tutulub.

 

- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiz?

 

- Xaricdə yaşayan hər bir azərbaycanlı ölkəmizi təmsil edir. Yaxşı olar ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz səylərini əsirgəməsinlər. Bu sahədə vətəndaşlarmızın aktivliyi müşahidə olunur. Hər bir gənc çalışdığı, oxuduğu, yaşadığı ölkədə Azərbaycan həqiqətlərini çatdırmağa nail olsun. Yaşadığı xarici ölkə haqda məlumat toplamağa çalışmalı və baş verən prosesləri öyrənib, o ölkənin uğurunun yaxşı cəhətlərini Azərbaycana gətirməyə nail olmalıdır.

 

Aygün Asimqızı

Tarix
16 Mart 2015 [17:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin