Ana səhifə
16 Noyabr 2018

Elnur Hüseynovdan böyük gözləntilər var

Faiq Sücəddinov: «Mənə maraqlı olan peşəkar mahnı təqdim etməsidir»

 

Bu il Azərbaycanı “Eurovison-2015”də “Hour of the wolf” mahnısı ilə ifaçı Elnur Hüseynov təmsil edəcək. Martın 15-də Azərbaycanın İctimai Televiziyası (İTV) “Eurovision” mahnı müsabiqəsində Elnur Hüseynovun təmsil ədəcəyini açıqlayıb. Kompozisiya isveçli Nikolas Rebşer, Niklas Lif, Lina Hanson və Sandra Byordman tərəfindən yazılıb. Mahnıya çəkilən klip də “Eurovision”nun rəsmi «Youtube» səhifəsində yayımlanıb.

Bildirək ki, E.Hüseynov 2008-ci ildə həmkarı Samir Cavadzadə ilə birlikdə “Day after day” adlı mahnı ilə ilk dəfə ölkəmizi təmsil edib və finlada 8-si yerə layiq görülüb. Bununla yanaşı, Türkiyədə “O səs Türkiyə” yarışmasının qalibi olub. İfaçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olub.

Əməkdar incəsənət xadimi Faiq Sücəddinov bildirdi ki, Elnur Hüseynov Azərbaycanı “Eurovision-2015”də uğurla təmsil edəcək: “Eurovison” müsabiqəsində əsas məsələ hansı yerə layiq olmaqda yox, peşəkar mahnı təqdim etməkdədir. Müsabiqədə ağıllı, peşəkar insanlar münsif heyətində əyləşirlər və yaxşı səs, yaxşı mahnı gözləyirlər. 2014-cü ildə ölkəmizi ifaçı Dilarə Kazımova təmsil etmişdi və çox gözəl də mahnı oxumuşdu. Nə olsun ki, 23-cü yerdə qərarlaşdı? Ən önəmlisi Dilarənin yaxşı səs sahibi və yaxşı ifaçı olmasıdır. Mənə maraqlı olan Elnurun neçənci yerə layiq olacağı deyil, yaxşı, peşəkar mahnı təqdim etməsidir. Amma düşünürəm ki, dövlətimizi yüksək səviyyədə “Eurovision”da təmsil edəcək və peşəkar mahnı təqdim edəcək”.

Bəstəkar onu da dedi ki, yaradıcı insan öz üzərində daim çalışırsa, ilbəil deyil, günü-gündən püxtələşir, aktivləşir: “Elnur da belə ifaçılardandır. O öz üzərində daim işlədi, “O səs Türkiyə” müsabiqəsində iştirak etdi və qalib oldu. Müsabiqədə ona alternativ olmadı. İnanıram ki, “Eurovision” müsabiqəsində də yüksək səviyyədə çıxış edəcək. İfaçının Avropa standartlarına yaxın olması, yaxud da olmaması “Eurovision” müsabiqəsinə heç bir aidiyyatı yoxdur. Dünyada bir standart var: “Yaxşı mahnı və peşəkar oxumaq”. «Avropa standartlarına uyğundur» kimi fikirlər yalan söhbətdir. Yaxşı musiqi 100 ildən sonra da yaxşı musiqi, pis musiqi isə pisdir. Mahnını da dinlədim, yaxşıdır”.

Bəstəkar Vüqar Camalzadə dedi ki, ilk dəfə “Eurovision” müsabiqəsinə gedib uğur qazanmaq asan deyil. Amma Elnur ilk dəfədən səkkizliyə daxil olmağı bacardı və səkkizliyə daxil olmaq çox böyük nailiyyətdir: “Eurovision” dan sonra Elnur böyük həyat və məktəb keçdi. Öz üzərində çox işlədi, Türkiyədə müsabiqədə qalib gəldi. Bu sahədə püxtələşdi. İnşallah, inanıram ki, ilk üçlükdə olacaq və buna da layiqdir, niyə də olmasın? Mahnıya gəlincə, hələ qulaq asmamışam”.

Aparıcı-bəstəkar Murad Arif qeyd etdi ki, Elnur Hüseynovdan doğru, dürüst səslənmə gözləyir: “Elnur Hüseynov yaxşı ifaçıdır və belə olan halda insanlar da arxayın olur ki, yaxşı səslənmə, ifa eşidəcəklər. Mahnıya gəlincə, deyim ki, bir dəfə qulaq asdım və düşünürəm ki, hələ “Hour of the Wolf” mahnısı haqqında fikir bildirmək çox tezdir. Yəqin ki, vaxt keçdikcə mahnı da sevilər. Amma Elnur “Eurovision”a çox yaxşı namizəddir. Onu da deyim ki, Azərbaycan şou-biznesində ilk insanam ki, Elnurun “Eurovison”a namizədliyi haqqında mediada fikir bildirdim və qeyd etdim ki, “Elnuru müsabiqəyə tək göndərmək və şans vermək lazımdır”. Bu mahnı ilə ilk üçlükdə olacağına inanmıram. Amma müsabiqədə səs-küy yarada bilər ki, Azərbaycanda belə gözəl səsli ifaçı var”.

 

Rəqsanə

Tarix
16 Mart 2015 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin