Azərbaycanda 40 avtomobil necə toqquşdu? - TƏFƏRRÜATLAR - VİDEO

22:00 - 1 Yanvar 2022 - MAQAZİN

Bakı-Qazax magistralında zəncirvari qəzada  avtomobillər  toqquşub, 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Hadisəyə qatı dumanın səbəb olduğu bildirilir. Kürdəmirdə də  yol qəzası baş verib. Ölən və yaralananlar var.

Dumanlı havada 40-a yaxın avtomobil toqquşub.
Hadisə Bakı-Qazax magistralının 113-cü kilometrliyində Hacıqabul rayonu  ərazisindən keçən hissəsində qeydə alınıb. Dumanlı hava şəraitində  4-5 metr görmə məsafəsi olub. Baş verən bir qəzadan sonra zəncirvari qəza olub. Yerin buzlu və sürüşkən olması avtomobillərin sayının çox olmasına səbəb olub.

Qəza nəticəsində 15 nəfər  müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər və Hacıqabul rayon xəstəxanalarına yerləşdirlib. Sabirabad rayonunun Narlıq kənd sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbərov   hadisə yerində ölüb. 

Faktla bağlı  araşdırma aparılır. 

Kürdəmirdə də ölümlə nəticələnən  yol qəzası baş verib. Ağdam-Bakı-Ağdam marşrutu üzrə işləyən, 38 yaşlı Elgiz Quliyevin  idarə etdiyi mikroavtobus aşaraq qəzaya uğrayıb. Bakı-Qazax magistralının Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verən qəzada Rahib Xəlilov ölüb, bir neçə nəfər ağır yaralanıb.  Şahidlərin dediyinə görə qəzaya səbəb asfaltın buz bağlaması olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti