Ana səhifə
23 May 2018

“Mənə Fəlakət kimi müraciət edilməsindən xoşum gəlir”

Elşən Orucov: «O paltarda olanda uşaqlar gülməyə başlayırlar və deyirlər ki, Elşəni itirdik»

 

«Fəlakətin saf və bir az da “tupoy” olması insanlara onu daha yaxın edir»

 

Fərqli və maraqlı obrazı ilə tez bir zamanda insanlar tərəfindən sevilən “Bozbash pictures”in «Fəlakət»i Elşən Orucov “Şənbə qonağı”mızdır. Aktyorun obrazı, geyimi, işlətdiyi ifadələri tamaşaçılar tərəfindən yaxşı qarşılandı və sevildi. Xüsusilə də, uşaqların özlərini Fəlakətə bənzətməsi, onun sözlərindən istifadə etməsi halları ilə çox rastlaşırıq.

 

- “Ay Brilliant” filmini təqdim etdiniz. “Bozbash pictures”dəki kimi obrazınızın seviləcəyinə inanırsınızmı?

- Bu filmdə də “Bozbash pictures”dəki kimi Fəlakət obrazını canlandırmışam. Sevilməsini tamaşaçılar deyə bilər. İnşallah, yaxşı olar.

 

- Siz İncəsənət Universitetinin aktyorluq fakülətsini bitirmisiniz, amma Azad Azərbaycan Telaviziyasında başqa sahə üzrə fəaliyyətə başlamısınız. Nə vaxtsa öz ixtisasınız üzrə tanınmış aktyor olacağınıza inanırdınızmı?

- Yox. Əslində, aktyorluq fakültəsini bitirməyimə baxmayaraq o sənətdən uzaqlaşmışdım. ATV-də sənətimdən tamamilə fərqli bir işlə məşğul idim. Sonra təsadüf və zərurət elə gətirdi ki, mən aktyorluqla da məşğul olmağa başladım.

 

- Fəlakət obrazı çox sevilir. Necə düşünürsünüz, yaratdığınız obrazın uğuru nədədir?

- Fəlakət obrazının saf və bir az da “tupoy” olması insanlara onu daha yaxın edir və düşünürəm ki, uğurun səbəbi də odur. Cəmiyyətdə doğrudan da Fəlakət kimi insanlar çoxdur. Ola bilsin ki, Fəlakəti bir az qabarıq göstərirəm, amma onun kimi insanlar cəmiyyətdə var. Həyatda demək olar ki, hər kəs o tipli insana rast gəlir. Fəlakət obrazı yaranandan sonra bir çox insanlar mənə yazdılar ki, ətrafımızda, məhəlləmizdə Fəlakət kimi insanlar çoxdur. Düşünürəm ki, balaca uşaqların özlərini Fəlakətə oxşatması, o obrazın saf olması insanlara daha istiqanlı gəldi və ona görə də obrazı sevdilər.

 

- Sizi hər hansı bir tədbirdə görəndə Fəlakət kimi, yoxsa Elşən Orucov olaraq qarşılayırlar?

- Təbii ki, Fəlakət kimi qarşlayırlar. Adımı çox az adam bilir, yaxud da, bilsələr də mənə Fəlakət kimi müraciət etmələri çox xoşuma gəlir.

 

- “Bozbash pictures”də tanındıqdan sonra həyatınızda nələr dəyişdi?

- Həyatımda demək olmaz ki, nəsə dəyişdi. Amma işimiz, məsuliyyətimiz çoxaldı. Təbii ki, tamaşaçılar tərəfindən diqqət çoxaldıqca hər şeyə qarşı daha da məsuliyyətli olmağa çalışırıq. Ümumiyyətlə, deyə bilərəm ki, insanlar tərəfindən sevilmək yaxşı bir hissdir.

 

- Tanınmağınız həyatınızda nəyisə çərçivəyə saldımı?

- Əlbəttə, çərçivəyə saldı, cəmiyyətdə daha da diqqətli olmağa çalışdıq. Çünki getdiyin hər yerdə özünə qarşı diqqət görürsən. Əslində, sərbəst yaşamağı çox xoşlayıram. Amma gördüm ki, mənim sərbəstliyim başqa cür başa düşülə bilər. Ona görə daha diqqətli olmağa çalışıram. Əvvəl də, indi də rahat bir həyat yaşayıram. Bütün günü orda-burda, səs-küylü məkanlarda olurdum, indi də elədir. Çərçivə insanlar arasında olanda daha diqqətli olmaq tələb edir. Yəni, başqa bir çərçivə yaratmayıb.

 

- Məşhurluqdan qorxursunuzmu?

- Yox, qorxmuram. Niyə qorxmuram və məşhurluq niyə mənə rahatdır? Çünki mən ən azından məşhurluqdan əvvəl 9 il ATV-də işləmişəm. Televiziyda sıfırdan başlayan adamları görmüşəm. Bu proses, bu sahə mənim üçün yad deyil. Bəlkə də bu sahədə olmasaydım bir az qeyri-adi gələrdi. Ona görə də məşhurluğun mənim üçün qorxulu bir tərəfi yoxdur.

 

- 2011-ci ildə “Bozbash pictures” televiziyada yayımlandı. Necə oldu ki, siz orada çəkilməyə başladınız?

- “Bozbash pictures”in kollektiv ilə çoxdan tanış olmuşuq. İlkinlə bir yerdə universitetdə oxumuşuq. Mən ATV kanalına gələndə “Bozbash pictures” bir rublika olaraq “ATV Maqazin” verilişinin sonunda yayımlanırdı və İlkin Həsəni və Ramil Babayev tərəfindən yaradılmışdı. Ramil, mən və İlkin eyni otaqda fəaliyyət göstərirdik. Mən reklam sahəsində işləyirdim. Onlarda bu işi bir həvəs kimi görürdülər. Mən ora qoşulandan sonra onların işlərinə baxırdım və hərdən qoşulurdum, mənim də səsimdən istifadə olunurdu. “ATV Maqazin” verilişinin ad günündə qərara alındı ki, artıq Şəmi və Şöşünün üzləri görsənsin və bunu ekranlaşırmaq lazımdır. İdeya çox yaxşı qarşılandı. Sonra onun efir variantını təqdim etdik. O zaman artıq Azər Baxşəliyev, Nicat Rəhimov da bizə qoşulmuşdu. Bu iş sırf dostluqdan başlayan bir işdir və bu beşliklə əvvəlcədən də dostluq etmişik. “Bozbash pictures”in “Ağsaqqal”ı Azərlə eyni məktəbdə, Nicatla eyni universitetdə təhsil almışıq. Raminlə isə ATV-yə gələndə tanış olmuşam.

 

- Dostlar arasında işlə əlaqədar nə vaxtsa anlaşılmazlıq yaranırmı?

- Bəli. Demək olar ki, hər həftə anlaşılmazlıq yaranır. Bu, sırf işlə bağlı olan məsələdir, şəxsi münasibətlərimizə təsir etmir. Amma işlə bağlı çox mübahisələrimiz olur. Əslində, ümumi götürdükdə bu, normal hal sayılır.

 

- Fəlakət obrazında daha çox xoşladığınız xüsusiyyət hansıdır?

- Çəkilişlərə yeni-yeni başlayanda özümə qıraqdan baxırdım və obraz mənim özümə çatmırdı. Bilmirdim ki, bu obraz nə istəyir? Bu obraz təsadüfi yaranmışdı. Amma vaxt keçdikcə elə olur ki, mən özüm də hadislərin gedişində Fəlakətə çevrilirəm. Elə vaxt olur ki, çəkilişlərin çoxunda improvizələrdən istifadə edirik və ssenaridən kənara çıxırıq. Çəkiliş zamanı birdən elə söz deyirik ki, ssenaridə qeyd olunmayıb. Fəlakətdə də o sözlərdən çox istifadə olunur. Mən o paltarda olanda uşaqlar gülməyə başlayırlar və deyirlər ki, Elşəni itirdik. Çəkilişlərdə elə bir söz istifadə edirəm və sonra montajda görəndə baxıb gülürəm ki, o sözü necə demək olar? Normalda bu söz heç vaxt ağlıma gəlməz. Bu kimi hallar çox olur.

 

- Həyatda sakit təbiyyətli olduğunuzu qeyd etdiniz. Amma sözünüzdən belə nəticəyə gəlirik ki, daxilinizdə komediyaya meyilli insansınız…

- Təbii ki, sakit təbiətli insan olsam da, deməyi, gülməyi çox sevirəm. Ətrafımda elə insanlar var ki, onlarla danışıb, gülürəm, sırf qaşaqabaqlı insan deyiləm. Ola bilsin ki, ətrafdan elə görsənirəm. İnsanın daxilində komediyaya meyillilik olmasa, obrazı canlandırmaq mümkün deyil. Bu, incəsənət sahəsində bir az çətin məsələdir, obrazında o dəqiqə biruzə verə bilər.

 

- Sizi daim komediya filmlərdə görəcəyik? Hər hansı bir dram əsərində görə biləcəyikmi?

- İnşallah, görə bilərik. Əslində, tam ciddi bir obrazda da çəkilmək istəyirəm. Qeyd etdiyim kimi, demək olar ki, bu sahədən tamamilə uzaqlaşmışdım, başqa bir sahədə fəaliyyətə başlamışdım. Amma şükürlər olsun ki, bu sahədə, kino və seriallarda inkişaf var. Çox təəssüf ki, teatr sahəsində belə deyil. Kino sahəsi yaxşı inkişaf edib. Mənə başqa rejissorlar tərəfindən təkliflər olub, amma bu elə bir işdir ki, gərək inandığın insanla işləyəsən. Biz niyə sırf bu işdə arxayın işləyirik və uğur qazanırıq? Çünki ətrafımızda olan insanlar dostlarımızdır, mən onların hər birinin istedadına, onlar da mənim istedadına bələddirlər. Ona görə də yaxşı bir iş ortaya çıxara bilirik. Hər hansı bir rejissor tərəfindən təklif gələndə mən bir az sual altında qalıram ki, orada uğur qazana biləcəyəmmi və insanlar məni qəbul edəcəklərmi? Bu kimi hallara görə qərar verməyə tələsmirəm. Kollektivimizlə düşünürük ki, gələcəkdə başqa janrda da film çəkək. Zaman hər şeyi göstərər.

 

- Nə vaxt evlənməyi planlaşdırırsınız?

- Düzdür bu məsələləri qismətə də bağlamaq olmaz. Evlənmək haqqında fikirləşirik. Fəlakət imkan verir ki, Elşən də sevsin?

 

- Həyat yoldaşınız olacaq xanımda hansı kriteriyalar olmalıdır?

- Tam dəqiq deyə bilmərəm, amma sözünü deyə bilən qızları xoşlayıram. Ən önəmlisi, məni başa düşməlidir. Düşünürəm ki, incəsənət sahəsinin adamlarını başa düşmək çox çətin məsələdir. İstərdim ki, həyat yoldaşım olacaq xanım məni düzgün başa düşsün, çünki işimizin saat etibarilə vaxtı bilinmir. Bakıda, regionlarımzda və xarci ölkələrdə də çəkilişlərə gedirik. Bununla bağlı qısqanclıq kimi halların olmasını istəmirəm. Digər kriteriyalara gəlincə, o mənə məxsusdur.

 

- Qısqanclıqdan söz düşmüşkən, uğurlarınız artıqca sizə paxılıq edənlər olurmu?

- Ətrafımda elə insanlar yoxdur. Amma ətrafımdan bu haqda eşidəndə də o insana pozitiv yanaşmağa çalışıram. Biləndə ki, bir insan mənə konkret paxıllıq, qısqanclıq edir, daxilində qıcıq var, o insanla münasibəti daha yaxşı edirəm ki, fikirləşsin ki, mənə niyə paxıllıq edir?

 

- “Bozbash pictures”də daha çox sevdiyiniz obraz hansıdır?

- Ən çox sevdiyim obraz Şöşü obrazıdır. O obrazdan çox xoşum gəlir. Düzdür, “Bozbash pictures”də ayrı-ayrılıqda obrazların hər biri sevilir və özlərinə məxsus şirinliyi var. Amma Ramilin ifasında Şöşü obrazını daha çox sevirəm, o obrazda müəyyən hərkətlərə çox gülürəm.

 

Rəqsanə

Tarix
13 Mart 2015 [16:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin