Ana səhifə
16 Noyabr 2018

«Azərbaycanda teatr da var, biz də varıq»

İntiqam Soltan: «Teatrın tamaşaçılarla ünsiyyəti daha xoş, sıx və gözəldir, nəinki televiziyalar və kinoların»

 

«Kinoda baş rolda it də çəkirlər, teatrda isə yalnız peşəkar insanlar oynaya bilər»

 

 

Milli Teatr Günü münasibətilə Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Bir teatr, bir festival” layihəsi çərçivəsində “Bizim Teatr Festivalı-2” keçirilir. Festival çərçivəsində 4 tamaşa - “Oyun”, “Bir yoxsul olsaydım”, “Qucaqla məni”, “Vətən” tamaşaları nümayiş olunacaq. Festivalın ilk tamaşası Elçin Hüseybəylinin əsəri əsasında  hazırlanan “Oyun” tamaşası təqdim edildi. Rəşad Nurinin rejissorluğu ilə hazırlananan tamaşada aktyorlar Könül Şahbazova və Niyaz Qasımov iştirak etdi.

“Üç nöqtə”yə danışan Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bildirdi ki, festival Milli Teatr Günü münasibətilə təşkil edilib: “Festival təşkil etməkdə məqsədimiz odur ki, Azərbaycanda teatr var və bu sahədə biz də varıq. Teatr adamları var, olub və olacaq. Teatrın tamaşaçılarla ünsiyyəti daha xoş, sıx və gözəldir, nəinki televiziyalar və kinoların. Teatr canlı kino, televiziya kölgələrlə bir ünsiyyətdir. Gözəl bir söz var: “Televiziyada hər kəs işləyə, kinoda isə bəziləri çəkilə bilir”. Məsələn, kinoda baş  rolda it də çəkirlər. Teatrda isə yalnız peşəkar insanlar oynaya bilər, hər insan oynaya bilməz. Hər aktyor 300-500 nəfərin qarşısında öz hissini biruzə verə bilmir, yalnız peşəkarlar bunu edə bilər. Ona görə  də teatrları sındırmasınlar, əzməsinlər. Bu gün  Azərbaycanda uşaq teatrı yox dərəcəsindədir. Sabah teatra yad  olan bir tamaşaçıya 18-20 yaşından sonra teatrı öyrədə bilərikmi? Bakı Uşaq Teatrı Kukla Teatrı və Gənc Tamaşaçılar Teatrı arasında boşluğu dolduran bir teatr ola bilər və ona münasibət çox laqeyddir. Bakının mərkəzindən 25 km uzaq məsafədə teatr olmaz, şərait olan zaman ola bilər. Qaraçuxura gələn aktyorlarımız üç-dörd avtobus dəyişirlər. “Oyun” tamaşasında oynayan aktyorlarımızın biri Badamdardan, biri isə Lökbatandan gəlir. Bu tamaşa Bakı Uşaq Teatrı tərəfindən Milli Teatr Gününə bir hörmətin nümayişidir. Çünki teatrların bir çoxu bu günə çox laqeyd yanaşır, bir konfrans, toplantı, iki nəfərə mükafat verməklə, iki mükafat almaqla işi bitmiş hesab edirlər. Festival təşkil etməkdə məqsədimiz odur ki, yalnız Bakı Uşaq Teatrını deyil, bütün teatrların olduğunu və ikişaf etdiyini göstərək».

İntiqam Soltan onu da dedi ki, “Oyun” tamaşası üzərində aktyorlar uzun müddət işləyiblər: «Bizdə o stereotiplər yoxdur ki, bu tamaşa İntiqam Soltanındır və bu səhnə əsərinə heç kim toxuna bilməz. Bütün tamaşalarda aktyorlarla məsləhətləşirik. Önəmli olan səhnə əsərini tamaşaçılara yaxşı, keyfiyyətli, peşəkar təqdim etməkdir. Tamaşa rejisorun, aktyorun, İntiqamın yox, teatrın simasıdır. Ümumilikdə götürdükdə, ölkəmizdə bir xarici nümayəndə iştirak edirsə, səhnə əsərləri Azərbaycan mədəniyyətinin, teatrının simasıdır. Ona görə də ən əsası tamaşanın keyfiyyətidir”.

Teatrın direktoru tamaşalarında olan səmimiyyətin səbəbini də açıqladı: “Uşaq qarşısında səmimiyyətdən kənara çıxmaq olmur. Belə bir söz var: “Həqiqəti harada tapmaq olar? Uşaqların dilində”. Uşaqların dilində səmimiyyəti görmək naminə biz səmimi olmağı bacarmalıyıq. Həmin uşaqlar üçün hazırladığmız tamaşalar bizi səmimi olmağa vərdiş etdirib. Amma onu da deyim ki, eksperement etdiyimiz qeyri-səmimi tamaşalarımız da ola bilər. “Çay dəstgahı” pyesini hazırlamaq istəyirdik, amma alınmadı”.

Aktrisa Könül Şahbazova da tamaşa haqqında fikirlərini bildirdi. Dedi ki, əsər ilk dəfə təqdim edildikdə bir o az qəliz idi: “Mövzu bir az qarışıq idi, amma əsərin üzərində işlədikdən sonra çox xoşumuza gəldi. Tamaşanı hazırladıqdan sonra Elçin Hüseynbəyli dedi ki, bu tamaşanı bir çox teatrlarda qurublar, amma bunu daha çox bəyəndim. Onu deyim ki, tamaşaya baxanların çoxu bəyəndiyini vurğulayıb. Tamaşaları hazırlayarkən bir o qədər də çətinliyinimiz olmur, yalnız teatr məkanımızın olmaması çətinlik yaradır. Teatr kollektivi kimi biz bir-birimiz anlayırıq, sevirik. Sadəcə, dediyim kimi çətinliyimiz məkan məsələsidir”.

Niyazla həyatda nişanlı olan Könül sevgi münasibətlərindən də danışdı: «Tərəf müqabilim Niyaz bəylə ilk dəfə bu tamaşada yalnız ikimiz çıxış edirik. Başqa tamaşalarda oynamışıq, amma orada digər sənət dostlarımız da iştirak edib. 2010-cu ildən Niyaz bəylə bir yerdə işləyirik. Münasibətimiz adi iş yoldaşı kimi idi. Niyaz bəy arada sevgisini bildirirdi, amma mən razı olmurdum. Bu tamaşadan sonra mən də Niyaza vuruldum».

Aktyor Niyaz Qasımov  isə vurğuladı ki, “Oyun” tamaşası xoşuna gələn səhnə əsərlərindən biridir: “Yaxşı əsər aktyora aktyor qabiliyyətini göstərməyə imkan yaradır. Düzdür, Elçin Hüseynbəyli bu əsəri bir az qəliz yazıb, amma biz əsəri bir-iki ay müzakirə etdik, ixtisar və əlavələr elədik və tamaşanı hazırladıq. Elçin müəllim də tamaşanı bəyəndi. Mən Könüllə birlikdə ilk dəfə Frans Kafkanın hekayəsi əsasında tamaşa qurmuşduq və o zaman Könülə aşıq olmağa başladım. Sonra arzulayırdım ki, elə bir səhnə olsun ki, orada yalnız ikimiz oynayaq. Bu tamaşada bu imkan yarandı. Çünki digər tamaşalarda çox aktyorlarımız iştirak edirdi və təkcə ikimizin iştirak etdiyi tamaşa yox idi. Bu tamaşa üzərində təxmininən 4 ay işlədik. Bu tamaşadan sonra Könülə daha çox vuruldum və yavaş-yavaş bir də gördük ki, toydur. Qız toyu olub, oğlan toyu martın 18-də olacaq».

 

 

Rəqsanə

Tarix
12 Mart 2015 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin