Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı

18:34 - 8 Dekabr 2021 - HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cavid Süleymanov ifadə verib. O bildirib ki, alpinist olub, oğurluq əməllərindən əvvəl öz maşınını sataraq Ukraynaya gedib və orada alpinist kursu keçib. Kursu keçdikdən sonra Bakıya qayıdıb və oğurluq planlarını icra edib.

Prosesdə zərərçəmiş şəxslərdən Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayev ifadə verib.

C.İsayev deyib ki, hadisə günü evdə yox, rayonda olublar. Onun sözlərinə görə dəymiş zərər ödənilməyib və buna görə də şikayətçidir. O, oğurluq nəticəsində təxminən 120 min manat ziyana düşdüyünü bildirib.

Məhkəmədə dindirilən digər zərərçəkmiş isə daxili işlər orqanlarında işləmiş, hazırda zərgərliklə məşğul olan Vasif Əliyev olub.

16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşadığını deyən Vasif Əliyevin sözlərinə görə, təqsirləndirilən şəxslər onun mənzilinə alpinizm üsuluyla daxil olublar. Onlar binanın damından iplə mənzilin eyvanına düşüblər.

Onun sözlərinə görə, qapıda "ingilis qıfılı" olduğu üçün oğurluqdan sonra qapıdan çıxa bilməyiblər. Eyvana çıxıblar, iplə yuxarı da qalxa bilməyəndə bir mərtəbə aşağıdakı qonşunun eyvanına düşüblər.

"Həmin ev keçmiş polisin evidir, ərəblərə kirayə verib. Onlar da orada hər cür oyundan çıxırlar. Həmin gün də 4 ərəb içib, ortalıqda yatıb qalıblar. Bu da eyvandan mənzilə daxil olub, bu zaman ərəblərdən biri oyanıb. Onu təpikləyib, qapıdan çıxıblar. Çıxanda da qapını ərəblərin üzünə bağlayıblar", - deyə zərərçəkmiş bildirib. Qeyd edib ki, mənzildən qızıl-zinət əşyaları, 9 brend qol saatı oğurlanıb.

Mənzildə 10 uşaq dünyaya gətirdiyi üçün anaya verilmiş "Qəhrəman ana" medalı da olub.

Həm Polis Akademiyası, həm də Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil aldığını, keçmiş əməliyyatçı olduğunu deyən zərərçəkmiş Əliyev evindən oğurlanan saatlardan birini şəxsi araşdırmaları nəticəsində taparaq geri qaytarıb. Məlum olub ki, saat Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının satışıyla məşğul olan Mirsaleh Muradova satılıb: "Mən evimdən oğurlanan əşyaların hamısının qaytarılmasını tələb edirəm. O deyir ki, guya zərgərlik bacarığı olduğuna görə mənzillərdən apardığı əşyaları əridib, yenilərini düzəldib satıb. Mən buna inanmıram. Mənim evimdən oğurlanan, üstündə 7-8 karat brilyant qaşlar olan brend saatlar konkret adamlara satılıb. Onları desin. Mən dövlətin malını yeyənlərdən olmamışam, uşaqlıqdan butulka satmaqla pul qazanıb, onları yığmışam".

Prosesdə ifadə verən Mirsaleh Muradov bildirib ki, saatı satan şəxs onun hədiyyə verildiyini deyib: "Dedi ki, şəhid oğluyam, özüm də müharibədə yaralanmışam, ayağımda qəlpə var. Müalicəm üçün pul lazımdır, ona görə satıram. Saatın mənbəyinə gəlincə, bildirdi ki, az qala, kimisə avtomobil vuracaqmış, o adamın həyatını xilas edib. O da minnətdarlıq olaraq, qolundan açıb ona hədiyyə verib...".

Qeyd edək ki, zərərçəkmiş kimi adı keçənlər sırasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Elə sonuncu oğurluq hadisəsi də Vüsal Mirzəyevin evindən olub.

Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə 114 min, futbolçuya isə 5000 manat ziyan dəyib.///trend

Xəbər xətti