Rusiya Ukraynaya hücum edəcəkmi?

12:23 - 8 Dekabr 2021 - SİYASƏT

Bu, hazırda beynəlxalq aləmdə ən çox səslənən sualdır. Dekabrın əvvəllərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Stokholm toplantısında da əsas müzakirə mövzusu Ukrayna idi. Heç kim müharibə istəmədəyini dedi, ancaq hamı müharibədən danışdı.

Ukrayna ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putinin dekabrın 7-də video format çərçivəsindəki iki saatlıq müzakirəsinin də əsas mövzusu idi. Prezidentlər yekun qərara gəlmədilər, yalnız dialoqu davam etdirəcəklərini bildirdilər. Co Bayden Vladimir Putindən təminat almaq istəyirdi ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Öz növbəsində Vladimir Putin də Co Baydendən təminat almaq istəyirdi ki, NATO Şərqə doğru genişlənməyəcək və Ukrayna Şimali Atlantika Blokuna üzv olmayacaq. Bayden bununla bağlı Putinə təminat verə bilmədiyi kimi Putin də Baydenə heç bir təminat verməyib.

Vladimir Putin illərdir eyni fikri təkrarlayır: “1990-ci illərdə Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikası ilə birləşərkən və sovet qoşunları keçmiş sosialist Almaniyasını tərk edərkən ABŞ və Avropa dövlətləri NATO-nun genişlənməyəcəyini SSRİ-nin o zamankı lideri Mixail Qorbaçova vəd etmişdilər. Ancaq Vaşinqton və Brüssel şifahi verdikləri vədi yerinə yetirmədilər. Ona görə indi bizə yazılı təminat lazımdır ki, NATO bundan sonra şərqə doğru genişlənməyəcək. Bu bizim qırmızı çizgimizdir”.

Buna cavab olaraq Bayden və NATO rəhbərliyi Moskvanın tərtib etdiyi “qırmızı çizgini” tanımadıqlarını bəyan ediblər. Həqiqətən Ukrayna və Gürcüstan müstəqil dövlətlərdir və istədikləri təşkilata, o cümlədən NATO-ya üzv ola bilərlər. Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq. Bu imperiya təfəkkürüdür.

Bəs bölgədə vəziyyət necədir?
Ukraynalı hərbçilərin sözlərinə görə, Rusiya sərhəddə 92 mindən çox hərbçi cəmləşdirib. Bəzi mülahizələrə görə, iki ölkə arasında müharibə gələn ilini yanvar və fevral aylarında başlaya bilər. Ukrayna Müdafiə Nazirliyi hücumun necə həyata keçiriləcəyi mexanizmini açıqlayıb. Kiyevin iddiasına görə Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Növbəti müharibənin 2014-cü ildəki müharibədən daha dəhşətli olacağı ehtimal edilir. Bu ssenariyə görə, hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək.

Ukrayna prezidenti Vladimir Zelenski də jurnalistlərə verdiyi son geniş müsahibədə ona qarşı qiyam hazırlandığını bildirdi. Yəni əvvəlcə qiyam olacaq, bundan sonra Rusiya Donbas əhalisini qorumaq adı altında bu bölgəyə daxil olacaq. Krım da oxşar ssenari ilə ilhaq olunmuşdu.

Ukrayna müxtəlif ölkələrdən modern silahlar və hərbi texnika alıb. Rusiyada şübhələnirlər ki, Ukrayna prezidenti orduya Donbasa daxil olmağa əmr verə bilər. Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayıb. Bu Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı vətəndaşlarını qoruyacaq. Bəzi mülahizələrə görə, Rusiya Donbasla kifayətlənməyəcək, Ukraynanın Mariupol və Odessa şəhərlərini də ələ keçirəcək.

Rusiyadakı siyasi mərkəzlərin 2014-cü ildəki planı beləydi ki, Krımın ilhaqından sonra Donbasdakı separatçı hərəkat Ukraynanın içərilərinə doğru inkişaf etməli, Mariupol, Odessa, Xarkov, Nikolayev, Dnepr, Xerson kimi şəhərlər Kiyevin nəzarətindən çıxarılmalı idi. Bu plan “Novorossiya” adlanırdı.
Məqsəd Ukraynanın parçalanması idi. O zaman bu plan alınmadı və Rusiya Krım, o cümlədən Donetsk və Luqanskla kifayətlənməli oldu. Ukraynada 2014-cü ildə ordunun dağılması fonunda milli qüvvələr müqavimət göstərərək ölkələrinin tam parçalanmasının qarşısını aldılar.

Buna baxmayaraq, Ukraynanı parçalanması barədə bu gün də Moskvada planlar tərtib edənlər var. Maripuol və Odessa Ukrayna üçün strateji liman şəhərləridir. Ukrayna üçün əsas problem odur ki, bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı az deyil. Ona görə də Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır.

ABŞ və Avropa Ukraynanın müdafiəsini gücləndirmək istəyirsə, bu ölkənin NATO-ya üzvlüyü məsələsini sürətləndirməlidir. NATO-nun 2008-ci ilin aprel ayında Buxarest sammitində Gürcüstanın və Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü qərarı verilsəydi Rusiya nə Gürcüstana müdaxilə edib Abxaziya və Cənubi Osetiyanı işğal edər, nə də Krımı ilhaq etməklə Ukrayna ərazisində növbəti separatçı bölgə yaradardı. O zaman Vaşinqton Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyərkən Fransa və Almaniya bunun əleyhinə çıxdılar. Bu gün də Fransa və Almaniya Gürcüstan və Ukraynanın NATO üzvlüyünün əleyhinədirlər. Vaşinqtonun Paris və Berlinə təzyiq edib bu məsələni həll etməsi aktuallaşıb, əks halda Rusiya münasib vaxtda Ukrayna ərazisinə müdaxilə planında imtina etməyəcək. Ukraynanı qorumağın başqa bir variantı da var: ABŞ və müxtəlif Avropa ölkələri Ukraynada hərbi bazalar yaradırlar. Bu amil də Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkindirə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Xəbər xətti