Ana səhifə
18 Sentyabr 2018

Regionlarda qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşları artacaq

Əlverişli investisiya mühitinin yaxşılaşdırılması qarşıda duran əsas vəzifədir.

 

Azərbaycanın uzunmüddətli iqtisadi və sosial inkişafının təmin edilməsi baxımından iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaq ki, investisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu məsələ regionların sosial-iqtisadi inkişafının prioritet sahələrindən biridir.2014-2018-ci illər üçün dövlətin investisiya siyasətinin əsas istiqamətlərini investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi, regional investisiya siyasətinin müasir inkişaf tendensiyalarına uyğunm olaraq prioritetləşdirilməsi, investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsindən ibarət olacaq. «Həmçinin, regionlara sərmayə qoyuluşlarına xarici investorların cəlb edilməsi, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin sürətləndirilməsi, sənaye parklarına yerli və əcnəbi sərmayəçilərin cəlb edilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər həyata keçiriləcək»,- YAP Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov bildirib.    Onun sözlərinə görə, iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsi məqsədilə likvid bank siyasəti davam etdiriləcək və qeyri-neft sektorunun davamlı inkişafı hesabına iqtisadiyyatın diversifikasiyasının təmin edilməsində, regional inkişafın sürətləndirilməsində, sahibkarlıq təşəbbüsünün genişləndirilməsində və bu əsasda yoxsulluğun səviyyəsinin azaldılmasında bank sisteminin rolu əhəmiyyətli dərəcədə artırılacaqdır. Qarşıdakı illərdə bank sistemində daha sağlam rəqabət mühiti formalaşdırılacaq, regionlar keyfiyyətli və geniş çeşidli bank xidmətləri ilə tam təmin ediləcək, bankların kredit və investisiya imkanları artırılacaq, bank xidmətləri bazarında bərabər hüquqlu rəqabət mühitinin təşkilinə nail olunacaq. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldiləcək.

Dövlət proqramında sənaye, İKT, turizmin inkişafı ilə bağlı əsas hədəflər də müəyyən edilib. Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək. Sənayeləşmə siyasəti çərçivəsində ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixracyönümlü sənaye məhsulları istehsalı sahələrinin yaradılmasının təşviqi, qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar layihələr həyata keçiriləcək. Eyni zamanda, dünya təcrübəsində müvəffəqiyyətlə tətbiq edilən təşkilati modellərin, o cümlədən sənaye parkları və biznes-inkubatorların yaradılması işlərinin davam etdirilməsi, özəlləşdirməyə açılmış sənaye müəssisələrində daha da şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi mövcud sənaye müəssisələrində istehsalın texnoloji cəhətdən yenidən qurulması və ixtisaslı kadrlarla təminat mexanizminiın hazırlanması nəzərdə tutulur. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda 2014-2018-ci illərdə informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturu inkişaf etdiriləcək, regionlarda əhaliyə müasir elektron xidmətlərin göstərilməsi daha da genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək. Regional siyasətin digər bir istiqaməti kimi turizmin inkişafı da prioritet olaraq qalacaq, turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağlı layihələrin icrası davam etdiriləcək. Bu işlərin görülməsi üçün isə kifayət qədər potensial var. Ötən illərin nəticəsi bunu deməyə imkan verir. «Bütün planlarımızı həyata keçirmək üçün ilk növbədə, ölkədə makroiqtisadi vəziyyət sabit olmalıdır. Bu istiqamətdə böyük işlər aparılıb. Uzun illər makroiqtisadi vəziyyət diqqət mərkəzindədir. Bizim göstəricilərimiz də çox müsbətdir.  2014-cü il inflyasiya cəmi 1,4 faiz olub, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7 faiz artıb. Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılıb. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilib. Bu il də vəsait nəzərdə tutulur və biz görürük ki, bu kreditlər, doğrudan da, gözəl nəticələrə gətirib çıxarır. Həm sahibkarlarda inam artır, çünki Azərbaycan dövləti bu layihələrdə, necə deyərlər, onlarla ortaqdır və öz payını güzəştli şərtlərlə təqdim edir, vəsait ayırır. Eyni zamanda, sahibkarların uğurlu fəaliyyəti üçün İqtisadiyyat və Sənaye Nazirliyi müxtəlif metodik sənədlər də tərtib edib ki, istənilən həcmli biznesi başlamaq istəyən üçün gözəl vəsait, yəni, əyani vəsait kimi təqdim edilir.

Keçən il Azərbaycanda “Sənaye ili” elan edilib. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq. Çoxsaylı sənaye müəssisələri yaradılıb. Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Burada yerli icra orqanlarının nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır. Çünki onlar bu işi yerlərdə təşkil etməlidirlər ki, bu zonalar müəyyən edilsin. Orada infrastruktur layihələri icra edilməlidir, kommunikasiyalar yaradılmalıdır. Əlbəttə ki, dövlət bu işi öz üzərinə götürür. Ancaq bütün təşkilati məsələlərin həllində də yerli icra orqanları fəal iştirak etməlidirlər»,-Azərbaycan prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda texnoparklar yaradılır və bu proses sürətlə gedir. «Sənaye klasterləri yaradılır, yaradılacaqdır. Böyük, nəhəng sənaye obyektləri tikiləcəkdir. Xüsusilə mən burada metallurgiya kompleksinin tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur. O sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur, qoymalıdır. Çünki böyük metallurgiya kompleksinin işə düşməsi nəticəsində minlərlə şirkət, özəl şirkət yaranacaq ki, orada hazırlanan məhsullardan son məhsulu Azərbaycanda istehsal etsin və biz idxaldan asılılığımızı azaldaq»,-dövlət başçısı deyib. Prezident İlaham Əliyev bildirib ki, Bakı, Sumqayıt, Gəncə bizim əsas sənaye şəhərlərimizdir. «Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Sumqayıt, nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Gəncə şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın üçüncü böyük sənaye şəhərinə çevriləcəkdir. Bu məqsədlər üçün lazımi tədbirlər görülür.

Son vaxtlar sürətlə inkişaf edən sənaye sektorumuz imkan verir ki, biz özümüzü tikinti materialları ilə də təmin edək. Tikinti materialları ilə də bağlı çox gözəl mənzərə yaranmışdır. İndi mən bəzi rəqəmləri səsləndirəcəyəm, ilk növbədə, ictimaiyyət, eyni zamanda, biznes qurumları da bunu bilsinlər ki, hansı sahələrə onlar daha çox investisiya qoysunlar.

 

(ardı var)

Tarix
11 Mart 2015 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin