Ana səhifə
24 Sentyabr 2018

Regionlarda mədəni irs qorunur

Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam etdirilir

 

 Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının qəbulundan bir il keçib. 2004-2014-cü illəri əhzatə edən bu proqramda mədəniyyət sahəsində bir sıra prioritetlər müəyyən edilib. Qarşıdakı illərdə regionlarda mədəni irsin qorunması, qloballaşma şəraitində mədəni çeşidliliyin daha da inkişaf etdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam etdiriləcək.

Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Mədəniyyət və turizm naziri Ə.Qarayev də bu sahədə vacib işlərin görülməsininin vacib olduğunu vurğulayıb.  O, Azərbaycanda gedən sosial-iqtisadi inkişaf fonunda mədəni xidmətlərin səviyyəsinin artırılmasının vacib olduğunu bildirdi: « Mədəniyyət və Turizm Nazirliyi yaradılarkən, qurumun qarşısına müəyyən vəzifələr qoyulub Bu vəzifələrin icra müddəti müxtəlif vaxtlar üçün nəzərdə tutula bilər. Lakin bizim əsas məqsədimiz bu gün ölkə prezidentinin apardığı geniş iqtisadi-sosial siyasətin sürəti ilə mədəni xidmətlərin səviyyəsini uyğunlaşdırmaqdır. Regionlarda gedən yenidənqurma və bərpa prosesinə, yeni iş yerlərinin açılmasına, infrastrukturun yenidən yaradılmasına, Azərbaycan əhalisinin yaşayış səviyyəsinə nəzər salsaq görərik ki, son illərdə Azərbaycanın görkəmi çox dəyişib. Ölkəyə gələn hər bir insan bunu hiss edir. Azərbaycan inkişafda olan ölkələrin sırasından inkişaf etmiş ölkələr sırasına keçib. Kadr potensialının bu inkişafa uyğunlaşdırılması vacibdir. Bu kursların əsas məqsədi də yeniliklərin öyrənilməsinə və tətbiqinə xidmət etməlidir. İşimizi dünyada baş verən proseslərə uyğunlaşdırmalıyıq. Təbii ki, bunu da adət-ənənələrimiz, milli-mədəni dəyərlər çərçivəsində etməliyik. Biz gərək dünyada baş verən yenilikləri öz işimizdə tətbiq edək, qloballaşan dünya ilə ayaqlaşaq».

Nazir mədəniyyətin hər sahəsi, o cümlədən kitabxana, muzey, teatr, turizm, tarixi abidələrin qorunması, kino ilə bağlı geniş fəaliyyət sənədlərinin, dövlət proqramlarının təsdiq olunduğunu nəzərə çatdırdı: «Mədəniyyət sahəsi üzrə hər bir istiqamətə aid proqramların həyata keçirilməsi üçün büdcədən vəsait ayrılır. Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitin həcmi hər il artır. Bunun qarşılığında da biz öz töhfəmizi verməliyik. Ölkə başçısı tərəfindən mədəniyyət sahəsinə aid imzalanan qanun və sərəncamlar bizim masaüstü vəsaitimiz olmalıdır. Yeni metodologiya, texnologiya, üslub və metodlardan istifadə etməklə yanaşı, köhnə, özünü doğrultmuş üslubları da tətbiq etməklə, inkişafı təmin etməliyik».

Nazir qeyd etdi ki, müasir texnologiyalardan istifadə qabiliyyəti çox önəmlidir: «Bu gün biz respublika kitabxanalarında kitabların rəqəmsal daşıyıcılara köçürülməsinə daha çox önəm veririk. Artıq  regionlarda kitabxana-informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlərdə oxucuların qeydiyyatı aparılır. Eyni zamanda, rayonlarda müxtəlif xidmətlərin təmin edilməsi üçün yeni pilot-layihələr həyata keçirilir. Bu layihələrin reallaşdırılması nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edəcək xidmətlər göstəriləcək. Artıq bir neçə rayonda bu iş başlanıb. Layihənin gerçəkləşdirildiyi sonuncu məkan Bakının Binə kəndidir. İndi burada klub, kitabxana və musiqi məktəbi bir binada yerləşəcək. Hətta insanlar burada internet imkanları da əldə edə biləcəklər. Bu baxımdan yeniliklərin tətbiqi vacibdir».

Nazir dedi ki, yeni komplekslərin, mərkəzlərin yaradılması Azərbaycanda ümumi mədəniyyət xidmətlərinin səviyyəsinin artırılması ilə yanaşı, mədəniyyət şöbələrinin bütün imkanlara malik olması deməkdir. Ona görə dövlət tərəfindən qəbul edilən yeni proqramlar istiqamətverici sənəd hesab edilməlidir. Burada tətbiq olunacaq yeniliklər yerli şəraitlə uyğunlaşdırıldıqdan sonra nazirliyə təqdim olunmalıdır.

Ə.Qarayevin sözlərinə görə, vaxtilə Azərbaycan mədəniyyətini özümüzə və keçmiş MDB məkanına təqdim etməyi düşünürdüksə, bu gün o çərçivədən çıxmışıq. Azərbaycan UNESCO-da, İSESCO-da, əksər beynəlxalq qurumlarda özünün mövqeyi olan fəal bir ölkədir: «Bu mövqeyi möhkəmləndirmək üçün bizim hazırlığımız olmalıdır. Dünyaya açılan pəncərə bir tərəfdən bizi sevindirsə də, digər tərəfdən məsuliyyətimizi artırır». Göründüyü kimi regionlarda mədəniyyət sahəsində önəmli layihələrin həyata keçirilməsi daima diqqət mərkəzindədir və bundan sonra da davam etdiriləcək. Yalnız iri şəhərlərdə deyil, rayonlarda da əhaliyə yüksək xidmət göstərən mədəniyyət ocaqları yaradılıb. Yeni klublar, kitabxanalar və s. tikilir və ya yenidən qurulur. Aydındır ki, Hacıqabul rayonu da bu sahədə öndə gedən rayonlardan biridir. 2014-cü ildə rayon Mədəniyyət və Turizm şöbəsində 19 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd Mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, MKS-i üzrə 27 müstəqil dövlət kitabxanası, o cümlədən rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 7 illik şəhər Uşaq musiqi məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərib. Şöbə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmış və bir sıra müxtəlif səpkili tədbirlər həyata keçirib. Mayın 7-də Heydər Əliyev mərkəzinin qarşısındakı parkda Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş kitab bayramı təşkil olunub. Sakinlər bu tədbirə böyük maraq göstərib və fəal iştirak ediblər.

Yçüncü dövlət proqramının həyata keçirilməsinin birinci ilində rayon kitabxanalarına daxil olan 1559 ədəd kitabdan, 918 ədədi Prezident İlham Əliyev tərəfindən ölkə kitabxanalarına təmənnasız hədiyyə edilib. Kitab fondunun ümumi sayı 155797 nüsxədən ibarətdir. Bu isə böyük potensialdı.

 

Hələ də şəhər Uşaq Musiqi məktəbi, Tarix Diyarşünaslıq muzeyi, Mərkəzi kitabxana uyğunlaşdırılmış binalarda yerləşir. Yalnız rayonda deyil, kəndlərdə də mədəniyyət müəssisələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb, şəraiti olmayan klubların fəaliyyəti dayandırılıb. Bu cür obyektlər yenidən qurulacaq. Məsələn, Talış kənd Mədəniyyət evi, Pirsaatçay kənd klubu bina şəraiti olmadığı üçün fəaliyyətini dayandırıb. Həmçinin 4 kənd klubları, 27 kitabxana filialları uyğunlaşdırılmış binalarda yerləşir. Həmin müəssisələrin yeni binalara ehtiyacı var və yaxın illərdə bu problem də aradan qaldırılacaq.  Şəhər Uşaq Musiqi məktəbi, rayon Mərkəzi kitabxanası və rayon Tarix-Diyarşünaslıq muzeyi üçün yeni binaların tikilməsi Dövlət Proqramına salınıb. Bunlar isə rayonda mədəniyyət sahəsinə böyük diqqətin olduğunu göstərir.

 

 

Tarix
11 Mart 2015 [11:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin