Ana səhifə
18 Sentyabr 2018

Bəşir Səfəroğlunun doğum günüdür

Afaq Bəşirqızı: “46 ildir həyatda yoxdur və bu, məni çox kədərləndirir”

 

Arif Quliyev: “O, sevgini mən hələ heç bir aktyorda görməmişəm”

 

Bu gün mərhum gülüş ustası, xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür. O, martın 11-də Bakıda dünyaya gəlib. Yeddi illik təhsil alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. 14 yaşında sürücülər klubunun dram dərnəyinə gedib və orada kiçik rollar canlandırıb. O, ilk dəfə səhnədə “Sevil” tamaşasında Gündüz obrazını oynayıb. Bir il sonra Musiqili Teatra gəlib və tamaşalarda iştirak edib. 1941-ci ildə könüllü müharibəyə gedib və kontuziya alaraq eşitmək və danışmaq qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatr tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb və bir müddət sonra truppaya aktyor qəbul ediblər. Həmin vaxtdan Bəşir Səfəroğılunun aktyorluq fəaliyyəti başlayıb. O, Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, dramaturq və bəstəkarların musiqiqli komediyalarında müxtəlif xarakterli, satiristik, yumoristik rollarla çıxış edib. Aktyor “Beş manatlıq gəlin”də Möhsün, “Məşədi İbad”da Məşədi İbad və.sair kimi bir çox obrazları canlandırıb. Xalq artisti 7 filmə çəkilib, “Aygün”də Əmirxanın dostu, “Qəribə əhvalat”da Cəmil, “Əhməd haradadır?”da Sərxoş, “Ulduz” filmində Gülümsərov, “Tacik film”in çəkdiyi “Xoca Nəsrəddinin 12 qəbri”ndə Xoca Nəsrəddin, “Yun şal”da Kişi, “Yaşamaq gözəldir, qardaşım”da Səfər obrazlarını canlandırıb. Xalq artsiti dünyasını 44 yaşında dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Bəşir Səfəroğlunun qızı, xalq artsiti Afaq Bəşirqızı “Üç nöqtə”yə bildirdi ki, xalq artistinin 90 illik yubileyi bir çox ölkələrdə qeyd ediləcək: “Bu gün Bəşir müəllimin qəbrini Fəxri xiyabanda ziyarət edəcəyik. Sonra isə bir övladı kimi onun Təzə pir məscidində anım gününü qeyd edəcəyik. Moskvada, Türkiyədə və Amerikada Bəşir Səfəroğlu ilə bağlı tədbirlər keçiriləcək. Oktyabrda isə mənim 60 illik, atamın isə 90 illik yubileyini qeyd edəcəyik. Bu tədbir ya Heydər Əliyev Sarayında, ya da Musiqili Teatrda qeyd ediləcək. Çox istərdim ki, bizim teatrda olsun, çünki Bəşir Səfəroğlunun doğma teatrıdır. Amma hər ikizimizin yubileyi bir yerdə qeyd edildiyinə görə hansı məkanda olacağını dəqiqləşməmişik. Şəhərin monitorlarında roliki gedəcək. Əgər çatdıra bilsək, bəzi rayonlarda da yubileyləri qeyd edəcəyik”.

Xalq artisti hər gününü Bəşir Sədəroğlunun xatirələri ilə keçirdiyini dilə gətirdi: “Bəşir Səfəroğlu deyəndə gözümün önündə böyük sənətkar və gözəl ata canlanır. Ata və böyük sənətkar kimi hər zaman mənimlə yaşayır. Hər günüm Bəşir müəllimlə bağlı xatirələrlə keçir. O, artıq 46 ildir ki, həyatda yoxdur və bu, məni çox kədərləndirir. Atam ömrünün son vaxtlarında ağır əməliyyat keçirmişdi və bir il, iki ay yaşamasının səbəbkarı həkimin onun aldatması olub. Təsadüfən beşinci mərtəbəyə qalxan qonşumuza məqam tapıb deyib ki, bu nömrəyə zəng edəcəklər, Bəşir Səfəroğlu ikinci telefonda qulaq asacaq. O, diaqnozu soruşanda deyin ki, heç nə yoxdur. Sağ olsun həmin o qonşu ki, onu elədi. Bizimkilər zəng edib soruşanda ki, düzünü deyin, cavab verdi ki, Bəşir Səfəroğlunda heç nə yoxdur».

Xalq artisti, yumor aktyoru Arif Quliyev qeyd etdi ki, Bəşir Səfəroğlu öz zəhməti, istedadı hesabına böyük sənətkar oldu: “İstedad hər insanda var, amma onu üzə çıxarmaq hər adamda yoxdur. O xüsusiyyət Bəşir Səfəroğlunda vardı. Çox zəhmətkeş insan olub. O, bizim üçün örnəkdir. Mən onu bir dəfə Əli Bayramlı internat məktəbində qastrol səfərdə olanda görmüşəm. Onun sənətinə vurğun idim. Bəşir Səfəroğlu səhnəyə çıxanda, hətta kölgəsi düşəndə tamaşaçaılar onu alqışlarla qarşılayırdı, çox sevirdi. O, sevgini mən hələ heç bir aktyorda görməmişəm. Obrazlarını elə oynayırdı ki, tamaşaçılar heyranlıqla onu izləyirdilər. Bəşir Səfəroğlu dərin mənalı gözəl ifaçılıq nümayiş etdirdi. İnsanlar ona vurğunluğunu, sevgisini əsirgəyə bilmirdilər. Daim alqışlanırdı, axtarılırdı. Çox təəssüf ki, xəstəlik onu tez apardı. Allah rəhmət etsin, məkanı cənnət olsun”.

Xalq artisti onu da bildirdi ki, gənc olanda Bəşir Səfəroğlu sənətindən bəhrələnib: “Onun sənətinin bənzərsizliyinə heyran idik. O sənətkardan çox şey öyrənmişik. Hələ əsərlərinə, televizoyada çıxışlarına baxa-baxa çox şey öyrənmişik. Obrazlarını canlı izləsəydik, görün nələr öyrənə bilərdik. Bəşir müəllim cismən aramızda yoxdur, amma mənən bizimlədir. Onun obrazlarına gülür və hiss ediriksə, deməli yaşayır. Bəşir Səfəroğlu həmişə bizimlədir və həmişə də yad etməliyik”.

 

 

Rəqsanə

Tarix
10 Mart 2015 [21:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin