Xalq artisti Yaşar Nurinin vəfatından 9 il ötür

12:50 - 22 Noyabr 2021 - Mədəniyyət

Komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq artisti Yaşar Nurinin vəfatından 9 il ötür.

Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci ildə Bakıda anadan olub. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb.
Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsi bitirib, Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Bundan sonra Y.Nuri teletamaşalrda, səhnədə və kino sənətində məharətini nümayiş etdirərək yüzlərlə tamaşa və filmdə rəngarəng obrazlar yaradaraq geniş tamaşaçı rəğbətini qazanıb.

Böyük aktyor teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ifa edib.

Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb.

1981-ci ildə 30 illik yubileyində ona Əməkdar artist adı, 1991-ci ildə "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilib. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilib.
2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunub.

İstedadlı aktyor "Yaramaz" filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət Mükafatına, sonra "Qızıl dərviş" Mükafatına,Azərbaycan Respublikası Prezidentinin I dərəcəli Mükafatına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, "Şöhrət" ordeninə və Milli Kino Mükafatına layiq görülüb.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Xəbər xətti