Ana səhifə
23 May 2018

Məktəb, cavanlıq, kinostudiya illəri... - MÜSAHİBƏ

NADİR ƏZMƏMMƏDOV: “YUXARI SİNİFLƏRDƏ OXUYARKƏN QƏRAR VERMİŞDİM Kİ, İNCƏSƏNƏT ADAMI OLACAĞAM“

 

«Əvvəlki yaxınlığı indi hiss etmirəm »

 

Jurnalistlər tez-tez sorğu keçirib, onlarla dövlət qurumları arasında ən yaxşı körpü yarada bilən mətbuat xidməti rəhbərlərini seçirlər. Şəxsən məndən rəy soruşulanda heç bir mübaliğəyə yol vermədən 3 mətbuat katibinin adını çəkirəmsə, onlardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzmməmədovdur. Müsahibimiz ixtisasça jurnalist olmasa da, bu sahəni jurnalistdən heç də pis bilmir. Çünki yaradıçı şəxs olan Nadir müəllim jurnalistikaya çox da uzaq olmayan bir peşənin sahibi olub. Onun tərcümeyi halı ilə tanışlıq zamanı öyrəndim ki, 3 fevral 1953-cü ildə anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb, 1977-1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. N.Əzməmmədov 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirib, 1978-ci ildə "Azərbaycanfilm" Kinostudiyasında bədii filmlər üzrə rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar aktyor, ikinci rejissor kimi fəaliyyətini davam etdirib.
Müxtəlif illərdə çəkilmiş 20-yə yaxın bədii və qısametrajlı filmlərdə aktyor, rejissor assistenti və rejissor olub: "Od içində" (1978) - aktyor; "Qəribə adam" (1979) - rejissor assistenti, aktyor; "Anlamaq istəyirəm" (1980) - rejissor assistenti, aktyor; "Birisigün gecəyarısı..." (1981) - rejissor assistenti, aktyor; "Asif, Vasif, Ağasif" (1983) - rejissor assistenti, aktyor; "Park" (1984) - aktyor; "Tənha narın nağılı" (1984) - aktyor; "Qanlı zəmi" (1985) - rejissor assistenti; "Sizi dünyalar qədər sevirdim" (1985) - rejissor assistenti; "İşarəni dənizdən gözləyin" (1986) - rejissor assistenti; "Şeytan göz qabağında" (1987) - ikinci rejissor, aktyor ("KAMAZ"ın sürücüsü); "Yaramaz" (1988) - ikinci rejissor; "Yaşa, qızıl balıq (1988) - ikinci rejissor; "Alman klinikasına şəxsi səfər" (1988) - aktyor; "Hücum" (1989) - rejissor assistenti; "Gecə qatarında qətl" (1990) - ikinci rejissor, aktyor; "Qara Volqa" (1994) - ikinci rejissor, aktyor (Səfərəli); "Biz qayıdacağıq (2007) - aktyor.

 “Tanınmışların yaddaq qalan tələbəlik illəri” rubrikasının bu dəfəki qonağı Nadir müəllimdir..

 

- İncəsənəti – kino rejisorluğunu seçmək öz istəyim idi. Erkən yaşlarda məndə aktyorluğa, incəsənətə böyük istək olub. Yuxarı siniflərdə artıq qərar vermişdim ki, incəsənət adamı olacağam.  C.Cabbarlı adına kinofilm studiyasında görkəmli aktyor Ədil İskəndərovun yaratdığı kurs fəaliyyət göstərirdi. O vaxt tanınmış aktyorlardan Yaşar Nuri, Telman Adıgözəlov da o kursda oxuyurdu. Mənim müəllimim Elxan Qasımov idi. Sonra sənədlərimi İncəsənət İnstitutuna verdim, ora qəbul digərlərindən fərqli olaraq bir ay tez başlayırdı. 10-ci sinifi qurtarıb, atestat alıb, həmin il sənəd vermək çətin olurdu. Bu səbəbdən 1 il gecikdim. Ona görə də yuxarıda adını çəkdiyim kursda oxumalı oldum. Ali məktəbi bitirdikdən sonra, hərbi xidmətdə oldum, əsgərlikdən qayıdandan sonra yenə kinostudiyada fəaliyyətə başladım.

Qəbul imtahanlarını da çox yaxşı xatırlayıram. İncəsənəti seçənlən əvvəlcə qabiliyyət imtahanı verməli idi. Qabiliyyət imtahanından çox az adam seçilirdi. Ondan sonra ümumi şəkildə qəbul imtahanları verirdik. Qabiliyyət imtahanını bizdən məşhur aktyor və rejisor Rza Təhmasib götürürdü. Onu ancaq filmlərdə görmüşdüm. Canlı ünsiyyət birinci dəfə idi. Odur ki, çox həyəcanlı idik. Eynəyin altından mənə baxırdı. İstedadımızı göstərmək üçün etüd təqdim etməli, şer deməli, hekayə danışmalı idik. Sonra dedi ki, gəl bir ritmini yoxlayaq. Əvvəl özü stola vurdu, sonra onun etdiklərini təkrar etdim. «Ssağ ol», deyib məni yola saaldılar. Beləcə qəbul olunduq. Bütün tələbəlik illərim İncəsənət İnstitutunda keçib. 1978-ci ildə artıq kinostudiyada işə qəbul olunmuşdum. 1980-ci ildə isə Moskvaya kinorejisorluq kursuna oxumağa göndərdilər, orda təhsil alıb geri qayıtdım. Sonra  işimlə əlaqədar bir neçə filmlərdə ikinci rejisor kimi işləmişəm. Aktyor kimi də öz çəkdiyim filmlərdə çəkilmişəm. “Qara volqa” filminin ikinci rejisoru və aktyoru olmuşam.

Tələbəliyimdə yadda qalan, maraqlı hadisələr çox olub. Kurs rəhbərim Əşrəf Quliyev olub. O rejisor idi. İlk dəfə məni televiziya dəvət etdilər. Həmin dövrdə çəkiliş canlı olmurdu. Əvvəl çəkib, sonra televiziya ilə yayımlayırdılar. Mən, bunu bilmirdim. İlk dəfə çəkilişdə olduğumdan bir narahatlıq hiss edirdim. Amma sonradan dedilər ki, bu, sınaq çəkilişidir. Yavaşca özümə gəldim, şer dedim, normal da qəbul olundu. Hər kəs ilk dəfə kamera görəndə sıxılır.

Tələbəliyimizdə asudə deyilən vaxt olmurdu. Tələbə yoldaşlarımdan bir qədər fərqlənirdim.Tədris kinoteatrı var idi. Mən orada yarımştat işləyirdim. Film səsləndirməyə gedirdik, tamaşalarda rol alırdıq. Düzdür, böyük rollar vermirdilər, epizodik rollara çəkilir, və səsləndirirdik.

Tələbəlik illərimdən sıx münasibətdə olduğum dostlar olub. Onlar arasında bu gün kifayət qədər tanınan kinorejisor Rövşən Almuradov da var. O, mənimlə birgə oxuyurdu. Hazırda serial çəkilişi ilə məşğuldur. Mən özümdə son zamanlar seriallara çəkilirəm. Keçən dəfə çəkildiyim serial Rövşən İsaqın lentə aldığı “Sonuncu fəsil” adlanır. Tamaşaçılar normal qəbul elədilər. Dəmiryolunda fəaliyyət göstərirəm. İstər-istəməz məni daha çox insanlar tanıyır. Əgər bu sistemdə 30 min işçi varsa, onların alə-uşağını nəzərə alanda bu 100 min tamaşaçı deməkdir. Serial nümayiş olunanda bu tamaşaçılarımın sayəsində reytinqİ yüksək olurdu.

Sovetlər Birliyi dağılandan sonra kinostudiya öz fəaliyyətini dayandırdı. Axırıncı "Qara volqa" filmində (1993) çəkildim. O illərdə bu, mənim çəkildiyim sonuncu film idi. Həmin dövrlərdə kinostudiyada kim pul tapırdı, o də film çəkirdi. Pul tapmaq çox çətin idi. Ailə-uşaq var idi, onları dolandırmaq lazım idi. Bir dəfə gömrük komitəsinə çəkilişə gəlmişdim. Həmin vaxtlar mətbuat xidmətləri yeni yaranırdı. Mənə iş təklifi etdilər və razılıq verərək işləməyə başladım. Həmin vaxt komitə sədri Tahir Əliyev idi, sonra Kəmaləddin Heydərov komitəyə sədr təyin olundu. Bir müddət də işlədim. Sonra yenidən qərar verdim ki, kinoya qayıdım. Təəssüf ki, yenə də film çəklişinə pul tapa bilmədik və məcbur olub mətbuata qayıtmalı oldum. Dəmiryolu mətbuat xidmətində işlədim. İndi də mətbuat rəhbəri kimi işləri davam etdirirəm.

Mənim dəmiryolları ilə bağlı ilk təcrübəm 1990-cı ildə "Gecə qatarında qətl" filmi ilə bağlı oldu. İlk dəfə qatardan o vaxt istifadə etdim. Filmdə mafiyadan söhbət gedir. Biz Bakıdan Kiyevədək yolda çəklişi həyata keçirdik. Rejissorluqdan mətbuat xidmətinə keçid, birdən-birə sahə dəyişikliyi, eyni zamanda jurnalistlərlə işləmək mənim üçün çətin olmadı. Çünki mən rejissor işlədiyim vaxtlar jurnalistlərlə əlaqələrim olub. Hazırda yalnız mətbuat xidmətinə rəhbərlik etmirəm, eyni zamanda kinostudiya ilə əlaqələrim var. Kinematoqrafiyanın üzvüyəm.  Bəlkə də tək bu işdə çalışsa idim, yorulardım, bezərdim. Belə daha maraqlı keçir, darıxdırıcı deyil.
İndi gənclik iləri ilə bağlı düşünəndə çox şeylər yadıma düşür. Məktəb, cavanlıq, kinostudiya illəri.... Özüm üçün bir nəticəni çıxarmışam. Əvvəllər insanlar arasında doğmalıq, mehribanlıq, səmimiyyət vardı. İndi zaman keçdikcə bunların hamısı azalıb. Dostluqlar yoxa çıxır, insanlar bir-birindən uzaqlaşır, yadlaşır. Bəzən olur ki, insan darıxır. Bu, hamıda olur. Həmin vaxt istəyirsən ki, yanında tanıdığın biri olsun, dərdini onunla bölüşəsən. Amma belə bir yaxın adam tapmaq indi çətindir.  Belə yaxınlıqlar keçmişdə qaldı. Əvvəllər insanlar bulvarda, "Torqovı"da gəzirdi, bir-birimizi görə bilirdik. İndi bu da yoxdur. Uzaqlaşmışıq özümüzdən. Məni narahat edən gələcək nəslin taleyidir. Biz hara gedirik? Bacı-qardaşı, əmioğlu əmioğlunu tanımaq istəmir. Uşaqlıqda bir yerdə oynadığımız uşaqlar vardı, sonradan hərəsi bir vəzifə sahibi oldu. Biz görüşürdük, amma daha görüşmürük, bir-birimizdən uzaqlaşmışıq. O dövrlə indiki dövr arasında çox fərq var. Düzdür, indi hər şey var, amma insani münasibətlər çox azalıb.
Əvvəl SSRİ məkanı qapalı idi, xaricə gediş-gəliş məhdud idi. İndi kim nə istəyir onu da edir. Məhsuliyyət hissi, cavbdehlik, böyüklərə hörmət, ailə bağları unudulur, insanlar yadlaşır. Əvvəl insanlar qəhrəmanlıq mövzusuna üstünlük verirdi, indi baş kəsməyə, fırıldaq yolu ilə pul qazanmağa, bir sözlə pis şeylərə meyllilik artıb. Əvvəllər bilmək olurdu ki, kim kimdir. Amma indi hamı qarışıb bir-birinə, insanları fərqləndirmək olmur. Dostluq gənclik dövründən başlayır, zaman keçdikcə pislri ələnib çıxdaş olur, tək-tük dostlar qalır. Uşaqlıq dostları ilə ara-sıra görüşsəm də, əvvəlki yaxınlığı indii hiss etmirəm. Çünki hər yaş dövrünün öz problemləri var. İndi elə yaş dövründəyik ki, qayğıya ehtiyacımız var. Hərdən uşaqlaşırsan, hərdən özünü ahıl hiss edirsən. Hərdən lap uşaqlaşır, kövrəlir, ağlayırsan. İnsan öz yaşını hiss etsə, yaşaya bilməz. Mən hər gün işə gələndə yeni həvəslə, yeni ruhla gəlirəm. İnsan ətrafındakılara müsbət enerji verməyi bacarmalıdır. Adi bir təbəssüm bütün günün gözəl keçməsinə səbəb ola bilir. İnsan bəzən keçmişə baxır, bəzi səhvlərinə görə, peşmançılıq çəkir. Hər adam səhv edə bilir, bəzən bu səhvlər rahatlıq da vermir. Amma həyat budur da...

 

Əfsun

Tarix
6 Mart 2015 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin