Ana səhifə
22 Fevral 2018

““Grammy” mükafatına layiq olmağım təsadüfi deyil”

Firəngiz Əlizadə: “Həmişə mübariz, müstəqil olmuşam və heç vaxt əyilməmişəm”

 

Azərbaycanda ilk dəfə “İmpuls” əsəri ilə “Grammy” mükafatına layiq görülən xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “Şənbə qonağı” rubrikasının qonağımızdır. Tanınmış bəstəkar Hilary Hahn ilə işbirliyi və yaradıcılığındakı uğurlar haqqında danışdı. 

 

- “İmpuls” əsəriniz “Grammy” mükafatına layiq görüldü. Bir bəstəkar kimi nə vaxtsa əsərinizin “Grammy”yə layiq olduğunu gözləyirdinizmi?

 

- “Grammy” nominasiyasına üç nəfər təqdim olunmuşdu, Lera Auerbax, Miçislav Vaynberq və mən.  Mükafatı mənim “İmpuls” əsərimə görə, amerikalı gənc skripkaçı, meqa-star Hilary Hahn alıb. Hilary Hahnın kompakt diski “İmpuls” adlanır. Hətta  bu yaxınlarda “San-Fransisko Xronika” qəzetində oxudum ki, bu kompakt disk haqqında böyük yazılar çıxır və orada yazılır ki, bu kompakt disk ilə meqa-star, gənc ifaçı Hilary Hahn bütün dünyaya, insanlara xoş “İmpuls” göndərir. Artıq dünyada əsərimin adı gözəl tərzdə hallanır. Təbii ki, mükafatı qazanmağa şübhələrim vardı, çünki 10 minlərlə kompakt disklərin arasında üç kompakt disk nominant seçilmişdir. Onların da içində mənim əsərimin olması çox böyük qürurdur.  Belə demək olar ki, səadət quşu başıma qondu və heç vaxt bunu gözləmirdim. Hilary Hahn ilk dəfə mənə zəng edəndə dedi musiqinizə qulaq asmışam və fikir vermişəm ki, siz ifaçılara hörmət edirsiniz, onlar üçün gözəl material verirsiniz. Sizin musiqiniz müasir musiqi dünyasında fərqlənir və ona görə sizə müraciət edirəm. Amma mən ilk dəfə deyil ki, belə meqa-starla əməkdaşlıq edirəm. Mstislav Rostropoviç, Yo-Yo Ma, İvan  Monigetti, Kronos Quartet, David Qerinqas, Evelin Qlenni mənim əsərlərimi ifa ediblər. Amma başqa tərədəfdən daima yaradacılığım üzərində işləyirdim. “Grammy”mükafatına layiq olmağım təsadüfi deyil. Təsadüf heç bir şey olmur, hər şey tədricən  hazırlanır. İnsan çalışır, çabalyır, axtarır, tapır və bir vaxt  nəyəsə nail olur.

 

- Hilary Hahn ilə işbirliyiniz necə başladı?

 

- Mənə email vasitəsilə yazdı ki, sizinlə danışmaq istəyirəm.  Sizi  necə tapım, siz haradasınız. Mən də yazdım ki, iki gündən sonra Berlində olacam. Orada mənə zəng etdi və ətraflı danışdıq. Sonra skayb vasitəsilə danışmağa başladıq. Dedi ki, sizin əsərinizdə ifaçı özünü göstərə bilər. Sözün düzü bir az məşqləri gecikdirdim. Ona görə ki, çox işlərim vardı. Hətta onun menecerinə email vasitəsilə yazdım ki, yəqin ki, artıq gecdir,

Hilary Hahn gözləmir. Sonra Hilary Hahn zəng etdi və dedi ki, sizi gözləyirik. Mən Berlində 10 gün hər şeydən uzaq durdum və telefonlara da cavab vermədim. Təbii ki, daxilimdə bu musiqi çoxdan cərəyan edirdi. Heç kim 10 günə belə əsər yaza bilməzdi. Əsəri göndərdikdən iki gündən sonra Hilary Hahn dedi ki, çox xoşuma gəlib.  Sonra işlərimizə görə əlaqələrimiz kəsildi. Sonra yavaş-yavaş dünyada olan dostlarımdan Hilary Hahnın

ifası haqqında xəbərlər almağa başladım, ilk dəfə Rio de Janeyrodan. Bir müddətdən sonra Hilary mənə dedi ki, bir həftədən sonra Berlində  olacaq. Görüşsəydik yaxşı olardı və biz orada görüşdük. Çox gözəl bir görüş keçdi və ilk dəfə onu qucaqlaya bildim. Mən onun Fransada, Berlində bir neçə konsertində olmuşam. Amma təsəvvür edə bilməzdim ki, bizim  belə əməkdaşlığımız olacaq. Bu mənim  üçün çox böyük xoşbəxtlikdir ki, mənim əsərlərimi meqa-star səviyyəsində olan ifaçılar ifa edirlər.

 

- Bundan sonra başqa bir musiqiçi bu əsəri ifa edə bilərmi?

 

- 2015-ci ilin axırına qədər heç kim “İmpuls” əsərimi ifa edə bilməz, yalnız Hilary Hahn bu əsəri ifa edə bilər. Dünyada müəllif haqqlarının çox sərt qanun-qaydası var. Hilary Hahn səviyyəsində yalnız muğam sənətində görə bilərik. Azərbaycan muğam sənəti doğrudan da dünya səviyyəsindədir. Amma başqa  sahələrdə bunu deyə bilmərik. Ona görə də gəncləri yaradıcılığa cəlb etməyə çalışıram, amma çox da üstlərinə getmirəm. Səviyyəni  bir günün içində düzəltmək mümkün deyil. Elə bir vaxt gələcək ki, Azərbaycan da müasir musiqi daha çox ifa olunacaq. Buna baxmayaraq gözəl hallar artıq var.

 

- İndiyə qədər Azərbaycanda bəstəkarlar arasında “Grammy” mükafatı alan yoxdur...

 

-  Qeyd etmək lazımdır ki, hələ 60-cı illərdə ilk dəfə müasir musiqinin ən çətin və nadir nümunələrini pionoçu olaraq Azərbaycanda mən ifa etmişəm. Bəzi əsərləri? hətta keçmiş SSRI-də ifa etmişəm. Amma 1988-92-ci illər çox çətin oldu, artıq konsertlər keçirilmirdi. Sanki bizim nailiyyətlərimiz bir anda yox oldu.

Hələ 1976-cı ildə SSSR-i bəstəkarları ilə birlikdə İtalyada oldum və öz “dodekafoniya” sistemində yazılan “Sonata”nı ifa etdim. Bu çox böyük əks-səda doğurmuşdu və hətta Romada  “Ekpressi” qəzetində “Azərbaycan dodekafoniyası”adlı məqalə dərc olunmuşdur. Bütün SSSR-də bu sistemə qadağa qoyulan bir vaxtında, biz Bakıda, Q. Qarayevin sinfində bu texnikadan istifadə edirdik. Çox şeylərə nail olmuşuq. Çünki bizim Üzeyir Hacıbəyli kimi qabaqcıl bəstəkarlarımız olub, bütün Sovet İttifaqı onun qarşısında baş əyirdi. İlk dəfə musiqiçilər arasında Üzeyir Hacıbəyli millət vəkili olub. Eləcə də Qara Qarayev musiqi sahəsinə böyük sənətkar olub. Belə korifey bəstəkarlarımız olub və onların tələbəsi kimi fəaliyyətimizi davam etmişik.

 

- Uğurlara nail olmağınızın sirri nədədir? Hər bir əziyyətə  dözüb, inamla addımlamısınız...

 

 - Adətən musiqi dünyasında dinastiyalar, ailə ənənələri böyük rol oynayır. Mən konservatoriyada tələbə olanda, ətrafımda hamı bizim böyük bəstəkarların və ya ifaçıların qohumları idi. Onların arasında təkcə mən musiqiçi olmayan ailədən idim. Və mən həmişə dərk etmişəm ki, təkcə özümə arxalana bilərəm. Amma sonra gördüm ki, bu hisslər mənə kömək edib. Həmişə mübariz, müstəqil olmuşam və heç vaxt əyilməmişəm. Təbii ki, burada dəstək də olmalıdır. Mənim dəstəkçilərim valideynlərim olub. Valideynlərim musiqiçi deyildilər, amma musiqini sevirdilər. Həmişə atam məni Opera və Balet Teatrına, bacım isə teatra aparırdı. Biz çox gözəl ailə mühitində böyümüşük və gözəl tərbiyə almışıq. Doğrudan da yaşadığın çətinliklər sonrakı həyatında insana kömək edir. Arnord Şöuberq çox mübariz bəstəkar olub, tamamilə tonal sistemini yıxıb və yeni bir “dodekafon” sistemini yaradıb. O Amerikada mükafata layiq görülən zaman deyib ki, “Mən uğurlarıma görə, düşmənlərimə minnətdaram. Onlar məni mübariz, əyilməz etdilər və rahat dayanmağa qoymadılar. Buna görə həmişə üzərimdə işləmişəm, mübariz və özümə tələbkar olmuşam. Doğrudan da gözəl sözlərdir.

 

- Bəs, sizin uğurlarınız artıqca düşmənləriniz artırmı?

 

- Bu öz yerindədir, onsuz ola bilməz. Mənə xaricdə deyirlər ki, Azərbaycanda qadın olmaq çox çətindir. Deyirəm ki, səhv düşünürsünüz: bizim qadınlarımız, hətta Amerikadan əvvəl qadınlara səs vermə hüququ veriblər. Amma bəzi şeylər var ki, onları yıxmaq mümkün deyil. Amma bu sözlərin düzgün tərəfləri də var. Azərbaycanda qadın olmaq çox çətindir, ailədə, qohumlar arasında da. Bizim müəyyən problemlərimiz olur.

 

- Bethovendən sözdüşmüşkən deyim ki, o, musiqinin  təsir qüvvəsini bəstəkarın hissindən asılı olduğunu bildirib. Bu fikirlə razısınızmı?

 

- Bəli. Hər insanın həyatında çətin anlar olur, eləcə də mənim. Ruhdan düşəndə, hər şeyə inamını itirəndə, həyatın qəddarlığını görəndə, çoxlu düşmənlər sənə qarşı çıxanda Bethovenin, Mozartın həyatını xatırlayıram. Mən onların yaşadıqları çətinliklərə acıyıram. Hər insanın bu dünyada öz yolu, taleyi var. Bizim də çətinliklərimiz az olmayıb.

 

- Bəstəkar xanım kimi sizin gücünüz nədədir?

 

- Bəstəkar qadın və kişi arasında heç bir fərq görmürəm. Musiqiyə qulaq asanda deyə bilmərəm ki, bunu qadın yaxud da kişi yazıb. İstedad, öz işinə məsuliyyət, ciddi  yanaşmaq varsa hər insan nailiyyətlər əldə edə bilər. Amma burada fədakarlıq lazımdır. Fədakarlıq bizim xalqımıza çətin başa gəlir, çünki heç kim  öz gözəl həyatından imtina etmək istəmir. 2007-ci ildə Bakıya gələndə  gördüm ki, hər gün bir təqdimat, konsert var. Düşündüm ki, bunlar necə olacaq, musiqi yaza bilməyəcəm. Mən inanmıram ki, bəstəkar yaxud da yazıçı üç təqdimata, bir tədbirə gedib sonra evə gəlib bir böyük əsər yazsın. Bu  mümkün deyil. Böyük əsər yazmaq üçün həyatda nədənsə imtina edəcəksən və özünü qoruyacaqsan. Böyük  əsər yazmaq üçün 10 gün, bir ay hətta yarım il də bəs etməz. Hər insan yolunu özü seçir, sən ya hər şeydən məhrum olub gözəl əsərlər ortaya qoyacaqsan, ya da adi insanlar kimi firavan yaşayacaqsan. Vaxtımı boş keçirməyi sevmirəm.  Misal üçün insanlar xarici ölkələrə gedib istirahət edirlər. Düşünürəm niyə boş vaxtlarını istirahətə ayırırlar. Bir işdən başqa işə keçmək mənə istirahət kimi gəlir. Mənim üçün kitablarım, notlarım, piano otağım ən gözəl yerdir. Orada çox anlamlı, sakit saatlar keçirirəm.  Təbii ki, sakitlik mütləq lazımdır, heç kim səni narahat etməməlidir. Heç vaxt oturub gözləmək lazım deyil, ilham pərim gəlsin və əsər yazasan, insan hər zaman üzərində işləməlidir. Hər şey  çox çətin və müxtəlifdir

 

- Firəngiz xanım, gələcəkdə siyasətçi olmaq istəyirmi?

 

- Yox, heç vaxt siyəsətçi olmaq istəməzdim. Mənim oğlum siyasətçidir və hərdən siyasət haqqında mən bir-iki söz deyəndə çox hirslənir və deyir ki, “Mən Bethoven haqqında danışıram? sən də siyasət haqqında danışma”. Ona görə ki, müasir dünyada siyasət çox mürəkkəb və dərindir. Ona görə ki, müasir dünyada siyasət  haqqında çalışın danışmayın. Həmişə mənə də yoldaşıma da belə deyir. Mən də görürəm və müşahidə edirəm ki, haqlı deyir. Yalnız müşahidə edə  bilərəm, amma siyasətlə məşğul olmaq istəmərəm. Mən sənət insanıyam.

 

 

Tarix
6 Mart 2015 [19:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ