Ana səhifə
20 Sentyabr 2018

Regionlarda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm islahatlar reallaşıb

Bu sahə neft və tikinti sahələrindən sonra ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir

 

 «Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur». Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Ərəstun Cavadov deyib. Onun sözlərinə görə, Azərbaycanda  kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur. Aqrar sahəyə göstərilən qayğı və dəstəyin nəticəsində ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım mövcuddur. Bu il iqlim şəraitinin yaxşı olmaması, quraqlıq olmasına baxmayaraq müsbət nəticələr əld əedilib.

Ümumilikdə, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir.  Belə ki, subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, kənd təsərrüfatında intensiv metodların tətbiqinin stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının təşviqi, müasir texnologiyalara əsaslanan iri təsərrüfatların yaradılması prioritetlər sırasındadır. Eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilir, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Dövlət qayğısının artırılmasının nəticəsidir ki, 2014-cü ildə fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi 2014-cü ilinin payına düşüb. Beləliklə, idxal qiymətlərinin azaldılması ilə yanaşı, tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə edə biliblər. Bu da məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə eyni səviyyədə müsbət təsir göstəib.

Bundan əlavə, bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım verilib. 2014-cü ili ölkəmiz ilə FAO arasında əməkdaşlığın dönüş ili adlandırmaq olar. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilib. Nazirin sözlərinə görə, indiyədək yalnız ABŞ, Yaponiya, Belçika və İsveçrədə mövcud olan belə ofisin ölkəmizdə təsis edilməsi, qlobal və milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan dövlətinin siyasi iradəsindən xəbər verir.

«Dövlət başçısının tapşırığına uyğun olaraq Bakı şəhərində hər həftə sonları və bayram günləri təşkil edilən yarmarkaların fəaliyyəti daha da təkmilləşdirilib. Özəl biznes subyektləri ilə əməkdaşlıq sistemi yaradılaraq iqtisadi tənzimləmə və valyuta bazarında olduğu kimi ərzaq bazarına natural məhsullarla “intervensiya” tədbirləri nəticəsində həm Qurban bayramı, həm də Yeni il ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu yaradılıb və qiymət dəyişmələri baş verməyib»,-o deyib.

FAO-nun hesablamalarına görə, qlobal səviyyədə istehsal həcmini lazımi səviyyədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatına tələb olunan illik xalis investisiya qoyuluşu təqribən 83 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu investisiyaların 60 faizdən çoxunun məhz kənd təsərrüfatı istehsalına xidmət edən bazar infrastrukturuna yönəldilməsi zəruri hesab edilir. Bütün bunlar, Azərbaycan dövlətinin anbar-tədarük və topdansatış bazar infrastrukturunun inkişafını dəstəkləməklə bağlı siyasətinin qlobal çağırışlarla tam səsləşdiyini göstərir.

Əvvəldə qeyd etdildiyi kimi quraqlıq və əlverişsiz hava şəraiti səbəbindən toxumçuluq sahəsində ciddi problemlər yaransa da, dövlət büdcəsindən ayrılan 2,8 milyon manat vəsait hesabına bir sıra rayonlarda fermerlərə pulsuz toxum verilməsi yolu ilə qısa müddət ərzində o aradan qaldırılıb. Bu insanların bu sahəyə olan marağının azalmasına imkan verməyib. Bu gün aşağıdakı problemlərin həlli istiqamətində tədbirlərin görülməsinə ehtiyac var.

- yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi;

- ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması;

- tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması;

- mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi

 

Qeyd edək ki,  dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə əhalinin ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü göstərir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təssərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməsi sabaha ümidlə baxmağa imkan verir. Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasət buna təminat verir. Regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edir.

 

Tarix
6 Mart 2015 [18:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin