“Azyaşlı uşaqların şəkillərini paylaşanlara xəbərdarlıq”

11:52 - 23 Oktyabr 2021 - Cəmiyyət

Hacı Şahin: “Yeni doğulmuş uşağın şəklinin sosial şəbəkələrdə paylaşılması qadağan edilməsə də, məqsədəuyğun deyil”
Narınc Rüstəmova: “Psixologiyası zəif olan insanlar var və onlar uşaqlara qarşı cinsi meyilli olurlar”


Bu gün bir çox valideynlərin kiçik yaşlı uşaqlarının şəkillərini sosial şəbəkələrdə paylaşması dəb halını alıb. Hətta yeni doğulan körpələrinin də şəkillərini paylaşmaqdan çəkinmirlər. Rusiyada keçirilən bir sorğuda insanların 70 faizi sosial şəbəkələrdə onları qıcıqlandıran şəkillər sırasında uşaq şəkillərinin olduğunu və bunun insanlarda həsəd və paxıllıq hisslərini gücləndirdiyini vurğulayıblar.

Mövzu ilə bağlı “Ucnoqta.az”a açıqlama verən uşaq psixoloqu Narınc Rüstəmova bildirdi ki, şəxsi və ya övladlarının şəkillərini paylaşan valideynlər bəyənmələrin və rəylərin çoxluğunu görüb özlərini xoşbəxt hiss edirlər: “Amma uşaqların çimərkən və ya uyğunsuz şəkillərinin paylaşılması düzgün deyil. Bütün hallarda bu, uşağın psixologiyasına öz təsirini mütləq göstərir. Xüsusilə, ölkəmizdə oğlan uşaqları olan valideynlərdə uşağın çılpaq şəkillərini paylaşmaq və saxlamaq halları daha çox müşahidə olunur.  Unutmaq olmaz ki, uşaqda kiçik yaşda anlamadığı məhrəmiyyət anlayışı böyüyən zaman formalaşır. Bu da həmin uşaqlarda kompleks yaradır və valideynlər uşaqlıq vaxtı olan bir problemdən və ya cinsəlliyindən danışan zaman sıxılır. Bundan sonra uşaqda utancverici bir hal formalaşır və bu şəxslərdə artıq özünə güvənsizlik ortaya çıxır”.

N.Rüstəmova onu da qeyd etdi ki, psixologiyası zəif olan insanlar var və onlar uşaqlara qarşı cinsi meyilli olurlar: “ Bu da elə insanların diqqətini çəkə bilər. Hazırda valideynlər sosial şəbəkələrdən o qədər asılı olublar ki, gün ərzində bütün xırdalıqlarına qədər, harada oturduğunu, nə yediyini, uşaqların necə davrandığını və ən əsası yaşadıqları ünvanlarını belə qeyd edirlər. Lakin düşünmürlər ki, psixi pozğunluğu olan “manyak” kimi tanınan şəxslərdə maraq yaranır və arxasınca yaşadığı ünvana gələ bilər. İnsanın özünə, uşağına xəsarət yetirmək halları qaçınılmaz olur. Bu dediklərim bizə çox uzaq amerika filmləri kimi görünə bilər, lakin heç də uzaqda deyil. Biz işlədiyimiz insanlarda bu hallarla rastlaşırıq. Həmin insanlar bunu öz başına yox, qonşusunun başına gəlmiş hadisə kimi deyirlər. Müzakirə edirik və məlum olur ki, bunun yayılmasından qorxduqları üçün gizlədirlər. Təəssüf ki, bu kimi mövzular gizləndikcə bu kimi hallar gizli şəkildə baş verməyə davam edir.  Yaxşı olar ki, hər hansı bir sosial həyatı olmayan insanlar öz şəxsi həyatlarını bir az qapalı tutsunlar. Yaşadıqlarını, sevdiyi insanlar keçirdiyi özəl anlarını paylaşmasınlar. Bu kimi halları iki nəfərə göstərmək üçün paylaşdıqda artıq 5 nəfər görür, bu da digər insanlarda qıcıq yaradır. El içində “gözə gələr, nəzər dəyər” deyilən anlayış burada öz təsdiqini tapır. Göz bio enerjinin qarşı tərəfə ötürülməsidir. Bu kimi hallar da mümkündür və ola bilər. İctimai insanların, tanınmış müğənnilərin həyatı hər kəsə maraqlıdır, onlar harada olduqlarını, öz fəaliyyətlərini paylaşırlar. Hər kəs baxır ki, müğənnidir, tanınmış bir şəxsdir, onun həyatı əlçatmazdır.  Hər hansı bir sıravi insanın bu kimi hallarını paylaşmaq, məsələn, övladı olmayan biri həmin şəxsin uşağının şəkillərini, gəzdiyi yerləri, yediyi yeməkləri görür və ona qarşı aqressiya formalaşır, qıcıq yaradır. Narkomaniya və əxlaqsızlıqdan sonra internet artıq dünyada asılılıq xəstəlikləri sırasında üçüncü yerdədir”.

Din xadimi Hacı Şahin Həsənli isə qeyd etdi ki, uşaqların şəkillərini paylaşmaq dini tərəfdən qadağan edilməyib: “40 günü bitməmiş körpənin şəklini paylaşmaq və ya görüşünə getmək olmaz” kimi düşüncələr də dinimiz tərəfindən qadağan olunmayıb. Sadəcə olaraq, insanın əlində olanlarla fəxr etməsi dinimiz tərəfindən qadağan edilib. Bu da başqalarını narahat şəkildə olacaqsa din bunu məqbul hesab etmir. Övladların və ya var-dövlətin nümayişi görüntü xatirinə edilirsə, bu yolverilməzdir. Uşaqların şəkillərini paylaşan valideynlərə tövsiyə edərdim ki, övlad həsrəti çəkən insanları nəzərə alsınlar, onların qəlbinə toxunmasınlar. Yeni doğulmuş uşağın şəklinin sosial şəbəkələrdə paylaşılması qadağan edilməsə də, məqsədəuyğun deyil”.

Gec yaşda ana olan Dilarə Əhmədova isə dedi ki, 14 il övlad həsrəti çəkib: “Mənimlə birlikdə bütün dost-tanışlar da səbrsizliklə onun yolunu gözləyirdilər.  Övladım dünyaya gəldiyi andan hamı onu görməyə can atırdı. Doğum evi şərtləri isə buna imkan vermirdi. Ona görə də qızımın şəklini elə doğulduğu gün sosial şəbəkədə paylaşdım. Hamı gördü və çox sevindi. Öz xoş sözlərini, arzu və niyyətlərini bildirdilər.  Düşünmürəm ki, ətrafımdakı insanlar 14 il sonra qovuşduğum möcüzəmə paxıllıq edib pis gözlə baxsınlar. Ona görə də rahatlıqla övladımızın şəkillərini sosial şəbəkələrdə paylaşırıq”.

21 yaşında ilk dəfə ana olmuş Mehriban Qafarova nəinki qızının şəklini paylaşdığını, hətta 40 gün müddətində kənar şəxslərin görməsinə də icazə vermədiyini qeyd etdi: “Gözə, nəzərə çox inanıram və övladımı bundan qorumaq üçün əlimdən gələni edirəm. Əslində yoldaşım da mənimlə eyni fikirdədir. Övladımızın şəkillərini paylaşmağı heç vaxt düşünmürük. Dost var, düşmən var, hərə bir söz deyir, paxıllıq edir, həsəd aparır. Ona görə də övladımız böyüyüb, boya-başa çatmayınca şəkillərini paylaşmayacağıq”.

Samirə

Xəbər xətti