Ana səhifə
21 Noyabr 2018

Serial, film, yoxsa teatr sahəsi inkişaf edir?

Şeyx Əbdül Mahmudbəyov: «Yavaş-yavaş sərbəst düşüncəmizi, öz əqli şüurumuzunu inkişaf etdirə bilmirik, robortlaşırıq»

 

Kübra Əliyeva: “Teatrda işləyən yoldaşlarımızın üzündə o sevgini görmürəm”

 

İlham Əsgərov: “Mənasız tamaşadan, kinolardan, seriallardan zövq ala bilmirəm”

 

Günü-gündən seriallar, filmlər çəkilir, teatrlarda isə yeni-yeni tamaşalar hazırlanır. Ümumi nəticəni nəzərə alaraq hansı sahənin daha çox inkişaf etdiyi maraqlıdır. Görəsən, bu gün daha çox film, serial, yoxsa teatr sahəsi inkişaf edir?

Картинки по запросу Şeyx Əbdül Mahmudbəyov

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov dedi ki, televiziyada çəkilən serialları gənclər çəkir və bu ekran əsərləri kino sahəsindən tamamilə fərqlidir: «Televiziyada yayımlanan ekran işlərinin adını serial qoyurlar. Amma televiziya estetikası ilə kino sahəsi texnika, çəkiliş, rejissor, sənət, aktyor oyunu, musiqi, təcrübə və s. baxımından tamamilə fərqlidir. O serialların hamısına da serial adı vermək olmur. Kimsə kiminsə hesabına beş-üç qəpik pul tapıb, orada iştirak edən heyətə pul verir. Hazırda pul verib mahnı yazdırmaq, kitab çap etdirmək də dəbdir. Seriallar da belədir. Məni yalnız sevindirən hal odur ki, cavan yoldaşlarım üçün nə yaxşı o işlər var və ondan ailələri üçün bir az pul qazanırlar, gündəmdə qalırlar. Amma televiziyada serial dediklərinin kino sahəsinə heç bir aidiyyatı yoxdur. Bunlar fərqli şeylərdir”.

Ə.Mahmudbəyov onu da dedi ki, Azərbaycanda teatr böyük tarixi, ənənəsi olan bir məbədgahdır: “Çox təəssüflər olsun ki, bügünkü texnologiya, kreativ düşüncə, insanların ev şəratində yüzlərlə kanala baxmaları teatra tamaşaçının az gəlməsinə səbəb olub. Çünki teatra getmək və bir tamaşaya baxmaq üçün ən azından bir adam 5-6 saat vaxt itirir - hazırlaşması, teatra gəlməsi, tamaşaya baxması və sair. İstədiyi tamaşaya, filmə, seriala evdə otura-otura, yeməyini yeyə-yeyə internetdə, televiziyada da baxa bilir. Amma bizim uduzduğumuz böyük faciə ondan ibarətdir ki, yavaş-yavaş sərbəst düşüncəmizi, öz əqli şüurumuzunu inkişaf etdirə bilmirik, robortlaşırıq. Beləliklə, kreativ insana çevrilirik. Çünki bizim yerimizə hamısını komputer, texnologiya edir”.

Əməkdar artist Kübra Əliyeva teatr sahəsinin inkişaf etdiyini qeyd etdi:

“Teatrda inkişaf var, hər gün yeni tamaşalar hazırlayırlar. Əvvəllər biz teatrda işləyəndə və tamaşada iştirak edəndə sevincdən, fərəhdən sanki uçurduq. Amma bu gün teatrda işləyən yoldaşlarımızın üzündə o sevgini görmürəm. Axı, taetrda çalışmağın özü də bir bəxtəvərlikdir. Seriallara və yeni çəkilən filmlərə gəlincə, qeyd edim ki, onları izləmirəm və bu barədə də fikir bildirə bilmərəm. Mən televiziyada xəbərlərə və bəzi verilişlərə baxıram və ona görə də ekran əsərləri haqqında fikir bildirmək çətindir. Amma  mənim tanışlarım var ki, seriallarımızın yaxşı olduğunu və baxdıqlarını bildirirlər. Teatr mənim həyatımdır, ora 42 il ömrümü vermişəm və teatrdan yan keçə bilmərəm. Teatr nə qədər inkişaf etsə, elə bilirəm ki, bütün xəstəliklərim sağalır, ürəyim fərəhlənir. Teatrda tamaşaların premyeralarını oxuyuram və görürəm ki, inkişaf var. Bizim oynadığımız tamaşalarda işlədiyimiz ifadələr insanların dilində istifadə edilirdi, amma bu gün onu görmürəm. Teatra getmirəm, yalnız dəvət olunanda gedirəm. Teatrsız mənə çox çətindir, həyatımın 42 ilini, gəncliyimi, bütün ömrümü ora vermişəm».

Xalq artisti İlham Əsgərov isə dedi ki, serial, kino və teatr sahəsinin daha da inkişaf etməsi onun arzusudur: “Hər üç sahə mənə yaxındır. Amma birinci növbədə teatr sahəsinin inkişaf etməsini və tearda daha da yaxşı əsərlərin səhnələşdirilməsini arzu edirəm. Yaxşı tamaşalarımız da var. Əsərlər yaxşı, amma rejissor tərəfindən düzgün quruluş verilməyə bilər. Onda isə tamaşa yaxşı alınmır. Serial çəkən rejissorların çoxunu tanımıram. Çıxıblar meydana, heç bilmirsən ki, bu insan rejissordurmu, bu sahəyə necə gəlib?”.

Xalq artisti onu da vurğuladı ki, teatrda səhnələşdirilən əsərlərə gözəl deyə bilərik, amma quruluşlar bəzən bərbad vəziyyətdə olurlar: “Onların da necə qəbul olunduqlarını bilmirəm. Narahatçılığımız yalnız bundandır. Biz də qohumları, ziyalıları, tanışları dəvət edəndə tamaşlarımızdan razı qalmalarını istəyirik.  Filmlərdə də bədii keyfiyyətə üstünlük verirəm. Seriallın isə uzun-uzadı çəkilməsini sevmirəm. Çünki mənası olmayanda yaxşı alınmır. Ekran və səhnə əsərlərində aktyorlarla yanaşı yaxşı rejissor işi də olmalıdır. Bu sahələr məsuliyyətli sahələrdir. Tamaşalarımıza ziyalılar, tənqidçilər və tamaşaçılar baxırlar və onlar üçün yaxşı və keyfiyyətli işlər ortaya qoymağa çalışırıq.  Mənasız tamaşadan, kinolardan, seriallardan zövq ala bilmirəm və zövq də almaq mümkün deyil».

 

 

Rəqsanə

 

Tarix
5 Mart 2015 [22:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin