Ana səhifə
19 Sentyabr 2018

Qətlə yetirilən kardioloqun anası: “Qana - qan, ölümə - ölüm!”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdindəki müalicə klinikasının kardiologiya şöbəsinin müdiri Cavid Həmişəyevi qətlə yetirənlərin məhkəmə prosesi yekunlaşıb.

Ucnoqta.azxəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində bu amansız qətli törətməkdə təqsirli bilinənlərə hökm oxunub.

Proses başlamazdan öncə mərhum Cavid Həmişəyevinanası Hafizə Həmişəyeva üzünü təqsirləndirilənlərə  tutaraq yenə fəryad qopardı: “Bütün Azərbaycana, türk dünyasına lazım olan bir həkimi öldürmüsünüz. Bütün ölkə bu qətldən danışır. Əgər elə qəhrəman idinizsə, gedib erməniləri öldürərdiniz. Siz yezidsiniz. Mənim o cür ağıllı, savadlı, gözümün ağı-qarası olan bircə balamı öldürüblər. Bu qatillərin kökləri kəsilməlidir. Niyə həqiqəti açıb demirsiniz axı? Açın, hər şeyi danışın. Bu qətli sizə kim sifariş verib, onların adını deyin. Dörd aydır sizə deyirik ki, doğrunu danışın. Türkan hamısını bilir. Bu qətli o təşkil edib. Oğlumu tanıdığın gün başına daş düşəydi sənin. Koroğlunun o bıçaq endirən əlləri quruyaydı”.

Koroğlu Məmmədov qadının üstünə qışqıraraq “dəvədən böyük fil var, danışığına fikir ver” dedi və kürdcə danışmağa başladı. (təqsirləndirilən şəxslər zaldakılar başa düşməsinlər deyə qohumları ilə kürdcə danışırdılar-red.).

Təqsirləndirilən Türkan Ağayeva mərhumun anasına kəskin cavab verdi: “Özünüz hər şeyi yaxşı bilirsiniz. Əgər bu qətli mən təşkil etsəydim, özüm Cavidi öldürərdim. Heç kimə ehtiyac olmazdı”.

Bundan sonra zalda iki tərəf arasında mübahisə düşdü. Təqsirləndirilən Koroğlu Məmmədov və Yasin Ərəbovun qohumlarına yüksək səslə kürdcə etdikləri müraciət belə işə yaramadı. Məhkəmə nəzarətçiləri çətinliklə də olsa onları sakitləşdirə bildilər.

Koroğlu Məmmədovun anası isə Hafizə Həmişəyevadan oğlunu bağışlaması üçün yalvardı: “O evə çoxlu qadınlar, kişilər gəlib. O cür savadlı bir həkimin elə əxlaqsız yerdə nə işi var idi axı? Mən də anayam. Bir oğlumu keçən il öldürüblər. İkinci oğlumsa bu işə görə həbsxanadadır. Nə olar, mənim balamı bağışlayın. Bir ana kimi sizə yalvarıram. Ürəyi yanan ana ürəyi yanmış başqa bir ananı bağışlamalıdır. Gedin oğlunuzu öldürənləri tapın, qatilləri tapın”.

Koroğlu Məmmədovun anası isə bu dəfə Türkan Ağayevanı hədəf seçdi: “Gözün tökülsün, ay Türkan. Bəs sən mənim gəlinim olacaqdın? Bəs Koroğlu ilə evlənəcəkdin? Məni niyə tanımadığım insanlarla düşmən elədin, bala? Əgər bir problemin var idisə, mənə deyərdin. Mən özüm hər şeyi yoluna qoyardım. Dövlət var, qayda-qanun var. Bu nə oyun idi başımıza açdın? Koroğlu səni sevirdi, evlənəcəkdi səninlə”.

Türkan Ağayeva isə özündən razı halda “elə indi də sevir, dərdimdən ölür” dedi.

Koroğlu isə anasına “biz Türkanla evlənəcəyik” deyə cavab verdi.

Bundan sonra məhkəmə heyəti zala daxil oldu. Hakim təqsirləndirilən şəxslərə son söz deməyi təklif etdi.

Təqsirləndirilən K.Məmmodov son sözündə “Allahu-Əkbər, lailahəillah. Mənim son sözüm budur” dedi.

Zaldan K.Məmmədovun anası “bizə millətimizə görə fərq qoymayın” dedi.

Daha sonra hakim hökmü elan etdi. Hökmə görə, Koroğlu Məmmədov 15 il, Yasin Ərəbov 15 il, Türkan Ağayeva isə 14 il müddətinə azadlqıdan məhrum edildilər.

T.Ağayeva 14 il həbsxana həyatı yaşayacağını eşidincə kəskin söyüşlər söyməyə, qışqıraraq stulları aşırmağa çalışdı. Məhkəmə nəzarətçiləri onu sakitləşdirərək zaldan çıxardılar.

Oğlunun qətlində təqsirli bilinənlərin 15 il cəza almaları Həmişəyevlərin etirazına səbəb oldu: “Necə yəni 15 il? Axı prokuror ömürlük cəza istəmişdi. Allah bu zülmü yerdə qoymayacaq. Mən qana qan, ölümə ölüm tələb edirəm!”

Xatırladaq ki, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun meyiti ötən il mayın 25-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında aşkarlanıb.

C.Həmişəyev Tibb Universitetinin tərkibində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri işləyib. Onun qətlə yetirildiyi ev də yaşadığı mənzil olmayıb. Həkim bu mənzili dostları ilə birlikdə kirayələyib.

Araşdırmalar zamanı məlum olub ki, C.Həmişəyev həmin mənzildə tez-tez qadınlarla görüşüb. Budəfəki görüş isə acı sonluqla nəticələnib. C.Həmişəyevin meyiti evdə aşkarlanıb, onun şəxsi əşyaları, hətta paltarları da evdə tapılmayıb.

Hüquq-mühafizə orqanları C.Həmişəyevə məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığını müəyyənləşdirib. Elə gecə saat 2 radələrində də avtomobil paytaxtın 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.

Maşında olan Türkan Ağayeva, Yasin Ərəbov və Koroğlu Məmmədov saxlanılıblar. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.(Virtualaz.org)

 

Tarix
16 Oktyabr 2014 [22:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin