Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev

13:18 - 16 Oktyabr 2021 - Xəbər

Suqovuşan və Talış ərazilərinin çox böyük strateji əhəmiyyəti var idi. 2020-ci il 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından etibarən bu, diplomatik korpus nümayəndələri ilə birgə işğaldan azad edilmiş ərazilərimizə 7-ci səfərimizdir.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri zaman deyib.
H.Hacıyev bildirib ki, səfərlərin ilkin mərhələsində bilavasitə Ermənistanın 30 il ərzində işğal dövründə Azərbaycan ərazilərində törətdiyi dağıntılar müşahidə edilirdi:

“Budəfəki səfərlərimiz getdikcə fərqlənməyə başlayır. Biz artıq Azərbaycan tərəfindən qısa müddət ərzində həyata keçirilən quruculuq işləri ilə də tanış oluruq. Biz diplomatik korpus nümayəndələri ilə Talış istiqmətində yeni çəkilmiş yol boyunca hərəkət etdik və Azərbaycan tərəfindən quruculuq işləri cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq sürətli şəkildə davam etdirilir”.

Xatırladaq ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə də tanışlıqdır.

Xəbər xətti