Ana səhifə
16 Noyabr 2018

Şirvanşahlar Saray Kompleksi mədəniyyətimizin incisidir

Onun hər bir daşı tariximizin bir parçasıdır

 

İçərişəhərdə dəfələrlə olmuşam. Heç kimə sirr deyil ki, o, Azərbaycanın tarixi yaddaşıdır. Onun hər daşı, hər küçəsi, hər dalanı tariximizi yaşadır. İçərişəhər qərinələr, əsrlər boyu zamanın ağır gərdişinə tab gətirib və bu günə kimi əzəmətini, təkrar olunmazlığını qoruyub saxlayıb. Onun 2000-ci ildə YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilməsi də bundan xəbər verir. Amma orada yerləşən Şirvanşahlar Saray Kompleksini uzun müddətdir ki, ziyarət edə bilmirdim. Nəhayət ki, bu arzumu gerçəkləşdirmək qərarına gəldim. «İcərişəhər» metrostansiyasından çıxıb qala qapısından içəri girdikdə diqqətimi ilk çəkən Əliağa Vahidin vaxtilə Müslüm Maqomayev adına Filarmoniyanın qarşısına qoyulmuş heykəli oldu. Görünür, heykəlin filarmoniyanın qarşısındakı bağda aparılan yenidənqurma işləri səbəbindən burada qoyulması məqsədəuyğun sayılıb. Sol tərəfdə İtaliya səfirliyinin daş binası, sağ tərəfdə isə üçmərtəbəli müasir yaşayış evi İçərişəhərin qədimliyinə kölgə salırdı. Yaşayış binasından 5-10 metr aralı isə mehmanxana tikilib. Halbuki bu binalar Şirvanşahlar Saray Kompleksindən aralı inşa olunmalı idi. Yaşayış binasını saray kompleksindən dar bir küçə ayırır. Baş verən hər hansı yanğın saray kompleksinə ciddi zərər vura bilər. Burada küçələrin yeni daşlarla döşənməsi də diqqəti çəkir.

Şirvanşahlar Saray Kompleksinin giriş qapısının yaxınlığında isə Yunanıstan səfirliyinin binası yerləşir. İçərişəhər qoruq ərazisi olduğundan əslində orada tikinti işlərinin aparılması qeyri-qanunidir. Faciə bununla bitmir. Sarayın «Murad» qapısına bitişik daha bir müasir binanın özülü qoyulsa da, onun tikintisi bir müddət dayandırılmışdı, lakin indi bu daş bina da tikilib. Artıq saray kompleksi hər tərəfdən mühasirəyə alınıb.

Saray Kompleksinə giriş bileti almaq üçün isə 2 manat ödəməli oldum. Onun yerləşdiyi ərazi mürəkkəb relyefli olduğu üçün, saray vahid memarlıq planına malik olmasa da, binaların biri digəri ilə təzad təşkil etmir. Əksinə biri digərini tamamlayır. Saray kompleksinin tikintisinin də maraqlı tarixi var. Bu barədə saray binasının həyətində tanış olduğum tarix müəllimi Heydər Ramazanov məlumat verdi. Onun sözlərinə görə, orta əsrlərdə Şamaxıda baş verən gərgin hadisələr dövründə Bakı şəhəri nisbətən sakit şəraitdə inkişaf edirdi. Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürüldükdə şəhərin ən yüksək nöqtəsində, Şirvanşahlar Sarayı ucaldılıb. Daşlar Bakı ətrafı daş karxanalarından gətirilıb. Kompleksin bütün tikililəri arasında sonralar ən çox dağılmaya məruz qalan isə saray binası olub. Tarixçi bildirdi ki, Səfəvilər ordusu tərəfindən Bakı tutulduğu zaman saray qarət olunub. Şirvanşahların bütün sərvətləri-silahlar, yaraq-əsləhə, zinət əşyaları, xalçalar, qiymətli parçalar, saray kitabxanasının nadir kitabları, gümüş və qızıldan qablar Təbrizə aparılıb. Çaldıran döyüşündə (1514) səfəvilərin osmanlılara məğlubiyyətindən sonra isə Şirvanşahların sərvəti qənimət kimi türklərin əlinə keçib. Hazırda bu incilərin bir hissəsi Türkiyə, İran, İngiltərə, Fransa, Rusiya, Macarıstan muzeylərində saxlanılır. Bu məlumat mənim üçün gözlənilməz oldu. Bu vaxtadək saray kompleksinə aid sərvətlərin xarici muzeylərdə saxlanılmasından xəbərsiz idim.

Heydər Ramazanov saray binasının növbəti dəfə ağır günlərini çar Rusiyası işğalı dövründə yaşadığını söylədi. Onun sözlərinə görə, saray binası rus hərbi qərargahına verildikdən sonra burada təmir işləri aparılıb və o hərbi qərargaha çevrilib. Orada dəyişiklik edilərkən günbəzlər uçurulub və ikinci mərtəbədəki ara divarlardakı daşlar götürülüb. Taxt-tac və mərasim otaqları tamamilə məhv edilib. Tağtavanların və günbəzlərin mozaik suvağı hər yerdə sökülüb. 1920-ci ildə isə XI Qırmızı ordunun Bakını istila etməsi ilə sarayda yenidən tövlələr, artilleriya anbarları, əsgər kazarmaları, lazaretlər yaradılıb. Sonralar burada təmir işləri aparılsa da uğursuz olub. Şəxsən mən, 1980-ci ilin fevral ayında kompleksə ziyarətə gələrkən saray binasının tavanı yox idi və qar binanın içinə yağırdı. Muzeyin əməkdaşları isə elektrik peçinin ətrafına yığılaraq isinirdi. Gördüklərimdən sarsılmışdım.

Xatırladım ki, kompleksin axırıncı bərpa layihəsini mərhum memar Niyazi Rzayev hazırlayıb, Rüstəm Muxtarovun rəhbərliyi ilə Abidələr Komitəsi tərəfindən 1992-ci ildən fasilələrlə (maliyyə problemi ilə bağlı) bərpa işləri aparılıb. Uzun zəhmətdən sonra saray binasını əvvəlki vəziyyətinə qismən də olsa qaytarmaq mümkün olub.

Saray binasına isə portaldan daxil olduq. Onun giriş otağında saxsı qablar və orta əsrə aid sikkələr nümayiş etdirilirdi. Taxt-tac salonunda orta əsrə aid maddi sərvətlər yerləşdirilib. Ən önəmlisi isə otaqların daşlarının əla akustikası idi. Saray binasının yaxınlığında isə Divanxana yerləşir. Bu abidə gözəlliyi və zərifliyi ilə təkcə orta əsr Azərbaycan memarlığının deyil, eləcə də bütün Yaxın Şərqin analoji abidələrinin şah əsəridir. Divanxananın daşları mahir ustaların əlindən çıxıb, çox böyük məharətlə cilalanıb və işıq oynaqlığı ilə seçilir. Divanxananın təyinatı haqqında müxtəlif fikirlər mövcuddur. Onun məhkəmə, qəbul salonu və ya dövlət şurasının binası, xəzinə saxlanan yer, yaxud da türbə olduğuna dair fərziyələr var. İstənilən halda onu təşkil edən xüsusi formalı sütunlar və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik, qüvvət və müdriklik ifadə edən memarlıq obrazını yaradıb. Məncə, Divanxana Şirvanşahlar Saray Kompleksinin incisidir.

Kompleksinin otra həyətində isə “Dərviş türbəsi” diqqət çəkir.  Türbə Keyqubad məscidinin bünövrəsi olan kompleksdədi. Məscid yanarkən türbənin rəngli naxışlı suvağı məhv edilib. Burada xoş olmayan bir tikili ilə qarşılaşdıq. Orada saray kompleksini qızdırmaq üçün qazanxana tikilib. Indi az yer tutan qızdırıcı sistemlər olduğu halda, bu cür yamağa nə ehtiyac vardı. Tarixçi Heydər Ramazanov muzeylərin qızdırılmasını məqbul saymır. Onun sözlərinə görə, bu sarayın ömrünü daha da qısalda bilər. «Saray qızdırılanda tağ-divarlar tərləyəcək və daşlar sürətlə ovulmağa başlayacaq»,-o dedi. Onun sözlərinə görə, dünyanın heç bir böyük muzeylərində bu cür qazanxananın tikilməsinə icazə verilmir. Görünür, biz fərqlənmək xəstəliyinə tulmuşuq. Yoxsa bu biabırçı tikiliyə icazə verilməzdi.

Qeyd edim ki, orta həyət daş kitabələrlə zəngindir. Onlar Bakı buxtasdan çıxarılıb və bərpa edildikdən sonra burada yerləşdirilib. Bu daş kitabələrin hər biri tarıximizin bir parçasıdır. Bakı buxtasında yerləşən və Xəzər dəçnizinin səviyyəsi qalxdıqdan sonra suyun altında qalmış böyük bir memarlıq abidəsini bəzəyən «Bayıl daşları» Şərq incəsənətində xüsusi yer tutur. Daşların səthinə ərəb və fars dillərində yüksək relyefli yazılar  və böyük məharətlə bitki ornamentləri həkk olunub, insan başları, heyvanlar, quşlar və fantastik məxluqlar təsvir olunub. Heydər müəllimin bildirdiyinə görə, hər bir daşı Azərbaycanın və bütün Şərqin monumental-dekorativ sənətşedevrlərinə aid etmək olar. Bundan əlavə  «Bayıl daşı»n üzərində Azərbaycan tarixinə dair zəngin irinformasiya var. Onların üzərində  memarların, inşaatçıların adı, Şirvanşah Fəriburzun adı və şəcərəsi, Bakı, Şamaxı və başqa şəhərlərin adları yaxşı oxunur. 600 ilədək suyun altında qalmış bu daşlar Bakı buxtasının yerində vaxtilə qədim şəhərin olduğundan xəbər verir. Səbail şəhərindən. Nəhayət, aşağı həyətə düşürük. Aşağı həyətin ərazisində isə kompleksin 2 tikilis - türbə və saray məscidi yerləşir. Onu digərindən iri dairəvi qapalı divarlar ayırır. Onların hər ikisi Şirvanşah Xəlilullah tərəfindən tikdirilib. Türbənin portalı bəzəyən daş medalyonda isə yalnız güzgü vasitəsi ilə oxunan bir yazı həkk olunub. Orada, “Allah, memar Məhəmməd Əli” yazılıb. Tarixçi bildirdi ki, həmin dövrlərdə memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan edilmişdi. Ona görə də sənətkar öz adını bu yolla daş medalyonda şifrləşdirmişdir. Bu isə memarın əqlinin kəskinliyini və ziddiyyətdən çıxış yolu tapma məharətini və işini layiqincə yerinə yetirdiyini göstərir. Heydər Ramazanov bildirdi ki. bu yazılar 1954-cü ildə görkəmli şərqşünas alim Ə.Ə.Ələsgərzadə tərəfindən oxunub. Aşağı həyətdə türbə ilə yanaşı saray məscidi də yerləşir. Kompleksin ən aşağı həyətində XV əsr saray hamamı var. Heydər Ramazanov bildirdi ki, hamam 1939-cu ildə təsadüfən aşkar olunub. Onun yaxınlığındakı ovdan isə 1954-cü ildə təmir-bərpa işləri aparılarkən ortaya çıxıb.

Qeyd edim ki, orta əsr Azərbaycan memarlığının monumental dekorativ sənətinin möhtəşəm nümunəsi olan Saray kompleksində İtaliya şirkətləri (Arte Restauro və İL Cinacdo) tərəfindən bərpa və konservasiya işləri də görülüb. Konservasiya işləri əsasən Divanxana və Şah Məscidində aparılıb. Nəhayət Şirvanşahlar Sarayı Kompleksini tərk edib        Heydər müəllimlə birlikdə Qoşa Qala qapısı istiqamətinə gedirik.

 

ANDREY MİRONOVUN YIXILDIĞI VƏ «ÇORT POBERİ» DEDİYİ YER

 

Kiçik Qala küçəsində bizim üçün maraq doğuran daha bir binanın yerində müasir bina tikildiyinin şahidi olduq. «Brilyant əl» filmini kino həvəskarları yaxşı tanıyır və oradakı səhnələri xatırlayır. Həmin filmin bəzi kadrları İçərişəhərdə çəkilib. Andrey Mironovun qapısında yıxıldığı və «çort poberi» dediyi binanı axtarsanız indi onu tapa bilməzsiniz. Çünki o bina sökülüb, yerində yeni bina tikilib. Bu filmlə bağlı bir haşiyə çıxmaq istəyirəm. Qardaşım uşaqları Yekaterinburqdan Bakıya gələrkən onları İçərişəhəri gəzdirməyə aparmışdım. Filmdə Andrey Mironovun yıxıldığı yeri göstərib həmin səhnənin burada çəkildiyini dedikdə təəccüb içində qaldılar. Onlar elə bilirdilər ki, «Brilyandtəl» filminin bəzi kadrları Misirdə çəkilib. Maraqlıdır ki, sonralar Yekaterinburq televiziyasında film ilə bağlı veriliş verilib və tamaşaçılardan kimin onun barəsində əlavə məlumata malik olduğu soruşulub. Aydındır ki, qardaşım uşaqları da telefonla verilişə qoşularaq bildiklərini deyib və xüsusi mükafata layiq görülüblər. Beləliklə, filmin bəzi kadrlarının Bakıda, İçərişəhərdə çəkildiyi barədə minlərlə rusiyalı tamaşaçı məlumatlandırılmış olub. Oxuculara daha bir maraqlı məlumat da vermək istəyirəm. Məşhur sovet filmi «Amfibiyalı adam»ın də bəzi kadrları İçərişəhərdə çəkilib.

Qoşa Qala qapısı yaxınlığında isə daha bir tarixi abidəmiz məhv edilib. Bu, Bakı xan sarayıdır. 80-ci illərdə sarayın divarları dururdu. Onu bərpa etmək əvəzinə uçurmaqla tarixi keçmişimizin bir parçasını da yox etdilər. Daha doğrusu, bununla abidəmizi bizə unutdurdular. Halbuki onun hər bir daşı tariximizin bir parçası idi. Bu yaxın ərazidə VR şirkətinin, Azərbaycan Ensiklopediyasının və digər şirkətlərin müasir binaları ucaldılıb. Onlar İçərişəhərin qədim görkəmini tamamilə dəyişir. Ən məşhur memarlar yiğişsa həmin tikililərin hansı memarlıq üslubuna aid olduğunu müəyyən edə bilməzlər. Onlar İçərişəhərə yamaqdan başqa bir şey deyil.

 

Emin Nəbili

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək 

 

Tarix
4 Mart 2015 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin