Ana səhifə
20 Sentyabr 2018

Məşhurlar aktrisa olmağın çətinliyindən danışdılar

Firəngiz Mütəllimova: “Ona görə çətindir ki, ömrünü bu sənətə qurban verirsən”

 

Fatma Mahmudova: “Bilmirsən ki, səhnəyə qaçasan, rol oynayasan, yoxsa övladlarını tərbiyə edəsən”

 

Xanımların aktrisa kimi fəaliyyət göstərməsi istər ailə, istərsə də cəmiyyət tərəfindən bir mənalı qarşılanmır. Amma artıq 21-ci əsri yaşayırıq və dünya aktyorluq sənətinə nəzər saldıqda aktyor və aktrisaların yaxşı ailələrinin olduğunu görür, onların normal həyat tərzi yaşadıqlarını izləyirik. Bəs, gəlin görək hazırda Azərbaycanda bu sənətə qarşı münasibət nə dərəcədə dəyişib?

“İndiki zamanın mahiyyəti keçmişdədir” fikrini əsas tutaraq məşhur aktrisalarımıza «Azərbaycanda aktrisa kimi fəaliyyət göstərmək nə dərəcədə asan və çətindir» sualı ilə müraciət etdik.

Bu barədə “Üç nöqtə”yə danışan xalq artisti Firəngiz Mütəllimova dedi ki, peşəkar aktrisa olmaq asan deyil: «Sənət insana müvəqqəti sabun köpüyü kimi gələndə asan görünə bilər. Amma əsl aktrisa olmaq, bu sənəti sevib fədaisinə çevrilmək, ömrünü, səhhətini aktyorluq sənətinə qurban etmək ancaq bu sənətə olan məhəbbətdən irəli gələ bilər. Aktrisa olmaq ona görə çətindir ki, ömrünü bu sənətə qurban verirsən. Onu deyim ki, aktrisa olmağımı atam istəyirdi, anam yox. Anamın aktrisa olmağımı istəməməsini isə illər sonra bildim.  Arzusu məni ağ xalatda, tibb bacısı, həkim kimi görmək imiş. Həmişə deyirəm ki, həyatda məqsədlə yaşayan, qarşısına qoyduğu məqsədə çatan insanlara hörmətim var və hər insan da əqidəsi mükəmməl olandan sonra başa düşür ki, hansı sənətin dalınca getməlidir. Mən aktrisa olduğuma görə heç də peşman deyiləm. Həmişə bir aktrisa kimi çalışmışam ki, işimlə, geyimimlə, hərəkətimlə, özümü aparmağımla cəmiyyətdə, dərs dediyim İncəsənət Universitetində nümunə olum. Bunu tələbələr də, cəmiyyət də görsün. İlyas Əfəndiyev deyirdi ki, «Aktrisa, qadın tapmaca olmalıdır”. Yəni, çox açıq-saçıq geyinmək lazım deyil. Bunun əleyhinə deyiləm, amma hər insanın öz düşüncəsi var. Məsələn, mən çalışmışam ki, yuxarıda qeyd etdiyim hallarla xalq tərəfindən mənə olan məhəbətti, sevgini qoruyub saxlayım. Şükür Allaha, bu gün də cəmiyyətdə özümü rahat hiss edirəm. Xalq arasında yerindən asılı olmayaraq özümə qarşı eyni xoş münasibəti görürürəm. Bu da məni çox xoşbəxt edir”.

Xalq artisti Fatma Mahmudova aktrisa kimi fəaliyyət göstərməyin çətin olduğunu dilə gətirdi: “Aktrisa olmaq ona görə çətindir ki, həm ailəsinə, həm də sənətinə vaxt ayırmalıdır. Azərbaycanda və ümumiyyətlə, hər ölkədə akrtisa olmaq çox çətindir. Birincisi, aktrisalıq edənin istedadı olmalıdır. Bunlarla bərabər, bu sənəti davam etdirmək ailə qurduqdan sonra çətin olur. Bilmirsən ki, səhnəyə qaçasan, rol oynayasan, yoxsa övladlarını tərbiyə edəsən. Düşünürəm ki, ailədə ev qadını olmaq, övladının təlim-tərbiyəsi ilə məşğul olmaq lazımdır. Aktrisalıq çətin sənətdir. Sənətinlə yanaşı cəmiyyətdə də özünü düzgün idarə etməli, əxlaqına fikir verməlisən. Çünki sən cəmiyyət arasına çıxırsan və hərəkətlərinə, danışığına, geyiminə görə səndən ana və aktrisa kimi nümunə götürə bilərlər. İstər dünyanın ən tanınmış aktrisası ol, əgər sən özünü, ailəni idarə edə bilmirsənsə, peşəkar aktrisa olmağının mənası yoxdur. Elə olmalısan ki, başını dik tutub küçədə gedə biləsən”.

Xalq artisti onu da dedi ki, həyat yoldaşı tərəfindən də onun sənətinə dəstək olub: «Vaxtilə dağılan ailəm haqqında danışmaq istəmirəm, ömür-gün yoldaşım rəhmətə gedib. Onu hər dəqiqə, hər an xatırlayıram və peşmançılıq çəkirəm. Olanlara görə günahı özümdə görmürəm, günahı ailəmi dağıdanlarda görürürəm. Gərək, heç kimin ailəsinə ziyan vurmayasan. Yoldaşım hər zaman sənətimə görə məni dəstəkləyirdi. Hətta mənim rollarıma da müdaxilə edirdi və deyirdi ki, bu obrazı düz oynamadın, düz etmədin, bu tərəfmüqabilin sənin sənətinə cavab verəcək dərəcədə deyil. Özü də aktyor kimi yaxşıların-yaxşısı idi”.

Əməkdar artist Nahidə Orucova qeyd etdi ki, indiki zəmanədə aktrisa olmaq çox asandır: “Hazırda cavanlara fikir verirəm və göürüəm ki, aktrisa olmaq çox asandır. Bizim zamanımızda aktrisa olmaq, tanınmaq, qabağa getmək, televiziyaya çıxmaq, rol almaq çox çətin idi. İndi hamıya yol açmaq çox asandır, buyur, nə istəyirsən et, istər müğənni ol, istər aktrisa. İmkanlar daha genişdir. İnstituta daxil olanda atam ciddi insan olduğuna görə aktrisa olmağımı istəmirdi. Ancaq sonralar məni efirdə görəndə fərəhlənirdi və deyirdi ki, mənim qızımdır. Atam bu sənəti çox sevirdi və bu sənətdən də çox dostları vardı. Amma nədənsə heç vaxt istəmirdi ki, aktrisa olum. Atam sağ olsaydı mənim uğurlarıma sevinərdi. Çünki, mən hər dəfə uğurumu onlarla bölüşürəm”.

Əməkdar artist Sənubər İsgəndərli bildirdi ki, bütün sənətlər kimi, aktyorluq sənəti də çətindir: “Aktyorluq sənəti digər sənətlər kimidir və burada qeyri-adi nəisə yoxdur. Hər kəs öz işi ilə məşğuldur. Ailəm akrtisa olmağıma qarşı çıxmayıb. Böyüdüyün ailədən də çox şey asıldır. Mənim qızım həkim olmaq istəyirdi, amma mən qoymadım. Elə şeylər də var ki, nədənsə qorumağa çalışırsan. O kimi hallar ola bilər. Hər bir sənətin öz çətinliyi və gözəlliyi  var”.

 

 

Rəqsanə

Tarix
3 Mart 2015 [20:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin