Ukrayna Ermənistana sanksiyalar tətbiq edə bilər

10:51 - 16 Sentyabr 2021 - DÜNYA

Ukrayna Prezidentinin rəsmi internet saytında BMT Baş Assambleyasının 76-cı sessiyasında bu ölkənin ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan və Belarusa qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı petisiya yaradılıb.

Ucnoqta.az xəbər verir ki, Petitsiyanın təşəbbüsçülərindən olan “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı mütəxəssisi, hərbi və siyasi şərhçi Aleksandr Kovalenko Report-a açıqlamasında sentyabrın 14-dən elan olunan petisiyada səsvermənin sürətlə getdiyini deyib.

O bildirib ki, petisiya 92 gün davam edəcək və 25 min müsbət rəy verən izləyici yığmalıdır:

“Ukrayna ilə təmasdan, əsasən də iqtisadi əlaqələrdən faydalanıb, amma ölkəmiz əleyhinə səs verənləri qanun çərçivəsində cəzalandırmaq istəyirik. Məsələn, Belarus Ukrayna ilə ticari əlaqələrdən ildə xeyli fayda götürür. O cümlədən Ermənistan bundan da artıq fayda götürür. Bundan başqa Ukraynada kifayət qədər erməni diasporu fəaliyyət göstərir ki, onlar da Ermənistanın büdcəsinin burdan faydalanmasında rol oynayırlar. Bizim petisiyanın da məqsədi bütün bunların qarşılığında Ukraynanın ərazi bütövlüyünə hörmət qoymayan bu ölkəyə və diasporuna qarşı ciddi sanksiyaların tətbiq edilməsidir. Çünki Ermənistan ilk dəfə deyil ki belə hərəkətə yol verir”.

Xatırladaq ki, “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndin BMT Baş Assambleyasının 76-cı sesiyasının gündəliyinə salınmasına dair keçirilən səsvermə zamanı Azərbaycan lehinə, Ermənistan isə əleyhinə səs verib.

Xəbər xətti