Çin lideri Baydenin görüş təklifini rədd edib

06:54 - 15 Sentyabr 2021 - DÜNYA

ABŞ prezidenti Co Bayden son telefon danışıqlarının birində ÇXR-in sədri Si Cinpinə şəxsən görüşməyi təklif edib, ancaq Çin lideri bu görüşü rədd edib və Vaşinqtonun Pekinə qarşı münasibətdə ritorikasını yumşaltmaq təklifini irəli sürüb. APA xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Nəşr iki lider arasındakı söhbətin detalları ilə tanış olan mənbələrə istinadən yazır ki, bu təklif liderlər arasında ötən həftə baş tutan 90 dəqiqəlik söhbət zamanı irəli sürülüb. Bildirilir ki, Co Bayden Si Cinpinlə üz-üzə sammit keçirməyi təklif edib, ancaq razılığa gələ bilməyib – bu isə “bir sıra ABŞ rəsmilərində Pekinin Vaşinqtona qarşı çətin oyun oynamaqda davam etməsi təəssüratını yaradıb”. “ABŞ prezidenti Si Cinpinə Amerika-Çin münasibətlərindəki dalandan çıxmaq üçün sammit keçirməyi təklif edib... Ancaq Çin lideri onun təklifini qəbul etməyib və bunun əvəzində Vaşinqtonun qarşısına Pekinlə münasibətdəki sərt tonu azaltmaq seçimi qoyub”, - deyə qəzet yazır. Ağ Ev nəşrin yazdığı bu məlumata hələlik münasibət bildirməyib.

Xəbər xətti