Ana səhifə
26 Sentyabr 2018

İstismara verilən mənzillər artan tələbatı ödəmir

Oqtay Haqverdyev: “Artımlar olsa da belə bu aztəminatlı vətəndaşların mənzil təminatının həllinə ciddi təsir göstərmir”

 

2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 459,3 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Cari ilin sentyabr ayında Azərbaycanda 313,8 min kvadratmetr mənzil istifadəyə verilib.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 2 milyon 138,8 min kvadratmetr təşkil edib.
Bu göstəricilər qənaətbəxş sayıla bilməz. Ona görə ki, istismara verilən mənzillər günü-gündən artan mənzilsizlərin tələbatını qarşılamaq iqtidarında deyil. Bunun zəruriliyi nəzərə alınaraq mənzillərə olan tələbatın ödənilməsi məqsədilə bir müddət öncə yeni proqram qəbul edilməsi təklifi irəli sürülmüşdü. Əgər qəbul olunsaydı 10 illik dövlət proqramı çərçivəsində ildə 1 milyard manat vəsait ayrılacaqdı. Bir sıra ekspertlərin fikrincə, bu məqbul bir addım olardı. Çünki, nəzərə alsaq ki, il ərzində 10-15 min civarında mənzil istifadəyə verilir, ölkədə tikinti bu templə davam edərsə, indiki tələbatı ödəmək üçün azı 50-60 il vaxt lazım olacaq. Odur ki, tikilən evlərin sayı ən azı 2-3 dəfə artmalıdır. Bu isə yalnız dövlətin mənzil tikintisinə pul ayırması ilə baş verə bilər. Mənzil bazarını araşdıran mütəxəssislərin hesablamalarına görə, yarım milyondan çox ailənin mənzilə ehtiyacı var. Bununla yanaşı ölkədə adambaşına düşən yaşayış sahələri də beynəlxalq standartlara cavab vermir. İqtisadçı ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, Azərbaycanda 1 nəfərə düşən mənzil sahəsi 12,6 kvadrat metrdir: “Azərbaycanda adambaşına düşən mənzil sahəsi Avropa ölkələrindən 2,5 dəfə azdır. Onun sözlərinə görə, Azərbaycanda 1 nəfərə düşən mənzil sahəsi 12,6 kvadratmetrdirsə, Avropada bu rəqəm 28 kvadratmetr təşkil edir. Son zamanlar mənzil bazarında baş verən dəyişikliklər göstərir ki, satılan mənzillərin sayında artımlar olsa da belə bu aztəminatlı vətəndaşların mənzil təminatının həllinə ciddi təsir göstərmir. Tədqiqatlara əsasən, paytaxtda tikinti bumu dövründə mənzillərin böyük qisminin alışı bir neçə mənzilə sahib olan insanlar tərəfindən həyata keçirilib. Eləcə də mənzillərin əksəriyyəti kommersiya məqsədilə alınır. O baxımdan aztəminatlı insanların mənzil təminatının yaxşılaşdırılması üçün bir sıra ölkələrdə eləcə də qonşu Türkiyədə tətbiq edilən mənzil tikinti layihələrinin həyata keçirilməsinə ehtiyac var”.
Müsahibin sözlərinə görə, bu istiqamətdə Azərbaycanda Cənub Şərqi Asiya modelinin tətbiqi daha məqbuldur. Sözügedən modelin özəlliyi dövlət büdcəsi hesabına torpağın alınması, mənzillərin inşa edilməsidir. Hansıki sonradan dövlət inşa edilən mənzilləri həmin mənzilin öz qiymətinə uyğun mənzilə tələbatı olan vətəndaşlara təqdim edir. Vətəndaş bu zaman ilkin ödəniş həyata keçirmir. Sadəcə mənzildə yaşadığı dövrdə aylq ödənişlər edir. Bununla da dövlət uzunmüddətli zaman üçün mənzilin xərcini geri qaytarır. Türkiyədə iki otaqli mənzilə sahib olan ailənin mənzilin xərcini qaytarması üçün ödədiyi aylıq vəsait 90 dollardı. Misirdə isə bu rəqəm 60 dollardı. O baxımdan söhbət kifayət qədər kiçik məbləğin ödənilməsindən gedir. Fikrimcə, həmin məbləğin dövlət büdcəsinə qaytarılmasını təmin etmək də mümkündür.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə isə, xərcinin ödənildiyi dövrdə mənzil girov rolunu oynayır: “Mənzil sahibi yalnız mənzilin xərcini ödədikdən sonra mənzili satmaq və ya bağışlamaq hüququna malik olur. İlkin qiymətləndirmələr göstərir ki, mənzil təminatı ilə bağlı dövlət proqramı qəbul edilərsə, buna uyğun mənzillərin tikintisini həyata keçirmək mümkün olarsa, bu, yaxın 5 ildə Bakıda və iri şəhərlərdə mənzilə tələbatı olanların 30 faizinin tələbatının qarşılanmasına imkan verə bilər. Nəzərə alsaq ki, dövlət büdcəsindən bu istiqamətə vəsaitlərin ayrılması ilə bağlı müzakirələr gedir, müzakirələr mənzil probleminin həllinə müsbət təsir edəcək”.
İqtisadçı hesab edir ki, proqramın icrası Bakıda mənzillərin qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaq: “Parlamentdə qeyd edildiyi kimi hər il büdcədən bu istiqamətə vəsait ayrılarsa, o zaman mənzil bazarında təklif artacaq. Nəticədə qiymətlər də düşəcək.Göründüyü kimi proqramın icrası bazarda qiymətlərin aşağı düşməsi baxımından efektlidir”.
Bununla belə iqtisadçı proqramın reallaşdırılmasına il ərzində 1 milyard manat yönəldilməsinin iqtisadi baxımdan əsaslandırılmadığını düşünür: “Kifayət qədər böyük vəsaitin ayrılması digər sosial layihələrə nəzərdə tutulan vəsaitlərin həcminə təsir edir. O baxımdan məbləğ yalnız proqram qəbul edildikdən sonra müəyyənləşdirilməlidir. Qiymətləndirmələrimizə görə, ilkin mərhələdə daha az vəsaitlə prosesə başlamaq və sonrakı illərdə dövlət büdcəsindən ayrılan vəsaitləri artırmaq mümkündür. Məsələn, il ərzində dövlət büdcəsindən 300 milyon manat bu istiqamətdə ayrılarsa, eləcə də özəl tikinti şirkətlərinə mənzil tikintisi ilə bağlı müəyyən güzəştlər tətbiq olunarsa, Bakıda mənzillərin qiymətinin endirilməsi ilə bağlı addımlar reallaşarsa, o zaman vətəndaşların mənzilə olan təlabatını qısa müddətdə həll etmək olar”.
 

Əfsun

Tarix
16 Oktyabr 2014 [18:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin