Ana səhifə
19 Dekabr 2018

“Prezidentə birbaşa tabe olan qurum yaradılsın”

Nazim Məmmədov: “Mərkəzi icra  hakimiyyəti orqanları biznesdən kənarda saxlanmalıdır”

 

Ayrı-ayrı rayon təhsil idarələrinin ləğvindən sonra səhiyyə idarələrinin də ləğvi gözlənilir. Belə ki, səhiyyə sistemində əsas dəyişiklikliklərdən biri buradakı inzibatçılıqla bağlı olacaq. Baş nazirin müavini Əli Əhmədovun rəsmi mətbuata müsahibəsində bildirdiyinə görə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə inzibatçılığı sadələşməlidir: "İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək. Düşünürəm ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər".
Bu və digər məsələlərlə bağlı fikirlərini öyrənmək üçün iqtisadçı ekspert Nazim Məmmədova bir neçə sualla müraciət etdik.

 

- Nazim müəllim qeyd edək ki, ayrı-ayrı dövlət qurumlarının rayon şöbə və idarələrinin ləğv olunması ideyası ilk dəfə Sizə məxsusdur. Artıq təklifiniz reallaşır. Ərazi vergi idarələrindən sonra rayon təhsil şöbələri də ləğv edilərək, yerində ərazi təhsil idarələri yaradıldı. Növbəti mərhələdə eyni addım səhiyyə idarələri ilə bağlı da atılacaq. Bu haqda nə deyə bilərsiniz?

- Mən o zaman təklif etmişdim ki, ölkədə maliyyə sisteminin dəyişdirilməsinə ehtiyac var. Sovet sistemindən qalma idarəetmədən əl çəkməliyik. Mən təklif etmişdim ki, regional maliyyə idarələri yaradılsın. Buna müasir texnologiya da icazə verir. Vergi sistemində bu təcrübə olub və effekt də verib. Belə islahatlar bütün sahələrdə aparılmalıdır. Çünki qeyd etdiyiniz problemlər rayon maliyyə idarələrinin və icra hakimiyyətlərinin özfəaliyyəti ilə bağlıdır. Bir neçə il bundan öncə səsləndirdiyim təkliflər indi nəticə verməkdədir.
Təhsil ardınca səhiyyə ilə bağlı həyata keçirilən islahatlara normal yanaşıram, ancaq ilk növbədə əvvəllər qeyd etdiyimiz kimi maliyyə şöbələri ləğv olunub, iqtisadi ərazilər üzrə maliyyə departamentləri yaradılmalı, Rayon İcra Hakimiyyəti başçılarının onlara, onların vasitəsi ilə, təhsil, səhiyyə, mədəniyyət, pensiya və sair şöbələrinə "korrupsiya təsirini" azaltmaq lazımdır. Paralel olaraq  yerli özünüidarəetmə institutları inkişaf etdirilməli, idaretmənin sadələşdirilməsi, təkrarlayıcı bürokratiyanı minimuma  endirməklə əhalinin hakimiyyət  nümayəndələrinə etibarını artırmaq lazımdır.

 

- Rayon təhsil idarələrinin ləğv olunaraq yerində yaradılan ərazi təhsil idarələrinin yerləşdiyi ərazinin seçilməsi nə qədər məntiqəuyğundur?

- Mənim fikrimcə məktəblərə hələlik muxtariyyat verilənə qədər, keçid variant  olaraq bu formul keçərlidir. Çünki məktəblərin sayi, müəllimlərin sayı daha  çoxdur, onları ərazi üzrə idarəetməyə uyğunlaşdırmaq mürəkkəb olardı. Ümid  edirəm  ki, məktəblərin maliyyələşmə mexanizmi şagird sayına keçiləndən, idarəetməyə muxtariyyat veriləndən sonra, məktəblərin idarəolunmasına müəllim-valideyn-şagird assosasiyaları cəlb olunandan sonra təhsilin ölkə üzrə  idarəolunmasını iqtisadi rayonlar üzrə aparmaq olacaq.

 

- Nazim müəllim gözlənilən yeniliklərdən biri xəstəxanaların idarə edilməsi prinsipinin də dəyişməsi ilə bağlı ola bilər. Ənənəvi "baş həkim" rolunun "menecer baş həkim" rolu ilə əvəzlənməsi təklifini necə dəyərləndirirsiniz?

- Normal haldır. Əslində özəl klinikalarda bu və ya digər formada bu baş verib. Ancaq səhiyyədə daha vacib dövlətin özəl tibb obyektlərinə ögey münasibətin  aradan qaldırılması, icbari tibbi sığortanın tətbiqi və ondan hansı klinikanı  seçməyi vətəndaşın öz ixtiyarına buraxmağı, Səhiyyə Nazirliyinin, həmçinin  Təhsil və digər nazirliklərin lisenziya verməsinin müvafiq bazar iqtisadiyyatında  monopoliya yaratmasının tam qarşısını almaq üçün nazirliklərdən alınıb başqa bir  qurumda olması arzu olunandır. Bu da Rəqabət Komitəsi adı altında Prezidentə birbaşa tabe olan ayrıca bir qurum halında yaradıla bilər. Bu barədə cənab  prezidentin 2011-ci ildə verdiyi Fərman təəssüf ki, icra olunmur, xatırladım ki, Nazirlər Kabinetinə tapşırılmışdı ki, 3 ay ərzində Lisenziyaların və icazələrin  verilməsini qanun halına gətirilsin və rəqabəti mühitinin inkişafını  təkminləşdirmək üçün dövlət başçısına təkliflər verilsin. Bir sözlə əgər biz bazar  iqtisadiyyatı qurmaq və sahibkarlığı inkişaf etdirmək istəyiriksə mərkəzi icra  hakimiyyəti orqanlarını və onların rəhbərlərini biznesdən kənarda saxlamalıyıq.

 

Əfsun

Tarix
3 Oktyabr 2014 [10:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin