Ana səhifə
20 Sentyabr 2018

“Uşaq dram dərnəklərinin yaranması vacibdir”

İlham Namiq Kamal: “Uşaqlarda teatra həvəs və məhəbbət yarada bilər”

 

 

Kübra Əliyeva: “Xalq teatrları bağlandığına görə istedadlı uşaqların sayı azaldı”

 

 

Bir çox tanınmış sənətkarlar xalq teatrlarından çıxıb, oranın yetirməlidir. Onlardan Həsənağa Turabov, Rasim Balayev, Məhərrəm Bədirzadə və bir çox sənətkarların adını çəkmək olar. Amma hazırda xalq teatrlarının fəaliyyəti yox dərəcəsindədir. Əvvəllər xalq teatrları baza rolunu oynayırdı. Azərbaycanda 24 xalq teatrı var idi. Bu barədə “Üç nöqtə”yə danışan xalq artisti İlham Namiq Kamal bildirdi ki, bölgələrimizdə xalq teatrları olub: “Əvvəllər bizdə hər bir məktəbdə dram dərnəkləri vardı. Kiçik yaşlı uşaqlar belə dram dərnəyində iştirak edirdilər və beləliklə də, teatra çox böyük məhəbbət yaranırdı. Azərbaycanın kəndində, qəsəbəsində elə bir məktəb yox idi ki, orada dram dərnəyi olmasın. O dərnəkdə sənət adamları həftədə iki-üç dəfə gənclərlə işləyirdilər. Səhnə və şeir söyləmək qabiliyyətini öyrədirdilər. Ondan sonra uşaqlarda dram dərənəyindən bu sənətə həvəs yaranırdı. O insanlar xalq teatrına üz tuturdular. Onların bazaları olurdu. Bu gün uşaq dram dərnəklərinin yaranması vacibdir. Onun üçün müəyyən yerlərə müraciət eləmişəm. Mənə elə gəlir ki, dram dərnəklərinin yaranması təhsil sisteminə də çox kömək edə bilər. Məktəblərdə də dram dərnəyinə həvəs olsa  İncəsənət Universitetinə də böyük axın olacaq. Xalq teatrlarının və dram dərnəklərinin mövcudluğu uşaqlarda teatra həvəs və məhəbbət yarada bilər. Eyni zamanda, istedadlı uşaqların yetişməsində böyük rolu ola bilər”.

 

Xalq artisti Tariyel Qasımov qeyd etdi ki, xalq teatrlarında vəziyyət yaxşı deyil: “Səyavuş Aslandan tutmuş bir çox sənətkarlar xalq teatrlarından çıxıb. Ona görə də, bu teatrların bu gün yaxşı fəaliyyət göstərməsi lazımdır. Çünki, xalq teatrları sənətkarların yetişməsi üçün bir məktəbdir. O vaxt mən də xalq teatrından  çıxmışam. İnstituta daxil olanda artıq sənətin bir çox sirrlərini bilirdim. Düzdür, hazırda xalq teatrları yox dərəcəsindədir. Amma onların bərpası lazımdır. Məsələn, Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev çox  istəyir ki, Ağstafada xalq teatrı yaradılsın. Sovet  dövrü dağıldıqdan sonra hərə bir tərəfə getdi».

 

Xalq artisti Kübra Əliyeva isə vurğuladı ki, xalq teatrlarından çıxan insanların hamısı sənətkar oldu: “Ora istedadı olan gənclər cəlb olunurdu. O teatrlardan mədəniyyətimiz üçün gözəl sənətçilər çıxdı. Xalq teatrları bağlandığına görə istedadlı uşaqların sayı azaldı. Xalq teatrına fitri istedadı olanlar gedirdilər. İndi də universitetə istedadı olan uşaqlar getməlidirlər. Lütfi Məmmədbəyovun xalq teatrında yetişdirdiyi aktyorların hamısı sənətkarlardır. Çoxu teatrda yaşlanıb. O aktyorlar Akademik Milli Dram Teatrında, Musiqili Teatrda və digər teatrlarda ömürlərini qoyublar. Hazırda yaşayanlar arasında xalq teatrlarından gələnlər az qalıb. Xalq teatrından 70-ci illərdə çıxan aktyorlar, rejissorlar çox tanındılar. O illərdə Həsən Məmmədov, Hamlet Xanızadə, Şahmar Ələkbərov gəldi. Sonra görmədim”.

Xalq artisti onu da dedi ki, əvvəllər məktəblərdə dram dərnəkləri vardı və aktyorlar dərs deməyə gedirdilər: “Artıq o yoxdu. Dram dərnəklərinin və xalq teatrlarının yenidən bərpa olunması lazımdır”. 

 

Rəqsanə

Tarix
16 Oktyabr 2014 [15:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin