Ana səhifə
19 Sentyabr 2018

Uşaqların övladlığa verilməsindəki problemlər

Ölkənin uşaq müdafiə sistemi övladlığa verilən uşaqların üzərində daimi nəzarət aparmağa imkan vermir

 

 

Azərbaycan ailəsi üçün övlad ən dəyərli varlıq hesab olunub. Tanrının verdiyi bu gözəl varlıqdan imtina edərək onu uşaq evlərinə verənlərlə yanaşı, ömrü boyu uşaq həsrəti ilə yaşayanlar da olur. Birinciləri valideyn adlandırmaq nə qədər çətin olsa da, başqa uşağı övladlığa götürərək onu böyüdən insanlar dünyanın ən yaxşı sözlərinə layiqdir. Dünyaya gətirdiyi uşağa baxmaq valideynlər üçün bir borcdur. Amma doğmaları tərəfindən atılan bir körpəyə sahib çıxaraq onlara ata, analıq edən şəxslərin yeri tanrı qarşısında da ucadır. Goranboy rayonundan olan Mehriban Qasımova (ad şərtidir) da onlardan biridir. 10 ildir ailə qursa da, övladı olmayan M.Qasımova sonda həyat yoldaşı ilə birgə övladlığa uşaq götürmək qərarına gəliblər. Mövcud prosedurları keçən ailə 3 yaşdən böyük uşaq övladlığa götürmək istədiklərindən Təhsil Nazirliyinə yönəldiliblər. Amma artıq 2 ildir növbə gözləyirlər. Rəsmi strukturların məlumatına görə, uşaq övladlığa götürmək istəyənlərin sayı onlara verilə biləcək uşaqların sayından xeyli çox olduğundan məsələ bir qədər uzanır. Növbəsi çatan ailə uşaqla ünsiyyət qurur, problem olmadıqda ərizə müəllifləri məhkəməyə müraciət edir və məhkəmə yekun qərarı çıxarır.

 

Azərbaycanlı uşaqlar kimlərə övladlığa verilir

 

Hazırda Azərbaycanda uşaqların övladlığa verilməsi iki yolla mümkündür. Bunlardan biri uşaqların Azərbaycan vətəndaşlarına, digəri isə xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlıdır. Qanuna görə, respublikamızda yaşayan hər bir Azərbaycan vətəndaşı azərbaycanlı uşaqları övladlığa götürə bilər. Bu zaman əsas meyar uşağın övladlığa verildiyi ailənin onun müdafiəsini və qayğısını təmin edə, bütün hüquqlarını qoruya bilməsidir. Hazırda uşaqların övladlığa götürülməsi "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyası, “Ailə məcəlləsi”, “Mülki prosesual məcəllə” və Nazirlər Kabinetinin 2000-ci il, 20 sentyabr tarixli, 172 saylı qərarı ilə tənzimlənir. Övladlığa götürmə isə övlad götürmək (qəyyum olmaq) istəyən şəxsin ərizəsi əsasında proses məhkəmə tərəfindən həyata keçirilir. Məhkəməyə qədər övlad götürmək (qəyyum olmaq) istəyən şəxs isə bir neçə mərhələlərdən keçməlidir. Tək şəxs, yaxud ər və arvad uşağı övladlığa götürmək istəyirlərsə, qeydiyyatda olduğu ərazinin rayon İcra Hakimiyyətinin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi” üzrə komissiyaya müraciət edirlər. Həmin komissiya övladlıq və qəyyumluq orqanı vasitəsilə valideyin olmaq istəyən şəxslərə lazımı sənədlərin toplanması üçün siyahı verir. Toplanılan sənədlər rayon icra hakimiyyətinə təqdim olunur. Rayon icra hakimiyyəti başçısının müvafiq məktubu ilə həmin sənədlərin sürəti ya Səhiyyə Nazirliyinə, yaxud da Təhsil Nazirliyinə ünvanlanır. Bundan sonra həmin kəslər övladlığa uşaq götürmək istəyən kəslər kimi qeydiyyata alınır. İcra hakimiyyətindən məktub daxil olduqdan ən çox üç gün sonra həmin şəxs qeydiyyata alınır və uşaqların siyahısı ilə tanış olur. Əgər övladlığa götürən uşaqla tanış olursa, qəti qərara gəlirsə, ən geci 1 ay ərzində uşağın sənədləri hazırlanır, məhkəməyə təqdim olunur. Bu prosesdə Təhsil Nazirliyi, yaxud Səhiyyə Nazirliyi icra hakimiyyəti ilə birlikdə sənədləri məhkəməyə təqdim edir.

 

291 nəfər uşaq övladlığa götürmək üçün növbə gözləyir

 

Respublikamızda hazırda yetim və valideyn himayəsindən məhrum uşaqların mərkəzləşdirilmiş siyahısında hazırda 685 uşaq var. Təkcə 2013-cü ildə Azərbaycanda 961 uşaq övladlığa verilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 204 nəfəri 1 yaşadək, 429 nəfəri 1-5 yaşlı, 183 nəfəri 6-10 yaşlı, 145 nəfəri 11-17 yaşlı uşaqlar olub. Eyni zamanda 60 uşağın övladlığa götürülməsi barədə qərar ləğv edilib. Onlardan 1 nəfəri 1 yaşadək, 6 nəfəri 1-5 yaşlı, 7 nəfəri 6-10 yaşlı, 46 nəfəri 11-17 yaşlı uşaqlardır.

Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın sözlərinə görə, hazırda nazirlikdə hazırlanan övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında 35 nəfər uşaq var: «Onlardan 15 nəfər sağlamlıq imkanları məhdud uşaqdır.  Bu ilin birinci yarısında Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 5 nəfər uşaq övladlığa verilib. Onlardan biri sağlamlıq imkanları məhdud uşaq olub. Hal-hazırda isə 291 nəfər Təhsil Nazirliyinin övladlığa uşaq götürməyi arzu edən şəxs kimi Təhsil Nazirliyində siyahıya alınıb. Övladlığa götürülən uşaqla bağlı müvafiq icra hakimiyyəti orqanının əməkdaşı altı aydan bir başqa səbəblə monitorinq apara bilər. Uşağın övladlığa götürülmə məsələsi gizlin saxlanılmaqla, müəyyən qədər uşağın gələcək taleyinin izlənilməsinə icazə verilir. Götürülən uşaq doğma övladla bərabər hesab olunduğu üçün onlar istədikləri kimi ölkəni tərk edə bilər».

 

Övladlığa verilən uşaqların sonrakı taleyi

 

Hazırda əsas problemlərdən biri övladlığa verilən uşaqların sonrakı taleyi ilə bağlıdır. Hazırda Azərbaycan vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova deyir ki, ötən il ərzində 8 əsnəbi vətəndaş tərəfindən uşaq övladlığa götürülüb: «Bunlardan 4 nəfəri  Rusiyada yaşayan azərbaycanlılardır. Onlar uzun müddətdir Rusiyada yaşayır və Rusiya vətəndaşları olduqlarından övladlığa götürmə xarici vətəndaşların uşaq övladlığa götürmə qaydalarına uyğun həyata keçirilib. Əlavə olaraq 2 nəfər xaricdə yaşayan xanım uşaq övladlığa götürüb, onlardan biri Türkiyə, digəri İran vətəndaşı ilə ailə qurub. Bir ABŞ və bir Fransa vətəndaşı tərəfindən övladlığa götürmə olub ki, həmin uşaqlar da müəyyən fiziki qüsurlu uşaqlar olub. 2014-cü ilin ötən dövründə isə 2 övladlığa götürmə faktı həyata keçirililib. Bunlardan biri ABŞ vətəndaşı, digəri isə Gürcüstan vətəndaşı olan azərbaycanlıdır».

Ümumilikdə, 2007-2013-cü illər ərzində xaricdə yaşayan 40 ailə tərəfindən 42  azərbaycanlı uşaq övladlığa götürülüb. Onlardan 25 nəfəri qız, 17 nəfəri isə oğlan uşaqları olub. Uşaq övladlığa götürən həmin şəxslərdən 16 nəfəri Rusiyada yaşayan azərbaycanlılardır. Göründüyü kimi, xarici vətəndaşlar daha çox qız uşağını övladlığa götürürlər. Övladlığa uşaq götürənlər isə əsasən Rusiyada yaşayan azərbaycanlılardır. Onlar arasında, həmçinin, Gürcüstan, ABŞ, Türkiyə, İngiltərə, Danimarka, İran və Fransa vətəndaşları da var. Xarici vətəndaşlara övladlığa verilənlər arasında hələ ki, heç bir uşağın geri qaytarılması halı olmayıb.  

 

«Nəzarət olarsa, həm də övladlığa götürmə prosesində şəffaflıq yaranar»

 

Amma bu gün uşaqların həm daxili, həm də xarici ölkələrə övladlığa verilmə sahəsində ciddi nəzarətin yaradılması vacibdir. Belə ki, qanunvericilikdə övladlığa verilən uşaqların sonrakı həyatına nəzarət məsələsi açıq qalıb. Əvvəllər bu sahəyə nəzarəti himayəçilik və qəyyumluq orqanları həyata keçirirdi. Hazırda bu sahəyə nəzarət proseduru olmadığı üçün problemlər var. Daxili övladlığa verilən uşaqların döyülməsi, zorakılığa məruz qalması faktları var. Bu uşaqların insan alverinin qurbanına çevrilməsi riski də qalmaqdadır.

Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov isə deyir ki, uşaqların övladlığa verilməsində müəyyən problemlər qalır: «Uşağın gələcəyi ilə bağlı qərarların verilməsi dövlətin üzərinə yox, övladlığa uşaq götürən şəxsin üzərinə düşür. Daha bir çətinlik ondan ibarətdir ki, ölkənin uşaq müdafiə sistemi övladlığa verilən uşaqların üzərində daimi nəzarət aparmağa, onların pozulmuş hüquqlarının bərpasına imkan vermir. Həmçinin, vətəndaşlar kiçik yaşlı uşaqları övladlığa götürmək istəyirlər ki, bu da çətinlik yaradır. Bununla bağlı müvafiq sənədlərin toplanması da xeyli vaxt aparır. Amma beynəlxalq təcrübədə övladlığa verilmə prosesi sadədir və sonradan isə həmin uşaqların üzərində ciddi nəzarət mexanizmi var. Bizdə də nəzarət mexanizmi olsa da, işlək deyil».

Hüquq müdafiəçisi Nazir Quliyev də deyir ki, bu sahədə problemlər övladlığa götürmə anından sonra yaranır: «Məhkəmədə övladlığa verilmə ilə bağlı qərarın qəbulundan sonra övladlığa götürülən uşaqlara nəzarət etmək imkanları olmur. Bunun üçün resurslar, potensial və qanunvericilik imkanları lazımdır. Təəssüflər olsun ki, bu gün yerli səviyyədə icra hakimiyyətində olan qurumların kadr, maddi-texniki bazası, bacarıqları buna imkan vermir. Nəzarət olarsa, həm övladlığa götürmə prosesində şəffaflıq yaranar, həm də övladlığa götürən şəxslər məsuliyyətlərini dərk edərlər. Çünki heç kim zəmanət vermir ki, həmin uşağın sonrakı taleyi necə olacaq, onların hüquqları necə qorunacaq. Bu sahəyə nəzarəti həyata keçirmək səlahiyyəti olan qəyyumluq, himayəçilik orqanlarının fəaliyyəti səmərəsizdir».

 

Yeni qaydaların övladlığa verilən uşaqların taleyinə nəzarətə imkan verəcəyi gözlənilir

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova isə bildirir ki, övladlığa verilən uşaların sonrakı taleyi ilə daim maraqlınılır: «Uşaqların övladlığa götürülməsi ilə bağlı yekun qərar Komitənin rəyi nəzərə alınmaqla məhkəmə tərəfindən verilir. Biz də hər zaman məhkəmə qarşısında bu məsələni qaldırırıq. Uşaqlar övladlığa verildikdən sonra 3 il ərzində hər 6 aydan bir uşağın həyat şəraiti, sağlamlığı, ailə davranışları  ilə bağlı video və foto görüntülər götürülüb vətəndaşı olduğu ölkənin əlaqədar orqanları tərəfindən təsdiqlənərək Komitəyə göndərilir. Bu hesabatlara həmin uşaqların həyat tərzini, yaşayışını özündə əks etdirən fotoşəkillər, videogörüntülər və rəsmi orqanların bu uşaqların sağlamlığı, həyatı haqqında sənədlər daxildir. Həmin sənədlər vasitəsilə uşağın yaşadığı həyat şəraiti ilə tanış olmaq mümkündür».

Hazırda respublikamızda yetim və valideyn himayəsindən məhrum uşaqlar öncə qohumları, sonra digər soydaşlarımıza təqdim olunur. Ən sonda isə xarici vətəndaşlara təqdim olunur. İndi əsas hədəf uşaqlara uyğun yerli ailələrin tapılması olacaq. Yeni qaydalar isə hazırda razılaşdırma mərhələsindədir. Ən əsas məsələ odur ki, Komitə uşaqların birmənalı şəkildə yerli vətəndaşlar təərəfindən övladlığa götürülmə tərəfdarıdır. Amma daha bir ağrılı məqam uşaqların övladlığa verilməsində vahid nəzarət mexanizminin olmamasıdır. Üç aylıqdan 3 yaşına qədər övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşmiş uçotu Səhiyyə Nazirliyi tərəfindən aparılır. 3 yaşdan 18 yaş arası uşaqların övladlığa verilməsi üçün mərkəzləşmiş uçot qeydiyyatı isə Təhsil Nazirliyi tərəfindən aparılır. Əcnəbilərə övladlığa verilən uşaqların uçotunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparır. Buna görə də hazırda uşaqların övladlığa verilməsi ilə bağlı vahid nəzarət mexanizminin yaradılması ilə yanaşı, övladlığa verilən uşaqların sonrakı həyatına nəzarət üçün ciddi qanunvericilik bazasının formalaşdırılması da vacibdir.

 

 

Xalid VAHİDOĞLU

 

Tarix
16 Oktyabr 2014 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin