Ana səhifə
15 Dekabr 2018

Erməni həkimin səhvi məni cərrah olmağa vadar etdi – Müsahibə

Vaqif Rüstəmov: “Ayın 29 gününü xəstəxanada  qalırdım ki, cərrahiyyə əməliyyatlarını çox görüm”

 

 

 

Bir dəfə Respublika Mərkəzi Xəstəxanasının məşhur kardioloqu Süleyman doktorun yanında olarkən ora Tibb Universitetindən təcrübəyə 3-4 tələbə gəlmişdi. Doktor onlardan birinə müraciət edərək xəstənin ürək döyüntülərini yoxlamağı tapşırdı. Tələbə xəstənin ürəyini solda yox, sağda axtaranda Süleyman doktor istər-istəməz təəssüf hissi keçirərək gələcəyimizin çox fəlakətli olacağını vurğuladı.

O həmişə deyirdi ki, istənilən ixtisas sahibinə səhfini bağışlamaq olar, ancaq həkimə, xüsusən cərraha heç bir səhvi bağışlamaq olmaz. Azərbaycanda savadlı cərrahlar çox olub. Onlardan biri də tanınmış cərrah Vaqif Rüstəmovdur. Özünün yox, müalicəsindən şəfa tapan xəstələrinin dediyinə görə, apardığı əməliyyatların 99 faizi müsbət nəticə verib. Belə həkimlərin tanıdılması biz jurnalistlərin borcudur.

Tərcümeyi-halı ilə tanış olanda öyrəndim ki, 1982-ci ildə N.Nərimanov adına Tibb İnstitutunun Müalicə işi fakültəsini “Cərrahiyyə” ixtisası üzrə bitirib. 1983-cü ildə internaturanı başa vuran Vaqif doktor əmək fəaliyyətinə Sumqayıtda 2 saylı uşaq poliklinikasında cərrah kimi başlayıb. Sonra Səhiyyə Nazirliyinin əmri ilə 26 saylı poliklinikaya göndərilib. 1985-ci ildən bu poliklinikada çalışır. Millətini hədsiz sevdiyini deyir. “Tanınmışların yadda qalan tələbəlik illəri” rubrikası üçün bu dəfə onun keçdiyi yola işıq salmağa çalışdıq.

 

BİRİNCİ DƏFƏ “KONKURS”A DÜŞDÜM

 

- Atam fəhlə, anam evdar qadın olub. Qardaşımın biri Azərbaycan Dövlət Universitetinin kitabxanaçılığını, digəri rus dili ixtisasını bitirib. Həkimliyə uşaqlıqdan bağlı olmuşam. Həyatımda baş verən bir hadisə isə bu ixtisası seçməkdə həlledici rol oynayıb. Mən İcevan rayonunda doğulmuşam. Uşaq vaxtı burnumda adonoidlər var idi. Atam məni İcevan şəhərində xəstəxanaya apardı. Orda bir erməni həkim (Allah ona lənət eləsin!) adonoidləri kəsmək əvəzinə, burun çəpərinə toxunmuşdu. Həmin vaxt özümə söz verdim ki, mütləq həkim olacam, özü də cərrah. Bunu sübut da elədim. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bilik-bacarığıma görə pasiyentin ancaq sevgi, hörmət-izzətini qazanmışam.

Ali məktəbə qəbul imtahanını da yaxşı xatırlayıram. Bu, hərbi xidmətdən sonraya təsadüf edir. Hərbi xidmətə getməmişdən öncə sənəd verib, “konkurs”a düşmüşdüm, keçid balını toplamamışdım. Əsgərlikdən qayıtdıqdan sonra təkrar sənədlərimi verdim. Qəbul imtahanında məşhur alim Zəhra Quliyeva da iştirak edirdi. Allah ona qəni-qəni rəhmət eləsin. Gözəl həkim, yüksək səviyyəli insan idi. İmtahan vaxtı onun qarşısında oturmuşdum. Suallara cavabdan sonra soruşdu: «Oğul, hardansan?»  Cavabında dedim ki, bəs Ermənistanın İcevan şəhərindən. “Atanın çörəyi sənə halal olsun. Get, avqustun 29, ya da 30-da gəlib tələbə biletini alarsan”, - dedi. 4 imtahan fənninin hamısından əla qiymət alıb instituta daxil oldum.

Bir müddət Kondisioner Zavodunun yataqxanasında qaldım. Sonra kirayədə də yaşadım. Özüm də işləyirdim. Təqaüd alsam da, məni qane etmirdi. Çünki aldığım 40 manat təqaüd ehtiyaclarımı tam ödəmirdi. Evdən valideynlərim də kömək edirdi. Həm də işləyirdim, çətinliklə də olsa  birtəhər dolanırdım.

Tələbə yoldaşlarımın əksəriyyəti rayondan idi, Bakıdan oxuyanlar az idi.

Tələbəlik dövründə yaşadığım bütün xoş anlar yadımdadır. Bizə auditoriyalarda yüksək səviyyəli, peşəkar həkimlər mühazirə oxuyub, seminar keçiblər. Necə ola bilər, onları unudum. Məsələn, Gülağa Hacıyev, Vaqif Şadlinski kimi mükəmməl, savadlı müəllimlərimiz olub. İndiki müəllimlərlə ünsiyyətdə olmamışam, onlar haqqında nəsə deyə bilmərəm. Amma indiki müəllimlər ovaxtkı müəllimlərin heç biri ilə müqayisə oluna bilməz.

 

CANLI XƏSTƏ ÜZƏRİNDƏ MÜHAZİRƏ DEYƏN MÜƏLLİMLƏRİMİZ VARDI

 

Bizə dərs deyən görkəmli alimlərdən biri Aqil Əliyev olub. Bir dəfə 4 patok birləşib siyasi iqtisaddan imtahan verməliydik. Heç kəs cürət edib, birinci imtahana girmək istəmirdi. Xalatımı geyib, içəri girdim. Bileti çəkib, gördüm ki, əla bildiyim suallardır. Müəllim, “Get otur, hazırlaş” deyəndə cavab verdim ki, professor, mən hazıram, olar fikirləşmədən cavab verim. Razılaşdı. Bütün suallara ətraflı cavab verdim. Mən elə bilirdim ki, müəllim 4 qiymət yazıb, bayıra çıxandan sonra qiymət kitabçasına baxdım. Kitabçaya «əla» qiymət yazılmışdı. Tələbə yoldaşlarım tapşırıldığımı düşünürdülər. Dedim: «Siz nə danışırsınız, mənim kimim var axı. Dədəli yetim oğlanam».

Ən qorxduğumuz müəllim məşhur müğənni Akif İslamzadənin qardaşı Faiq müəllim idi, bizə biokimyanı tədris edirdi. Tələbələrin çoxu kəsilsə də, mən qiymət aldım. Fiziologiya müəllimi Qəhrəman Qəhrəmanovdanda «əla» qiymət almışam.

Həkimliyə, müəllimlik peşəsinə sidq-ürəkdən bağlı olan peşəkar müəllimlərimiz vardı. Onlar bizə canlı xəstə üzərində dərs keçirdilər. Həmin dövrdə İsazadə soyadlı məşhur terapevt vardı. Baxmayaraq mən cərraham, amma o müəllimin sayəsində bu sahəni beş barmağım kimi öyrənmişəm. Ciddi adam idi, hər adama da qiymət yazmırdı. Amma oxuyan tələbə gözünün işığı idi.

Vaqif müəllim prorektorumuzdu, həm də anatomiyanı tədris edirdi. Onun kimi müəllim yox di. Haqqını tələb edirdi. Uşaqların çoxu Vaqif müəllimi xoşlamırdı. Çünki həmin uşaqlar harınlamış ailələrin övladları idi. Onlar zəhmət nə olduğunu bilmirdilər. Dərsləri oxumaz, mən filankəsin adamıyam, tapşırılmışam, mütləq qiymət yazmalısan, deyərdilər.

Düzdür, bizim tələbəlik dövrümüzdə də yaxşı dərs keçməyən müəllimlərə rast gəlmək olardı. Elə  olurdu ki, praktikada görürdüm dərs keçmirlər, çıxıb kitabxanaya gedirdim. Darvin adına kitabxana vardı. Axşam 8-ə qədər oturub, kitablar oxuyur, dərslərimə hazırlaşırdım. Lənkərandan Siyasət adlı tələbə yoldaşımla çox oxuyurduq, ac-susuz qalırdıq, aradabir gedib siqaret çəkib gəlirdik.

Tələbəlik vaxtı asudə deyilən vaxt olmurdu. Bütün diqqətimi, marağımı kitablara yönəltmişdim. 3-5 aydan bir kinoya, teatra gedərdik.

 

BİZDƏ BAŞQA FAKÜLTƏNİN UŞAQLARINA YUXARIDAN AŞAĞI BAXMAQ HİSSİ YOX İDİ

 

Deməyim odur ki, bizim vaxtımızda biliyə zaval yox idi. Tələbənin özü ixtisasa maraq göstərməlidir. Loğman kəlməsi mənim üçün çox cəlbedici, sehrli kəlmə idi. Bu sözün mənası hər şeydən xəbəri olan deməkdir. Əgər tələbə biologiyanı, anatomiyanı, fiziologiyanı bilmirsə həkimliyi necə öyrənəcək. Bizim vaxtlarda da elə tələbələr vardı ki, dərsə getmirdilər, morqa girmirdilər ki, meyitlərdən iyrənirlər. Əgər sən insanların sağlamlığına cavabdehsənsə, onu hərtərəfli öyrənməlisən, meyitdən iyrənməməlisən. İnsanın qabında olmalıdır. Mənim bir şeirim vardı:

 

Mərifət insanın canında olur.

O da insan olanın özündə olur!

 

Mənim orta məktəbdə bir müəllimim vardı. Əməkdar müəllim idi. Gecə saat 3-ə qədər bizə riyaziyyat öyrədirdi. Bir dəfə jurnalist Qənirə Paşayeva (hazırda deputat) ümummilli lider Heydər Əliyevə sual verdi ki, bu dustaqların axırı necə olacaq. «Qızım, sən xanımsan, evi süpürüb, neyləyərsən?», ulu öndər suala sualla cavab verdi.  Qənirə isə zibili zibilqabına atdığını söylədi. Dahi öndər çox hikmətli söz dedi: «Onlar da cəmiyyətin tullantılarıdır». Düzdür, orda günahsız adamlar da yatır, amma 90 faizi oğru, quldur, adam öldürənlərdir. Həkimlərin biliksizi, savadsızı varsa, deməli onlar da heç nəyə yaramayan tullantılardır.

Cərrahiyyə üzrə ilk təcrübəni 4 saylı xəstəxanada keçirmişəm. “Semaşko”da da olmuşam. Ayın 29 günü xəstəxanada yatıb qalırdım ki, əməliyatları çox görüm.

İndi bəzən yanıma xəstə gəlir, filan yerim ağrıyır deyir. Mən xəstəliyi yox, xəstəni müəlicə edirəm. «Bir az səbriniz olsun, qoyun sualımı verim cavabımı alım, analizin nəticələrinə baxım» deyirəm. 100-də 99 faiz müsbət nəticələr əldə edirəm.

İndi də sıx münasibətdə olduğum tələbə dostlarım həm rayonda, həm Bakıda var. “Semaşko”da Əli doktor Səmədovla münasibətlərim əladır. Çox qabiliyyətli tələbə dostlarım var. Bizdə başqa fakültənin uşaqlarına yuxarıdan aşağı baxmaq hissi yox idi. Tibbi profilaktikada oxuyan tələbələr var di. Onlarla daha çox dostluq edirdim. Xanlar rayonunun Çaykənd kəndində Nurəddin həkim işləyir. Yaxın dostum olub. Heç zaman təkəbbürlü olmamışam.

Xatırladım ki, dövlət imtahanında Böyükkişi Ağayevdən  5 qiymət aldım. İnstitutda da qala bilərdim. Amma praktikaya üstünlük verdim.İnstitutu qurtarandan sonra tələbə dostlarım bir dəfə 2012-ci ildə toplaşıb. Onda mən burada deyildim, bu səbəbdən də iştirak edə bilmədim.

 

 

 

 

Əfsun 

Tarix
27 Fevral 2015 [22:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin