Ana səhifə
26 May 2018

“Atam məşq edəndə evdə sükut olurdu” - Müsahibə

Sevinc Turabova: “Atama ilk dəfə aldığım hədiyyəni ona verə bilmədim”

 

 

 

 

“O özünü sənətilə yanaşı, sadəliyi, dürüstlüyü ilə xalqa sevdirdi”

 

Kino və ya teatr sahəsində tanınmaq o qədər asan deyil. Amma daha çətin olanı hər iki sahədə xalqın sevimlisi olmağı bacarmaqdır. Tarixə nəzər saldıqda hər iki sahədə öz sözünü deyən az sayda aktyorların olduğunu görərik. Onlardan biri də kinoda əvəssiz rollar yaradan, eyni zamanda teatrı ikinci evi hesab edən Həsənağa Turabovdur. Arzuladığı bütün rolları ifa edən aktyor Şah Qacar rolunu  da oynamaq istəsə də, bu istəyi yarımçıq qalır. Oğlunu gənc yaşda itirən aktyor sanki bununla həyatdan küsür. Müsahibim olan aktyorun qızı Sevinc Turabova bizimlə söhbətində bildirdi ki, H. Turabov sənətini sevən, ailəsinə bağlı insan olub. “O, məni çox istəyirdi. Həmişə deyirdi ki, mən rəhmətə getsəm Sevinc mənsiz neyləyəcək? Mən onsuz neyləyəcəm?” – deyən Sevinc xanımla atası ilə bağlı söhbət apardıq.

 

- İlk baxşıdan sizi atanıza bənzətdim. Qardaşlarınız da atanıza bənzəyirmi?

- Qardaşım Daşqını hər kəs atama bənzədirdi. Daşqın bir dəfə teatrda Şəfiqə Məmmədova ilə qarşılaşıb. Şəfiqə xanım deyib:»Elə bildim Turabovun cavanlığıdı». Daşqın atamın Gəray bəy obrazını oynadığı vaxtına bənzəyirdi. Axır vaxtlar isə Yalçın atama daha çox oxşamağa başlayır. Yaşa dolduqca ona daha çox oxşayırıq. Yalçını isə atamın Qaçaq Nəbidəki vaxtına oxşadıram.

 

- H.Turabovla bağlı danışanlar “sözündən dönməz insan olub” - deyirlər...

- Atam dediyini edən insan idi. Uşağa belə söz vermisinizsə, ona da mütləq əməl edin, edə bilməyəcəyiniz bir şey üçün söz verməyin deyirdi. Nə qədər acı olsa da sözün düzünü deyirdi. Yalandan kiməsə ümid vermək atamlıq deyildi. Özü də hansısa işi üzərinə götürürdüsə, mütləq nə qədər çətin olsa da yerinə yetirirdi. Ölən günə qədər hamıya kömək etdi. Ölümündən 3-4 gün əvvəl bir xanım zəng vurub atamı soruşdu. Atamı dəstəyi götürüb “Təbrik edirəm”, “Lap yaxşı”, “Ailənlə orda yaşa” sözlərini dedi. Maraqlandım, nə olduğunu demədi. Sonra bir kişi zəng etdi və oğlu ilə bağlı nə isə danışdılar. Bir neçə gün sonra atam rəhmətə getdi. Evə gələnlərin çoxu tanış olsa da bir kişi ilə bir qadını tanımadım. Kim olduqlarını soruşdum. Xanım oğlunun onu evdən qovduğunu dedi. Həsən müəllimdən kömək istədim və o mənə AZDRAMA tərəfdə balaca bir ev tapdı, orda qaldım. 3 gün öncə Həsən müəllimlə telefonda danışmışdım. Evə yığışanda sizi qonaq çağıracam demişdim. Amma qismət olmadı. Kişinin oğlunu isə hardasa işə düzəltməyə kömək edib. Rəhmətə gedəndən sonra evə bir kişi zəng vurub atamın öldüyünü eşitdiyini dedi. Dedim hə düzdür. Siz kimsiz? Dedi xalqıq, bizi tanımazsız və ağladı. Atamla AZDRAMA-ya vida mərasiminə gələn adamları görəndə bildim ki, onu sevən nə qədər adam varıymış. Sevildiyini bilirdim, bu qədər olduğunu təsəvvür etmirdim.

 

- Belə çıxır ki, o sevgini tək rolları ilə qazanmayıb?

- Atam rolu öz həyat kimi yaşayırdı. Deyirdi insan məşğul olduğu işini sevməlidir. Aktyorluqla yolavermək xatirinə məşğul ola bilmərəm. Elə rol oynamalıyam ki, xalq məni, mən də xalqı sevim. Bəzən bir gündə iki tamaşa oynayırdı. Halbuki onun dublyoru oynamalı idi. Hamı tamaşaya Turabovun adına gəlirdi deyə, atam səhnəyə çıxmalı olurdu. Premyera bir dəfə olmalıdı. Amma Turabova görə 4-5 dəfə premyera edirdilər. O, teatrdan çıxandan sonra da ora gedirdi. Məni də yanında aparırdı. Mənimlə söhbət ona maraqlı gəlirdi. Atamla teatrda foyedə gəzəndə bir kişi yaxınlaşıb dedi ki, Həsən müəllim eşitmişəm teatrdan çıxmısız. Müsbət cavab alanda kişi ağladı və dedi: «Həsən müəllim teatra sizə görə gəlirdim».

Atam üçün teatr həmişə ikinci evi olub. O, özünü sənətilə yanaşı, sadəliyi, dürüstlüyü ilə xalqa sevdirdi.

 

- Aktyorlar deyirlər ki, bu sənət ömrü qısaldır. Oynadığı rollar Həsən müəllimin həyatına nə dərəcədə təsir edirdi?

- Oynadığı rollar aktyorun həyatına doğrudan da təsir edir. Amma atamın ömrünü qısaldan, onu sarsıldan qardaşımın vaxtsız ölümü oldu. Atam ona həvalə edilən bütün rolların öhdəsindən lazımınca gəlirdi. Bir dəfə  İlyas Əfədiyev ona zəng edib “Unuda bilmirəm”in ikinci hissəsini yazmaq istədiyini dedi. Orada Amaliya Pənahova ilə atamın oynamağını istədiyini bildirdi və pyesi məhz onun üçün yazdığını söy lədi. Əsər yazıldı və həmin tamaşanın 4-5 dəfə məşqlərinə getmişəm. Atam rolları böyük məsuliyyətlə oynayırdı.  Tamaşalar oynamaq istəyirdi, amma qardaşımdan sonra həyata marağı yox idi. Həmişə deyirdi ki, ürəyimdə olan bütün rolları oynamışam, bircə Şah Qacar qalıb. O rolun hazırlıqları gedən vaxt qardaşım rəhmətə getdi və atamın əli bütün işdən soyudu. Teatra gedib məşqlərə baxanda belə keçmişi xatırlayırdı. Həmişə atamın məşqlərində aktyorlarla yanaşı, qardaşlarım və mən də olurduq.

 

- Oğlunuza qardaşınızın adını vermisiniz. Daşqın Həsən müəllim üçün təsəlli ola bildi?

- Daşqın cavan yaşında rəhmətə gedəndə oğlum dünyaya gəldi. Onun adını uşağa verəcəyimi deyəndə istəmədilər. Amma mən onun adını oğluma qoydum. O, dayısına oxşayır. İkinci oğlum Zaur isə atama çox oxşayır. Daşqını atam çox istəyirdi və deyirdi onu birinci sinifə özü aparacaq. Amma qismət olmadı.

 

- Bəs babalarının davamçısı var?

- Daşqın haqda danışanda deyirdi ki, onu hansı sahədə qoysan orada irəliləyəcək. O, uşaq dərnəyində tamaşalarda iştirak edirdi. Çətin rollar həvalə olunsa da, öhdəsindən yaxşı gəlirdi. Hamı deyirdi ki, bu gələcəyin artistidir. Bir dəfə 10-cu siniflərin bayram tamaşası üçün məktəbdə aktyorlar axtarırmışlar. Daşqını da seçiblər. Məşqdə rejissor deyib ki, bu oğlanda mənə tanış gələn hərəkətlər var. Turabovun nəvəsi olduğunu biləndə deyib: « Özündən başqa hərəkətləri də babasına oxşayır, istəsə aktyor ola bilər».

 

- Amma olmadı...

- Mən ona aktyorluğu məsləhət gördüm. Amma oğlumun seçiminə qarışmadıq. Hazırda Texniki Universitetdə təhsil alır. Aktyorluqla məşğulə olub-olmayacağını gələcək göstərəcək.

 

- Oğlunuzun atanız kimi aktyor olmağını istəyərdiniz?

- Yaxşı aktyor olmaq üçün çox zəhmət çəkmək lazımdır. Atam Şəfiqə Məmmədova, Hökumə Qurbanova, Nəcibə Məlikova kimi aktrislarla bir yerdə işləyib. Onları görüb, öyrənib, tərəf müqabili olub. Oğlum indi kimdən öyrənəcək? Kimlərlə tərəf müqabili olacaq? Əvvəlki vaxt olsaydı aktyor olmağını çox istəyərdim, amma indi yox.

 

- Əvvəllər tamaşaçılar sevdikləri aktyorlara məktublar yazırdılar. Sizin evə məktublar gəlirdi?

- Atama ünvanlanan hansısa sevgi məktubunu görməmişəm. Amma onu hədsiz qısqanırdım. Bir dəfə işdə müəllimlərlə oturmuşduq. Birdən qızlar dedilər ki, Həsən müəllim üçün ölürük, onu çox istəyirik. Bir sözlə atamı tərifləyirdilər. Axırda dözməyib dedim siz kimsiz atamı çox istəyəsiniz? O mənim atamdır. Bir anlıq uşaqlıq etdim. Yaşlı müəllimlərdən biri dedi ki, o evdə sizindir, ümumilikdə xalqa məxsusdur. Ondan sonra atamın tək mənə məxsus olmadığını başa düşdüm.

 

- Ananız atanızı qısqanmırdı?

- Onlar orta məktəbdə bir-birini seviblər. Valideynləri onların evlənməyinə razı olmayıb. Amma sevgilərindən əl çəkməyiblər və sonda nişanlayıblar. O, bütün çəkilişlərə anamı aparırdı. Anam onu heç qısqanmırdı. Mən dəhşət qısqanırdım. Atam deyirdi ki, anan sənin kimi qısqanc olsaydı batardım. Anam ona çox etibar edirdi. Atam anamı o qədər çox istəyirdi ki, bir sözü ilə hər şey edərdi.

 

Azər Paşa Nemətov H.Turabov haqqında danışanda qeyri-adi dostdur deyib. Həsən müəllim kimlərlə dostluq edirdi?

- Azər müəllimlə atam cavanlıqdan dost olublar. Onlar  bir-birinin dərdini dinləyib, can yandırıb, kömək etməyə çalışan dost, qardaş olublar. Vaqif İbrahimoğlu, Eldar Quliyev, Kamal Abdulla ilə yaxın dost idilər.

- Evdə məşq edirdi?

- O, evdə məşq edəndə otağın qapısını bağlayırdı. Anam isə bizi sakitləşdirirdi. Evdə sükut olurdu. Hamımız qapının yanında durub dinləyirdik.

 

- Əsəbi insan idi?

- Kin, əsəb ondan kənar idi. Bizə deyirdi ki, məsələni dillə yola qoyun, əsəblə iş həll olunmur. Atamın baxışından nə demək istədiyini anlayırdıq. Sözə ehtiyac yox idi.

 

- Atanızın mənfi obrazlarını izləyəndə nə hiss edirsiz?

-Onun  mənfi obrazı bircə Gəray bəy olub. Mənfi olsa belə atamı o rol ilə sevənlər çox idi. Məktublarda gözəl oynadığını yazırdılar. Mənfi rol kimi qiymətləndirənlər az idi. Mən o filmdə atamı mənfi obrazda görə bilmirəm.

 

- Amma mənfi-müsbət oynamasından asılı olmayaraq rolları onu yaşadır...

- Bir dəfə mənə dedilər ki, siz çox xoşbəxtsiz. Dedim bu qədər dərdin içində nə xoşbəxtlik? Cavabında, «bizim atamız rəhmətə gedəndən sonra ancaq toy kasetlərində görə bilirik. Sizin atanızın isə dövlət səsini, filmlərini qızıl fondda saxlayır» eşitdim. Bəzən elə bilirlər ki, atamı hər dəfə izləmək mənə rahatdır. Amma onu izləmək çox çətindir. Axşam Azərbaycan radiosunda atamın qəzəllərini dinləyəndə ağlayıram. Qulaq asmamağa çalışıram, amma özümdən asılı olmadan bir də baxıram ki, artıq radionu açmışam. Eşitmək istədiyim o səs mənə əzab verir. Səsini eşitdikcə sağ olmasını arzulayıram. Televiziya kanalları onu unutmayıb. Filmlərini verirlər, haqqında verilişlər hazırlayırlar.

 

- Atanız sağ olanda güldüyünüz, indi isə ağlayaraq xatırladığınız xatirəniz varmı?

- Martın 17-si mənim, 24-ü isə atamın ad günüdür. Həmişə özümə hədiyyə aldırırdım, amma atama almırdım. Fevralın 23-ü günü üçün mamam və mən atama ayrı-ayrılıqda ətir hədiyyə almışdıq. Fevralın 22-si günü o dedi ki, hədiyyəmi indi verin. Mamam da verdi. Atam ətiri havaya vurdu, dedi qoy havadan gözəl ətir qoxusu gəlsin. Məndən də hədiyyəni həmin gün verməyimi istədi. Dedim bayram sabahdı. Sabah isə o rəhmətə getdi. Ölüm haqdı. Atama ilk dəfə aldığım hədiyyəni ona verə bilmədim. 23 fevral gələndə tez keçməyini istəyirəm. O hədiyyəni məndən istəmişdi. Əslində ətirin mahiyyəti heç nədir. Amma kaş sabahı gözləməyib versəydim deyirəm.

 

 

 

Aygün Asimqızı

 

Tarix
27 Fevral 2015 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin