Ana səhifə
23 May 2018

«Musiqini atmağım musiqi sektoru üçün çox böyük bir itki olar» - Özcan Dəniz

«Sevimli təhlükəli» filminin qala gecəsi keçirildi

 

 

 

Türkiyəli məşhur müğənni Özcan Dəniz şəhərimizin qonağı oldu. Nizami Kino Mərkəzində rejissorluq etdiyi “Sevimli təhlükəli” filminin qala gecəsində iştirak edən Özcan Dənizlə bərabər filmin baş rollarının ifaçıları Ayça Ayşin, Şükrü Özyıldız və digər aktyor da qatıldılar. Film romantik komediya janrındadır.

 

Ucnoqta.az-ın məlumatına görə, filmin təqdimatından sonra heyət mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

 

 

- “Sevimli təhlükəli” filmi necə ərsəyə gəldi? Nə vaxtdan çəkilməyə başladı?

- Bu filmi keçən yay çəkdik. Filmə baxarkən isti havadan da başa düşmək olur. Avqust ayında idi. Filmin çəkilişi altı həftə davam etdi. Musiqi çox uzun oldu, musiqiçilər mənim üçün çox önəmli idi. Ona görə, film bitdikdən sonra əsl çətin müddət başladı. Ekran əsərinin nümayiş olunmasına 3 gün qalmış hazırlıqlar bitdi. Fevralın 6-da Türkiyədə qala gecəsi keçirildi.

 

- Filmdə hind filmlərinə oxşarlıq var. Bu haqda nə deyə bilərsiniz?

- “Kui” hind filmini bilən-bilir və çox gözəl bir filmdir. O filmin sontrikindən istifadə etdik. Ona görə, siz elə hiss edirsiniz. Bir də Şükrü və Ayça hind aktyorlarına bənzəyirlər. Eləcə də, musiqiyə görə bir az elə hiss etdiniz, yoxsa gözəl bir türk filmidir.

 

- Filmdə ingilis dilində də mahnı səsləndirilir. O ifanı kim səsləndirdi?

- Hazırda ifaçının adını xatırlamıram. Mahnının musiqisini mən yazdım, sözlərini də bir dostum yazdı. Mahnını ifa edən dostumun adını unutduğuma görə üzr istəyirəm.

 

- Özcan bəy, film sahəsinə daxil olmuşkən “Oskar”a layiq bir film çəkmək istəyərmi?

- İnşallah, elə bir film çəkə bilərəm. Hazırda “Oskar” mənə uzaqda görsənir, xəyal kimi gəlir. Amma «Oskar”ı gedib alacam» demək çox böyük cümlədir və elə də bu yola çıxılmaz. «Ödülləri alacam» deyə, film çəkmirlər. Biz bir iş görürük və o iş bizi hara aparırsa, ora gedirik. Bir gün bir iş görərik və o gördüyümüz iş haradadırsa, biz də oradayıq.

 

- Kino və musiqi sahəsində peşəkar bir insansınız. Bir neçə gün əvvəl “O səs Türkiyə” yarışmasında azərbaycanlı Elnur Hüseynov qalib gəldi. Amma Türkiyədə bu, birmənalı qarşılanmadı. Bəzi türklər dedilər ki, “O səs Türkiyə”nin adı bəllidir. Orada bir türk vətəndaşı qalib gəlməli idi. Buna münasibətiniz bilmək istəyərdik…

- Elnurun çox gözəl səsi var. Mən o barədə heç bir şey eşitmədim. Tam tərsinə, çox böyük qürur duyduq. Onun müdhiş bir səsi var. Türkiyədə son 10 ildə elə bir səs, solist yetişmədi. Sizi “Eurovision”da təmsil etdi, indi də icazə verin, bizi təmsil etsin.

 

- Eşitdiyimizə görə, Şükrü bəyin obrazı Şükrü bəyə deyil, Çağatay Ulusoya təklif edilib. Bu doğrudurmu?

- Yox. Məndən Çağataya təklif edilməyib. Biz kastinqdən əvvəl Çağatayla deyil, bir çox aktyorla görüşdük. Amma filmin rejissoru olaraq görüşdüyüm tək insan Şükrü Özyıldızdır, başqa heç kimlə görüşmədim.

 

- Filmdə çox gözəl aktyorlar çıxış edir. Qızın gözlərinin rəngi özəlliklə diqqətimizi çəkdi. Ayça Ayşinin öz gözlərinin rəngidir?

- Gözlərinin rəngi mənim də diqqətimi çəkdi. Ona görə də filmə çəkdik. Linzadan istifadə etməyib, gözlərinin öz rəngidir.

 

- Azərbaycanda ssenari alsanız, film çəkərsinzimi?

- Təbii ki, çəkərəm. İki ildir ki, elə bir danışıq var. Bakıda da film çəkmək istəyirəm, amma bu işlər tez olmur. Bir az zaman lazımdır.

 

- Qeyd etdiniz ki, “Sevimli təhlikəli” filminin ikinci hissəsi də çəkiləcək və siz orada rol alacaqsınız. Sirr deyilsə, hansı obrazı canlandıraacaqsınız?

- Şükrü Özyıldızın babası obrazını oynayacam. Həqiqi söyləyirəm. Ciddiyə almadınız?

 

- Filmləriniz həm Azərbaycanda, həm də Türkiyədə çox sevilir, aktyorluğunuz və rejissorluğunuz artıq bəlldir. Eyni zamanda bir musiqçisiniz. Mahsun Kırmızıgül müğənniliyi buraxıb sırf filmlə məşğul olur. Siz necə belə bir şey düşünürsünüzmü?

- Yox. Musiqini atmağı düşünmürəm, müğənnilik mənim birinci sənətimdir. Hazırda da səhnəyə çıxıram, müğənnilik fəaliyyətimi davam etdirirəm. Elə bir dərdim yoxdur.

 

- Bu yaxınlarda “Kaderimin yazıldığı gün” mahnısını çox gözəl ifa edtiniz…

- Bəli, düşünürəm ki, çox gözəl ifa etdim. Mən musiqini buraxa bilmərəm. Musiqini atmağım musiqi sektoru üçün çox böyük bir itki olar. Ona görə də, musiqini buraxmaram.

 

- Şükrü bəy, seriallarda da çəkilirsiniz. Sizə seriallarda və filmdə çəkilmək çətin deyilmi?

-  Mən aktyoram. Filmlərdə, seriallarda və teatr tamaşalarında oynaya bilərəm. Bunun üçün zamanımı düzgün bölüşdürməliyəm. “Sevimli təhlükəli” filminə çəkilmək üçün xeyli zaman sərf etdim. Mən gördüyüm işə aşiqəm, ona görə də çox çətinlik çəkdiyimi deyə bilmərəm. Əksinə, belə bir film layihəsi mənim üçün böyük şans idi və sevinirəm ki, onu yaxşı dəyərləndirə bildim.

 

- Özcan bəy, filmdə aktyorların bir-birini tapmasına kömək edən ZÇ hərfi var idi. Ç hərfi nə ilə bağlı idi?

- Zaurun “çoçuq”luğu ilə bağlı idi.

 

- Şükrü bəy, xasiyyətinizlə kinodakı xarakteriniz arasında oxşarlıq varmı? Canlandırdığınız obraz sizə yaxındırmı?

- Mən xarekterlərim üzərində işləyərkən o şəkildə işləmirəm. Mən Zaur obrazını canlandırıram və sadəcə obrazıma uyğun canlandırmağa çalışıram. Amma təbii ki, xarakterimdən də obrazıma nələrsə keçib. Mən Zauru çox sevirəm.

 

- Ayça xanım, sizi “Karagül” serialında çox sevdilər. Hazırda da filmə çəkilirsiniz…

- Bu gün buraya “Sevimli təhlükəli” filmi haqqında danışmağa gəldik. Sadəcə onu deyə bilərəm ki, serialda həyəcanlı bölümlər sizləri gözləyir.

Qeyd edək ki, sonda Özcan Dəniz “Gəlmişəm, görmüşəm, istərəm səni” Azərbaycan xalq mahnısını ifa etdi. Eləcə də, Xocalı soyqırımını xatırlayan sənətçi xalqımızın dərdinə şərik çıxdığını bildirdi: “Bir neçə gündən sonra Xocalı soyqırımını yad edəcəksiniz. Xocalı soyqırımı insanlıq adına bir qara ləkədir, bunu hər birimiz bilirik. Bu dəhşətli hadisə məni də çox kədərləndirir. Həmin gün sizin acınıza mən də şərikəm”.

 

 

 

Rəqsanə

Tarix
24 Fevral 2015 [18:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin