Azərbaycanın bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb

21:45 - 4 Avqust 2021 - Cəmiyyət

Azərbaycanın şimal və şimal-qərb regionlarında böyrək daşı xəstəliklərinə daha çox rast gəlinir.

Bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

Onun sözlərinə görə, bu, daha çox qidalanma ilə əlaqəli məsələdir: "Şamaxı-İsmayıllı zonasında daşyaranma riski 2,1 - 2,2 faiz arasındadır. Bu xəstəliyə kənd həyatı yaşayan insanlarda daha çox rast gəlinir. Çünki kənd həyatı yaşayan, tarlada çalışan bir insanla bankda, kondisioner qarşısında işləyən birinin gündəlik qəbul etdiyi suyun miqdarı və tərləmə faizi eyni deyil. İnsan nə qədər çox tərləyirsə, idrar miqdarı azalır. Yəni, sidik qatılaşır və daş yaranma riski artır. Zaqatala-Şəki regionunda bu rəqəm 0,7 faiz, Xaçmaz-Siyəzən zonasında isə 1,7 faizə bərabərdir".

A.İbrahimov, həmçinin bildirib ki, müəyyən zülallı, infeksiyalı daşlar var ki, onlara qadınlarda daha çox rast gəlinir: "Normalda isə 40 yaşdan yuxarı 3 kişidə daş xəstəliyi varsa, 1 qadında bu xəstəlik müşahidə olunur. Ümumi statistikalara nəzər saldıqda, deyə bilərik ki, ölkə üzrə böyrək şikayəti xəstəliyi ilə müraciət edən hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Hamiləlik dövründə isə daşyaranma riski yüksək deyil. 1500 hamilə qadından birində yenidən daş yaranır. Çünki hamiləlik zamanı estrogen miqdarı artır və bu daşyaranmanın qarşısını alır. Bir də əgər daş müalicə olunubsa və ya əməliyyatla götürülübsə, 5 il ərzində təkrar yaranma riski 50 fazidir".///trend

 

Xəbər xətti