Ana səhifə
19 Noyabr 2018

Mofiozlar seriallarda baş qəhrəman olur…

Əjdər Həmidov: “Gənclərin filmlərin tarixçəsindən xəbəri yoxdur”

 

 

 

Əbdül Mahmudbəyov: “Kütləvi şəkildə maarifləndirilməli və ideoloji təbliğatımız lazımı səviyyədə qurulmalıdır”

 

Bu gün bir çox insanlar, xüsusilə də, gənclər filmlərimizdəki yaradıcı heyət, ən asası da, aktyorlar haqqında məlumatsızdırlar. 1960-80-ci illərə nəzər saldıqda tarixi-inqilabi janrda bir sıra filmlər çəkildiyini görürük. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”,  “Qatır Məmməd”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Qəm pəncərəsi”, “Bizim Cəbiş müəllim”, “Bakıda küləklər əsir”, “Tütək səsi”, “Şərikli çörək” kimi bir çox filmlərimiz var. Bəs, bu gün filmlərimizi, kino tariximizi gənc nəsil üçün düzgün təbliğ edə bilirikmi? Əməkdar artist Əjdər Həmidov “Üç nöqtə”yə açıqlamasında kino tariximizi təbliğ edə bildiyimizi və film heyəti haqqında da verilişlərin olmasının vacibliyini bildirdi: “Keçmiş filmlərimiz mütəmmadi olaraq televiziyalarda nümayiş olunur. Film bir məktəbdir, dərslikdir. O filmlərə baxanda gənclər keçmişimiz, tariximiz haqqında nəsə öyrənə bilirlər. Baxmayaraq ki, bizim bəzi kinolarımız müəyyən siyası məsələlərlə əlaqədar ekrandan çıxarılıb. Amma onlar da bizim çox gözəl filmlərimiz idi və indi onları göstərmək mümkün deyil, çünki sovet ideologiyasının təsiri ilə çəkiliblər. Amma hər halda digər filmlərimizi ekranlarda göstərirlər ki, gənclərizimiz kino tariximizi öyrənsinlər. Böyük Vətən Müharibəsində bizim xalqın keçdiyi yol, kolxozçuluq, idarəçilik, əmək qəhrəmanlığı kimi mövzular “Böyük dayaq”, “Bəxtiyar”, “Uzaq sahillərdə”, “Tütək səsi”, “Şərikli çörək” kimi filmlərdə öz əksini tapıb. Yüzə qədər belə filmin adını çəkmək olar və bunlar Azərbaycanın keçmişini, tarixini ekranlarda əks etdirən filmlərdir».

Əməkdar artist dedi ki, filmlər nümayiş olunmaqla yanaşı, orada iştirak edən heyət haqqında da məlumat verilməlidir: “Bəzən gənc nəslin nümayəndələri filmlərdə oynayan aktyorları tanımırlar. Film haqqında televiziya verilişləri olmalı və filmlər haqqında məlumat verilməlidir ki, orada oynayan aktyoru, rejissoru, operatoru kimdip? Təəssüf ki, ancaq o filmləri göstərməklə kifayətlənirlər, qəhrəmanlar o qədər də təbliğat olunmur. Aktyorların təbliğatı lazımdır. Amma ümumi götürəndə təbliğat məni qane edir. Tez-tez televiziyalarda filmlərimizi, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” kimi filmləri tez-tez göstərirlər. Əsas budur ki, istər gənc nəsil, istərsə də yaşlı nəsil bu filmlər dəfələrlə yayımlansa da, çox maraqla izləyirlər. Mən də baxmayaraq ki, elə filmlər var onları əzbər bilirəm, o aktyorlarla  filmə çəkilmişəm, amma dəfələrlə onları izləyirəm. Televiziyalar sağ olsunlar ki, bu filmlərimizi unutmurlar. Məsələn, “Bəyin oğurlanması”, “Kişi sözü” həddindən artıq çox yayımlanır və təbliğat üçün yaxşıdır. Amma ayrı-ayrı filmlər və aktyorlar haqqında bir az təbliğat xarakterli verilişlər olmalıdır.  Gənclərin filmlərin tarixçəsindən xəbəri yoxdur”.

Yazıçı-kultroloq Aydın Xan Əbilov isə qeyd etdi ki, 80 illərdən əvvəl bir əsrlik tarixi olan Azərbaycan kinosunun  keçdiyi yola nəzər salanda ilkin vaxtları çıxmaq şərtilə sovet dönəmində 70-ci ildən bu yana daha çox ideoloji məsələlərlə bağlı qəhrəmanlar kinoya gətirilirdi. Bütün bu ideoloji qadağalara, mərkəzdən gələn əmrlərə baxmayaraq, azərbaycanlı kinorejissorlar, ssenaristlər arasında Azərbaycan tarixi ilə bağlı qəhrəmanları çəkməyə başlayanlar olub: «Bu qəhrəmanları yaşatmaq lazımdır. Onlar əməkçi qəhrəmanlar, tarixi şəxsiyyətlərdir, “Babək”də Babək, “Koroğlu”da Koroğlu, “Kitabi Dədə Qorqud” filmində Dədə Qorqud, ikinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş Mehdi Hüseynzadə, Həzi Aslanov və digərlərini yada sala bilərik. Bu qəhrəmanları mütləq yaşatmalıyıq. Çünki bunlar kino dili ilə bizə çatdırılımış babalarımız, nənələrimiz, dəyərələrimizdir. Bu dəyərləri itirmək heç vaxt mümkün deyil.  Sonra dövr dəyişdi, görüntülü informasiya dövrü gəldi. Kino inkişaf etdi və 20 əsrdə də buna uyğun olaraq Azərbaycanda çoxlu dəyərli filmlər çəkildi. Bu filmlərdə də maraqlı qəhrəmanlar vardı. Bu  qəhrəmalar indi də bizə lazımdır. Çünki hələ bizim problemlər həll olunmayıb, 20 faiz torpaqlarımız işğal altındadır. Bu kino qəhrəmanlarının hər birinin bizə aşıladığı mənəvi, əxlaqi dəyərləri həyatda yaşadılmalıdır. İkinci Dünya Müharibəsində iştirak edən qəhrəmanların şərəfinə yaradılmış bədii əsərlər, filmlərin qəhrəmanları Qarabağ müharibəsi dövründə də formalaşdırıldı. Bizim milli bayramlarımızda ölməz qəhrəmanlrımızın çəkildiyi filmlərə dəfələrlə baxırlar və sanki o filmlərdən doymurlar. Ona görə də nəinki onları yaşatmaq, hətta yeni qəhrəmanlar yaradılmalıdır və kütlənin beyninə yeridilməlidir. Amerika Birləşmiş Ştatlarında Hollivud kino sənayesi hələ Barak Obama prezident seçilməzdən 15 il əvvəl qaradərili prezidenlər haqqında filmlər çəkdi və bu, bütün dünyada təbliğ olundu. İnsanların beynində əks etdirdilər”.

Yazıçı-kultroloq seriallardakı qəhrəmanlar haqqında da fikir bildiridi. O, təəssüflə qeyd etdi ki, bəzi seriallarda anasından imtina etmiş insanlar, küçə qadınları, əxlaqsızlar, narkotik altında olan insanlar, quldurlar, tapançanı uşaq oyuncağı kimi oynadan insanlar, mafiozlar baş qəhrəmandırlar: “Seriallarda bir normal qəhrəman görə bilmirik. Əgər bizə indi Amerika əsgəri, Türkiyə mafiyozu, İran mollası örnək göstərilirsə, Azərbaycan qəhrəmanlarını bir əsrdən sonra bəşəriyyət tarxində görə bilərikmi? Yox. Bu çox təhlükəli tendensiyadır və kino tariximizi, qəhrəmanlarımızı mütləq yaşatmaq lazımdır”.

Əməkdar incəsənət xadimi şeyx Əbdül Mahmudbəyov bu sahədə maarifləndirməyə ehtiyac olduğunu qeyd etdi: “Klassik dramaturgiya, klassik irs bütün zamanlar üçündür və böyük dəyərlər bu və digər zamanda haradasa itirilir, batırılır, lazımınca dəyələndirilmir. Bunlar klassik irsimizin günahı deyil, öz günahımızdır. Bu gün çox təəssüflər olsun ki, bir çox klassik əsərlərimiz var ki, biz onlardan uzaqlaşdıqca daha da ziyana düşürük. Mənim müəllifi olduğum “Nəsimi” “Yeddi  oğul istərəm” və “Bizim Cəbiş müəllim” filmləridir. Onlar da mütəmmadi olaraq yayımlanır. “Bizim Cəbiş müəllim” filmi çəkilən zaman 132 nömrəli məktəbin müəlliməsi Sona xanım film bitəndən sonra ağladı və dedi ki, ömür boyu həyatımı müəllim sənətinə həsr etmişəm, amma bu filmdə arzu etdiyim və ola bilmədiyimiz müəllim obrazı gördüm. Bu əsərlər artıq məktəbdir, örnəkdir, dərslikdir, əxlaqi dəyərləri təbliğ edən gözəl bir vasitədir. Bunlar hamısı baxılmalı, öyrənilməlidir. Çünki kino elə-belə boş yerdən yaranmır. Kinoda böyük insanlar iştirak edir. Bu filmlər bütün zamanlar üçün örnəkdir. Bu gün uşaqlar Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri, Üzeyir Hacıbəyovu tanımırsa, Azərbaycanın xalq artisti dövlət himninin kim tərəfindən yazıldığını bilmirsə, Ədil İsgəndərov, Hökümə Qurbanovanı tanımırlarsa, bu, artıq yaxşı deyil. Bu mənada biz kütləvi şəkildə  maarifləndirilməli və ideoloji təbliğatımız lazımı səviyyədə qurulmalıdır”

 

 

 

Rəqsanə

Tarix
23 Fevral 2015 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin