Ana səhifə
15 Noyabr 2018

Qadın sürücünüz olmasını istəyərsiniz?

Fazil Mustafa: “Bunu evdə xanımıma izah etmək məcburiyyəti yarana bilər deyə, belə riskə getməyi düşünmürəm”

 

Əhməd Qəşəmoğlu: Qadın sürücü seçməyə nə ictimai mühit, nə də onların peşəkarlıq səviyyəsi hazırdır”

 

Aydın Xan Əbilov: “İşinin peşəkarı olsa, özümə qadın sürücü götürərdim”

 

Əvvəllər sükan arxasında daha çox kişilər olsa da, zaman keçdikcə qadın sürücülərin sayı da artmağa başladı. Bu gün onlar arasında taksi sürücüləri ilə yanaşı, özəl sürücülərə də rast gəlinir. Amma özəl sürücülərin sayı azdır. Bunun səbəbi nədir? Kişilər özlərinə xanım sürücü götürmək istərmi? Millət vəkili Fazil Mustafa bununla bağlı deyir ki, sürücü sükan arxasındadırsa, qadın və kişi olmasının fərqi yoxdur. Təhlükəsizlik qaydalarına əməl etmək hamının borcudur: “Mən “xanımlar təhlükəli maşın sürür” fikrində deyiləm. Xanım sürücülərin sayının çoxalması əslində müsbət haldır. Həyat yoldaşının yükünün azaldılması baxımından da xanımların sürücülük etməsini yaxşı qarşılayıram”.

Amma millət vəkili deyir ki, özünə xanım sürücü götürə bilməz: “Hər halda bunu evdə xanımıma izah etmək məcburiyyəti yarana bilər deyə, belə riskə getməyi düşünmürəm”.

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Faiq Sücəddinov isə deyir ki, sükan arxasında qadın və kişi olmağından asılı olmayaraq, sürücünün diqqətli olması çox önəmlidir: “Sükan arxasında sürücü mesaj yazmaqdansa, yola fikir verilməlidir. Mən qadınam deyib özünə hörmət gözləmək olmaz. Düzdür qadın sürücülərə hörmət edənlər var, amma qanun pozuntusu zamanı onlara güzəşt etmək istəməyənlər də var. Buna görə də qadınlar ehtiyatı əldən verməməlidirlər. Hər gün ağır qəza xəbərləri eşidirik. «Sürücü kimisə ağır yaralayıb, hadisə yerindən qaçıb». «Heç kim düşüb yaralıya kömək etməyib» kimi xəbərlər məni narahat edir. Düşünürəm ki, yaxşı sürücü olmaqla bərabər insanlığı qoruyub saxlamaq lazımdır”.

F.Sücəddinov da qadın sürücüsünün olmasını istəmir: “Mən qadınların maşın sürməmələrini daha çox istəyərdim. Bu qadınlar üçün yorucudur. İstəmirəm ki qadınlar sükan arxasında otursunlar, imkanları varsa, pullarını taksiyə versinlər, onları taksi gəzdirsin”.

Sosioloq Əhməd Qəşəmoğluna görə, ölkəmizdə xanım sürücülərin çoxalması normal haldır: “Amma ölkəmizdə sürücülük vəsiqəsinin alınmasında problemlər var. Bir sıra hallarda asan yollarla dərindən sürücülük vərdişlərinə yiyələnmədən də sürücülük vəsiqəsi almaq halları var. Bu yoldan kişilərdən çox qadınlar istifadə edir. Bir çox sürücü qadınlarımız var ki, sürücülük vəsiqəsini lazımi vərdişlərə yiyələnmədən alırlar. Bu da onların şəhərdə avtomobil idarəetməsində özünü göstərir. Qadın sürücülər arasında təəssüf ki, meşşan davranış formaları da var. Ümumilikdə qadınlar və kişilərimizin avtomobil idarəetmələrində kifayət qədər problemlər var”.

Sosioloq özünə heç vaxt xanım sürücü götürməyəcəyini deyir: “Qadın sürücü seçməyiməə nə ictimai mühit, nə də onların peşəkarlıq səviyyəsi imkan verir. Əgər zərif cinsin nümayəndəsini sürücü seçsəm mühit onu normal qarşılamayacaq. Qadınlar arasında isə peşəkar sürücü azdır. Mən  həmişə peşəkarlığa üstünlük vermişəm”.

Kulturoloq Aydın Xan Əbilov isə Azərbaycanda ümumilikdə sürücülük mədəniyyətinin aşağı səviyyədə olduğunu dedi: “İnsanlarımızın həm küçə, həm də sürücülük mədəniyyəti ilə bağlı maariflənmə işlərinə böyük ehtiyac var. Necə ki, kişi sürücülərimiz qadağanedici yol işarələrinə məhəl qoymadan maşını idarə edirlər, onlardan pis mənada ibrət götürən xanım sürücülərimiz də onlar kimi hərəkət edirlər. Xanımlar keçmişdə də nəqliyyat vasitələrini idarə edən olmayıblar. Hazırda şəhərdə maşın idarə edənlər daha çox gənc xanımlardır və hamısı da çox bahalı maşın sürürlər. Onlar harada işləyirlər ki, bu qədər bahalı maşın ala bilirlər? Amma bütün bunlara rəğmən zamanın tələbi qadınları da sükan arxasında oturmağa zövq edir. İstəsək də, istəməsək də qadınlarımızın maşın sürməsinə hörmətlə yanaşmalı oluruq. Qeyd edim ki, son vaxtlar qəzaların çoxu gənc xanım sürücülərin səhvi ucbatından baş verir. Xanım sürücülər kişi sürücülərin kobud davranışlarını və sürücülük mədəniyyətinə yad olan adətlərini inkişaf etdirirlər. Onlar sürətlə maşınları idarə edir, piyadalara yol vermir, həm də çox səbrsizdilər, başqa sürücülərə hörmət qoymurlar. Hər kəs sürücü olaraq qaydalara riayət etməlidi ki, yollarda qəza və ölüm faktları azalsın”.

Lakin bütün bunlara rəğmən kulturoloq deyir ki, xanım sürücüsünün olmasını istəyər: “Mən sağlamlıq cəhətdən öz ayaqlarımla hərəkət etməyə daha çox üstünlük verirəm. Ekoloji problemləri, çoxlu tıxacları və benzinin qiyməti baha olan bir şəhərdə maşından nə qədər az istifadə etsək o qədər yaxşıdır. Amma işinin peşəkarı olsa, özümə qadın sürücü götürərdim”.

 

Aygün Asimqızı

 

Tarix
16 Oktyabr 2014 [19:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin