Ana səhifə
15 Avqust 2018

"Abbas Abbasov Xocalıda meyitləri daşımaq üçün iki helikopter göndərmişdi"

1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının qarşıdan gələn 19-cu ildönümü ilə əlaqədar baş vermiş hadisələrin canlı şahidi olmuş, həmin vaxt "Ostankino" telekanalının "Vremya" informasiya proqramının xüsusi müxbiri omuş, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mais Məmmədovun ANS PRESS-ə müsahibəsi:

 

 

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

 

 

Siz, “Vremya” proqramının Azərbaycandakı müxbiri idiniz. Xocalıda Azərbaycan vətəndaşlarının ermənilər tərəfindən soyqırıma məruz qalması barədə ilk dəfə nə vaxt xəbər tutdunuz?

- Bu belə baş verib. Biz fevralın 27-si səhər Xocalı faciəsindən xəbər tutduq. Elə həmin an mən və operatorlar maşına minərək Ağdama getdik.

 

Siz o zaman harada idiniz?

- Bakıda, burada mənim - mərkəzi televiziyanın müxbirinə məxsus baş qərargahım var idi. Biz axşam gəldik, qərargahın yanında çoxlu sayda adam var idi, hamı çaşqın idi. Və biz orada Çingiz Mustafayevlə görüşdük, bizə nəyin məlum olduğuna dair məlumat almağa başladıq, lakin bunları çəkmək üçün Xocalıya getmək lazım idi.

Mən Xocalıda dəfələrlə olmuşam. Bu kiçik bir qəsəbə idi, lakin ermənilər Kərkicahan (Xankəndi ətrafında qəsəbə red.) və digər yerlərdən bütün azərbaycanlıları qovduqdan sonra, onlar hamısı Xocalıya toplaşdılar. Bundan əlavə, ora həmçinin Gürcüstandan qovulan məshəti türkləri də gəldilər. Tədricən bu qəsəbə şəhərə çevrildi, yolları asfaltlamağa, evlər tikməyə başladılar, daha sonra burada böyük fabrik inşa olundu. Yəni həyat öz yoluna düşdü. Məndən tez-tez soruşurdular “niyə camaat oranı tərk etmədi?”. Onların hər şeyi – evləri, mal-qaraları, həyətyanı sahələri olduğu halda, niyə Xocalını tərk etməli idilər? Bu səbəbdən belə olacağı heç kimin ağlına gəlməzdi.

Xocalıya maşınla getmək asan idi, biz əvvəllər ora Ağdamdan gedirdik. Sonra uşaqlar maşına daş atmağa, daha sonra isə saqqallı silahlılar atəş açmağa başladılar, bu zaman anladıq ki, artıq ora maşınla gemək təhlükəlidir.

 

Bu nə zaman baş verdi?

- Faciəyə qalmış üç ay ərzində ermənilər artıq atəş açmağa başlamışdılar, oktyabr - noyabrda artıq vəziyyət təhlükəli idi. Ora maşınla getmək olmurdu, ancaq helikopterlə getmək mümkün idi. Və bu helikopterlər hava taksiləri kimi insanları Xocalıdan Ağdama və geriyə daşıyırdı və əlbəttə ki, “məşhur” jurnalistlərdən birinin yazdığı kimi heyvanlar deyil, lazımi məhsullar və dava-dərman daşınırdı. Həmin vaxt dövlət xocalılıların sıxıntı çəkməmələri üçün müəyyən vəsait sərf edirdi.

Və birdən belə bir vəziyyət yarandı. (Xocalı soyqırımı red.) Biz Ağdama gedən kimi nə baş verdiyini, Xocalıya necə getməyin mümkünlüyünü öyrənməyə başladıq. Lakin bizə fikir verən yox idi, nəqliyyat vasitəsi vermirdilər. Biz prezidentin aparatına zəng etdik, kömək istədik, lakin oradan da yardım etmədilər. Həmin vaxt xəbər tutduq ki, baş nazirin müavini Abbas Abbasov Gəncədədir. Biz onu axtarıb tapdıq, Allah ondan razı olsun! O bizə kömək etdi. Fevralın 28-də bizə zəng edərək bildirdi: “Hazırda biri sanitar olmaqla iki helikopter göndərmişəm, stadionda eniş edəcəklər, ona minib Xocalıya gedin”. Biz ona öz təşəkkürümüzü bildirdik və yalnız sonradan öyrəndik ki, o bu helikopterləri Şerbakdan (rus qoşunlarının Gəncədəki divizyasının komandir red.) icarəyə götürmüşdü. Beləliklə, bizim Xocalıya getməyimiz üçün helikopterlərin icarə pulunu öz cibindən ödəmişdi. Mən operatorla, Çingiz Mustafayev və başqa bir neçə əcnəbi jurnalistlər helikopterlə Xocalıya yollandıq. Biz artıq yuxarıdan Xocalının viran qaldığını gördük. Bu zaman pilot qışqırdı: aşağı baxın! Biz baxdıqda yolun kənarındakı yarğanlarda xeyli meyit gördük. Bu yarğanları yəqin ki yolla keçən adam görməzdi. Amma biz helikopterdən hər şeyi gördük. Helikopter bir az aşağı endi. Biz helikopterdən atıldıq və dərindən ah çəkdik... Qadınların əlləri və ayaqları uzun corablarla bağlanmış, döşləri kəsilmişdi. Öldürülən yalnız mülki əhali idi. Biz bu vəhşiliyi, insanların cəsədlərinə edilən bu təhqirləri görəndə şoka düşdük. Hamı şokda idi, Çingiz ağlaya-ağlaya çəkiliş aparırdı.

Uşaqlar, qocalar… Hiss olunurdu ki, bu insanlar Xocalıdan olanlar idi. Və mən anladım ki, ermənilər öz cinayətlərini gizlətmək üçün onları bura gətirib atmışdılar. Biz 20-25 dəqiqə ora-bura qaçdıq, çəkiliş apardıq, çünki helikopterdən bizə işarə etməyə başlamışdılar ki, Xocalıdan içərisində döyüşçülərin olduğu bir neçə maşın bura gəlir. Biz 3-4 uşaq meyitini paltolarımıza bükərək özümüzlə götürdük və Qarabağa uçduq, orada onları dəfn etdik.

Dərin şokda idik. Növbəti gün Xocalı haqqında materialları kanala ötürdüm. Orada demişdim: "Bu erməni millətçiliyinin əsl vəhşi siması idi. Heç faşistlər də belə olmayıb".

 

Elə oradaca mənə zəng edib dedilər: “Sən dəli olmusan? Azərbaycan və erməni xalqları arasında düşmənçilik toxumları səpirsən?” Mənsə cavabında: “Bəs nə düşünürsünüz, bu etdiklərindən sonra onlarla dostluq edəcəyik?”.

Materialı kəsib montaj etdilər, nəticədə kiminsə qətli, Xocalı şəhərinin işğalı kadrı alındı. Həmin kadrları elə ötəri və uzaqdan göstərdilər ki, heç nə görmək mümkün deyildi. Bu hətta faşistlərin belə etmədiyi vəhşilik idi, lakin bunu efirə vermədilər. Və mən indi Çingizin qarşısında baş əyirəm, axı dünya onun çəkdikləri sayəsində erməni vəhşiliyindən xəbərdar oldu. Bu kadlar olmasaydı, heç kim bu barədə bilməyəcəkdi. Mən elə təkcə buna görə, ona Milli Qəhrəman adını verərdim...

O həm çəkir, həm yazır, həm də hönkür-hönkür ağlayırdı. Çünki ağlamamaq mümkün deyildi. Və mən həmçinin prezident İlham Əliyevə də minnətdaram, çünki Bakıdakı Xocalı abidəsi üzərində Çingiz Mustafayevin barelyefi var. Və nə vaxtsa uşaqlar onun kim olduğunu soruşanda, onlara – o, Xocalı faciəsini bütün dünyaya çatdıran Milli Qəhrəman Çingiz Mustafayevdir deyəcəklər. Bu çox böyük xidmətdir. Mən onun ruhu qarşısında baş əyirəm. O çox gözəl insan, peşəkar jurnalist və mərd kişi idi. Bilirsiniz, mən indi “vətənpərvər” sözündən qorxuram. Lakin o təpədən dırnağa qədər vətənpərvər idi. Elə jurnalistlər var ki, yalnız çəkiliş aparmağı və təhlil etməyi bacarırlar. Lakin onun materiallarına baxdıqda görərsiniz ki, o, geri çəkilən əsgərlərin üstünə necə qışqırır. Xocalı – çox böyük faciədir.

 

Xocalı administrasiyasının nümayəndələri bunu necə izah etdilər?

- Xocalıya hücumda hamının kədərlə xatırladığı Rusiya ordusunun 366-cı motaatıcı alayı iştirak etmişdi. Lakin qabaqcadan deməliyəm ki, bu motoatıcı alay təqribən 70 faiz ermənilərdən təşkil olunmuşdu. Bilmirəm necə, rüşvət və ya digər üsullarla bu alay erməniləşdirilmişdi. Mən rus desantlarının rusları Qarabağdan-Azərbaycandan necə çıxartdıqlarının şahidi olmuşam. Bu da dəhşət idi. Xocalıya gəldikdə isə, 27-28 fevral tarixlərində bizə fikir verən yox idi, hamı öz qohumlarını, doğmalarını və dostlarını axtarırdı, kimisi də macal tapıb qaça bilmişdi. Sonra bütün bunları Xalq Cəbhəsi dəstələrinin törətməsi barədə müxtəlif əsassız ehtimallar irəli sürülməyə başlandı. Lakin bütün bunların hamısı yalan idi. İnanın mənə orada jurnalist olmayıb.

Yalnız Şuşa və Xocalı qalmışdı. Xocalını isə onlar görünür hava limanının ona yaxın olması ilə əlaqədar işğal etdilər. Mən dinc sakinlərlə söhbət edirdim. Onlar heç kimə hücum etmirlər, dinc yaşayırdılar. Bu həmişə Azərbaycan şəhəri olub, burada erməni olmayıb. Mənim üçün ən dəhşətli an isə onların qadın, qoca və uşaqları təhqir etmələri oldu. Dünya bu faşizmi bağışlamamalıdır. Və mən də həmçinin bunu edənləri heç vaxt bağışlaya bilmərəm. Bilirəm ki, hətta indi də qondarma Dağlıq Qarabağ respublikasının “rəhbərləri” arasında bu qırğını törədənlərin nəslindən olanlar var. Gec-tez onlar öz paylarını alacaqlar və biz bunun həyata keçirilməsinə əmr verənlərin kimlər olduğunu biləcəyik. Bu dünyada heç nə gizlin qalmır. Hərdən bəzi jurnalistlərin baş verən hadisələri insanlara başqa cür çatdırmağa cəhd göstərməsi adama pis təsir edir. Bu düzgün deyil. Çünki, bunu yazan Xocalı hadisəsi baş verəndə balaca uşaq idi, mənsə baş verənlərin canlı şahidiyəm. Belə ki, Çingiz haqqında bütöv bir dastan danışa bilərəm.

 

 

Bir çoxları Çingiz Mustafayevin çəkdiyi kadrları görüblər. Bəs sizin çəkdiyiniz kadrlar hardadır? Onların aqibəti necə oldu?

- Onların bir hissəsi dövlət televiziyasının arxivində qaldı. Mən 1998-ci ildən işdən çıxdım, onların hamısı operatorda qaldı, o isə bütün kassetləri təhvil verdi. Mənim nadir kadrlarım indi də Azərbaycan Dövlət Televiziyasında qalıb, heç cür onları götürə bilmirəm. Mən Çingizi ölmüş halda çəkən yeganə şəxsəm. Bu kadrlar hazırda Azərbaycan Televiziyasının arxivindədir. Mən sədrdən də kadrları verməyini istəmişəm. Biz film çəkmək istəyirdik. Lakin alınmır. Bu barədə danışmaq adama xoş gəlmir.

Orada başqa kadrlar da var, məsələn, heç müharibə başlamamışdı Ermənistan və Qazaxın sərhədində Alazan tipli raket qurğuları ilə bizim kəndlərimiz dağıdılmışdı. Sovet ordusu ora daxil olmuşdu. Bu, Alazan tipli raket qurğularının qarşısını almaq üçün yuxarıdan əks-zərbə endirmək lazım idi.

 

Biz Xocalı soyqırımı ilə bağlı həmin kadrlara baxanda Çingiz Mustafayevi əlində kamera ilə görürürük. Bəs onu kim çəkmişdi?

- Biz çəkmişdik, kamera az idi. Biri Çingizdə idi, biri də bizdə.

 

Bizdə Xocalı soyqırımının sübutu olan nadir kadrlar var. Biz həqiqəti dünyaya necə sübut etməliyik?

- Dünyanı yalnız özünə maraqlı olan şeylər maraqlandırır. Hazırda “erməni soyqırımı”ndan çox danışılır. Ermənilər elə bil ki, türklərin kürəyinə bıçaq sancdılar. Bəs, Türkiyə hakimiyyəti nə etməli idi? Mübarizə aparmalı idi. Bu günə qədər Türkiyə hakimiyyəti deyir ki, gəlin birgə komissiya yaradaq – türk və erməni komissiyaları, bütün sənədləri açaq və nəzərdən keçirək. Lakin heç kim bunu etmək istəmir. Eyni şey bizim faciəmizə də aiddir. Vasili Lvoviç Veliçko (tarixçi, “Qafqaz” kitabının müəllifi red.) bizim deyil, Rusiya tarixçisidir. O, ermənilərin haradan gəlməsini obyektiv şəkildə yazıb. Dünyada milyonlarla müxtəlif təşkilat yaradılıb. Qoy heç olmasa biri həqiqəti göstərsin. Götürək ki, nə biz, nə də ermənilər obyektiv ola bilməzlər. Çingizin çəkdiyi kadrları ki saxtalaşdırmaq mümkün deyil. Bu, birbaşa sübutdur.

İki il bundan əvvəl məni hərbi prokurorluğa çağırdılar, çünki, onlarda mənim də olduğum fotoşəkillər var idi. Məni ətraflı sorğuladılar və mən hər şeyi danışdım. Bunun nə dərəcədə cinayətkarların tapılmasına kömək olacağını bilmirəm. Çox güman ki, kömək edəcək.

Mən həmçinin qeyd etmək istəyirəm ki, vaxt ötdükcə izlər azalır, Xocalı isə ayın 26-sı xatırlanır, sonra isə yaddan çıxır.

Axı Xocalı – bu dəhşətli faciə cəzasız qalıb. Mən sabah hansısa ölkədə belə bir hadisənin baş verməyəcəyinə əmin deyiləm. Mən Moskvaya getdim və “Vremya” proqramının rəhbərliyi ilə uzun danışıqlar apardım. Materiallarımla niyə belə etdiklərini soruşdum. Nə cavab versələr yaxşıdır: “Bilirsən, burada axı böyük siyasət var. Sizdə Sumqayıt hadisələri olanda, biz bir çox şeyləri verə bilmədik”. Mən isə cavab verdim: “Sumqayıt hadisələri olanda, mən yeganə müxbir idim ki, SSRİ Müdafiə Nazirliyinin qərarı ilə çəkiliş aparmağıma icazə verilmişdi. Və bilirsən, mən niyə çəkə bilmədim? Çünki bir çox şeyləri çəkməyə qoymurdular, tankları da həmçinin. Yalnız iki nəfər verdilər bizə ki, onları da çox qorxuzmuşdular və onlar dedilər: “biz burada çox yaxşı yaşayırıq, biz azərbaycanlılarla qardaşıq”. Mən polkovnikə dedim ki, bunu yaza bilmərəm. Bu ki, gülməlidir, insanlar qorxu altında danışır, bu aydın görünürdü. Bir şey də deyim ki, bu ordunun başında da azərbaycanlı deyil, erməni durmuşdu.

Digər erməni təxribatı və yalanına dair daha bir misal: Ağdamdan uçan və göyərtəsində dinc sakinlərin olduğu vurulmuş helikopter. Helikopteri vuran məqamı yeri gəlmişkən Vahid Mustafayev çəkmişdi. Mən də orada idim, sadəcə macal tapıb çəkə bilmədim. Sonra biz hadisə yerinə getdik. Həqiqətən orada həlak olanlar dinc sakinlər idi. Kanal mənim reportajımı verdi, lakin sonra erməni jurnalistin reportajı efirə buraxıldı. Burada deyilirdi ki, vurulan helikopterdən Şuşa üçün içərisində döyüş sursatlarının olduğu yeşiklər atılırdı. Mən onlara dedim ki, Şuşaya gedən yol tamamilə başqa istiqamətdən - Qubadlıdan keçirdi. Silahları helikopterlə daşımağın nə mənası var idi ki? Bu ki, səmərəsizdir. Nə üçün siz bu axmaq reportajı efirə verdiniz? Nə cavab versələr yaxşıdır: “Bəli, biz fürsəti qaçırtmadıq, biz razıyıq". Və yenə mənim “axı nə üçün bunu efirə verdiniz” sualıma, onlar barmaqla yuxarını göstərərək cavab verdilər. Görünür, yuxarıdan göstəriş vermişdilər.

Qarabağda elə yer yoxdur ki, mən orada olmayım, Çingiz Mustafayev orada olmasın. Boris Yeltsin (Rusiyanın ilk prezidenti red.) Qarabağa gələndə Çingizin necə işlədiyi, ona necə “çımxırdıqları” mənim yadımdadır. Lakin o yenə də öz işini görürdü. Mahiyyət bunda deyil. Bu münaqişədə kiminsə marağı var idi. Mən Yeltsinin iştirakı ilə Mütəllibov və Petrosyanın görüşünü xatırlayıram. Axı o zaman Dağlıq Qarabağda general-mayor Safonov (iki il ərzində SSRİ-nin Daxili İşlər Nazirliyinin Qarabağ Muxtar Resoublikasındakı bölmıəsinin rəhbəri) idi, bir dənə də olsun erməni əsgəri yox idi. Çünki, o hər şeyi öz əlində saxlayırdı. Bu səbəbdən onun gedişindən sonra həmin generala qarşı iki dəfə sui-qəsd oldu. Bizdə erməni ordusunda xidmət edən əsgərlərin məhv edilməsinə dair sənədlər var. Bizə qarşı həm erməni ordusu, həm də dünyanın müxtəlif yerlərindən – Livan, Amerika və digər ölkələrdən olan döyüşçülər vuruşurdular. 90-cı illərdə Ermənistan ilə Dağlıq Qarabağ arasında sərhəd zastavası yaradıldı. Bu ki paradoksdur: Sovet İttifaqının daxilində sərhəd zastavası. Mən onu da çəkmişəm. O erməni döyüşçülərinin və silahların buraxılmaması üçün yaradılmışdı. Qarabağda silah isə çox idi. Deməli, kimsə buna böyük pullar xərcləmişdi. Mən düşünmürəm ki, bu Ermənistandır, çünki, onun bu qədər pulu yoxdur. Ola bilsin ki, diaspora köməklik edib və daha kimlərsə stabilliyin pozulmasında maraqlı olub. Lakin bu kiməsə SSRİ-nin dağılması üçün lazım idi.

Onun dağılması isə bugünkü vəziyyətə gətirib çıxardı: bir tərəfdən biz Allaha şükür ki, müstəqil olduq, digər tərəfdən Rusiya artıq Sovet İttifaqı kimi olmadı. Bəzən heç onunla hesablaşmırlar da, atom silahının olmasına baxmayaraq. Lakin bütün bunların hamısı böyük siyasətdir.

Bizdə “ayıq olmaq” kimi bir ifadə var. Biz ermənilərlə bir yerdə yaşayacağıq, bundan heç yana qaçmaq mümkün deyil. Allah bizi bir səma altında yaradıb ki, biz qonşu olaq. Bunu Allah belə istəyib. Lakin mən bizim nə vaxtsa “Qardaş oldu Hayestan-Azərbaycan” mahnəsını oxuyacağımıza əmin deyiləm. Hər ehtimala qarşı, mənim tərəfimdən qardaşlıq olmayacaq, hər şey başqa cür olacaq. Ümid edirəm ki, biz hər şey geri alacağıq. Sülh yolu ilə deyil, müharibə yolu ilə. Qoy desinlər ki, onlar Qarabağda hərbi təlimlər keçirlər, səfərbərlik ediblər. Bu ancaq söhbətlərdədir. Onlar heç öz xalqlarını normal dolandıra bilmirlər…

Təbii ki, bizim ordumuz o zamanki deyil, xalq və onun təfəkkürü başqa cürdür. Biz daha çox səfərbərik. Müharibə ağır işdir. Vətəni müdafiə etmək kimi bir peşə var. Çünki Qarabağ da bizim Vətənimizdir. Bunu unutmaq olmaz!

Tarix
23 Fevral 2015 [10:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin