22 iyul – Milli Mətbuat və Jurnalistika günüdür

10:09 - 16 İyul 2021 - MEDİA

Azərbaycanın milli mətbuat tarixi Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də dərc olunan tarixdən götürülür. Həmin qəzetin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdır.

Milli mətbutın ilk “qaranquşu” olan “Əkinçi” qəzetinin nəşrindən sonra   XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr etməyə başlamışlar.

1920-ci ilin 28 aprelində Azərbaycan Cumhuriyyəti devrildikdən sonra, sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunmuşdur. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır. “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Azərbaycanda mətbuatın davamlı inkişafı təmin olunduğuna görə, hazırda ölkədə 5 mindən çox media subyekti vardır. Artıq müasir dövrdə mövcud olan informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib və yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər.  Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan vermiş, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərmişdir.

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. Dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmiş və Mətbuat Şurası üçün yeni binanın ayrılmışdır.

Demokratik dövlətlərdə mətbuatın inkişaf etdirilməsi siyasi prioritet hesab olunur. Keçən əsrin 80-ci illərindən başlayaraq milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez “dördüncü hakimiyyət” adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.

Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Çünki həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

Ikinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin əvəzolunmaz fəaliyyəti danılmazdır. Onların peşəkarlığı, fədakarlığı və çevikliyi sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatlar çatdırıldı. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur.

Müasir dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edir. Qanunvericilik müstəvisində mətbuatın inkişafına verilmiş ən böyük töhfələrdən biri 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması olmuşdur.

Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri,
Nərimanov Bələdiyyəsinin komissiya sədri, 
fəal gənc Tamerlan Əkbərov

Xəbər xətti