Ana səhifə
19 Dekabr 2018

“İki ildə çəkdiyimi heç kimə arzulamıram” - Hacı Nuran

Hacı Nuran Hüseynov: “Kömək etdiklərimizin duaları məni həyatda saxladı”

 

 

 

 

“Populyarlığımdan yalnız ehtiyacı olanlara kömək üçün istifadə etmişəm”

 

İki ildən çoxdur sağlamlığında yaranan problemlə əlaqədar Almaniyada müalicə alan teleaparıcı Hacı Nuran Hüseynov artıq vətənə dönüb. Bu dönüşü onun sevənləri, dostları, tanışları səbrsizliklə gözləyirdilər. Lakin onu gözləyənlər arasında köməyə ehtiyacı olan insanlar da çox idi. “Kiməsə bir balaca köməyim dəyəndə sevinirəm” deyən aparıcı redaksiyamızın qonağı oldu. Onunla sağlamlığı, müalicəsi, bu günə qədər gördüyü və görüləcək işləri ilə bağlı söhbət apardıq. Həmin söhbətdən alınan müsahibəni sizlərə təqdim edirik.

 

- Sevənlərinizin intizarına son qoyub vətənə dönmüsünüz və hazırda diqqət mərkəzindəsiniz. Sağlamlığınız necədir?

- Azərbaycanda dostlarımın çox olduğunu bilirdim, amma bu qədərini təsəvvür etməzdim. Almaniyada da bir dəqiqə olsun məni tək buraxmadılar. Yanıma gələn insanlar çox idi. Sizin qəzetin baş redaktoru Xoşqədəm Hidayətqızı həyat yoldaşı ilə mənə baş çəkdi. Sənət adamlarından Fidan və Xuraman Qasımova bacıları, Ənvər Sadıqov, Həmidə Ömərova, Abbas Bağırov, Ədalət Şükürov, Sevda Yəhyayeva, Tolik, Elton, pianoçular Samir Şirinov, Elçin Şirinov da gəlmişdi. Efirdən tanınan insanların adını çəkdim. Efirdən kənar nə qədər dostlarım gəlmişdi. Bir dəfə yanıma 2000-dən çox adam gəlmişdi. Xəstəxanada bəzən tək qalmaq istəyirdim və hamını otaqdan çıxarırdım. Kimya terapiya çox ağır prosesdi və dəhşətli ağrıları olur. Hər dəfə müalicədən sonra deyirdilər ki, vəziyyətin düzəlir. Amma bir müddət sonra başqa şiş aşkarlanırdı. Axırıncı müalicəm yanvarda bitdi. Düzdür, indi ayaq üstəyəm, amma bədənimin zəif olduğunu hiss edirəm.

 

- Bu xəstəlik sizdə nə zaman aşkarlandı?

- 4-5 il bundan öncə atam rəhmətə getdi. Bir il sonra anamın beynində xərçəng aşkarlandı. Komaya düşdü, epilepsiyası oldu. Oyun iynəsini vuranda dəli olurdum. Moskvada çəkilişdə olanda anam rəhmətə getdi. Həmin vaxt çox böyük stress keçirmişdim. Halbuki özüm də həkiməm və ildə iki dəfə atamla anamı həkim müayinəsinə aparırdım. Heç bir problem olmadığını deyirdilər. Anamdan sonra isə təsadüfən məndə xərçəng aşkarlandı və artıq 4-cü mərhələdə idi. Hər zaman sağlamlığıma diqqət etmişəm. Nə siqaret çəkmişəm, nə də içki içmişəm. Ziyanlı şeylərə heç vaxt marağım olmayıb. Birinci müayinədə isə almaniyalı həkim dedi neçə ildir siqaret çəkirsən, içki içirsən? Xəstəlik məndə aşkarlananda depressiyaya düşmüşdüm və inanmırdım. İşim o qədər çox idi ki, sağlamlığım haqda düşünə bilmirdim. Qəbul edə bilmirdim ki, bir saniyənin içində necə hər şeylə sağollaşa bilərəm? Bu xəstəliyin müalicə sxemini bilirdim. Saçlarımın töküləcəyini, kökələcəyimi bilirdim. Xaricdə müalicəni ona görə seçdim ki, orada məni az adam tanıyır. Düzdür, orada da tanıyanlar var, amma Azərbaycanda daha çoxdur.

 

- Müalicə ərəfəsində yanınızda yaxınlarınızdan kimsə vardı?

- Valideynlərim rəhmətə gedib. Bir bacım var və arada o gəlirdi. Dostlarım məni heç vaxt tək qoymurdular. Amma müalicə alan vaxtı tək olurdum. Çətin bir proses olsa da, nə isə yaxşı olacağını düşünürdüm. Sonra məni stasionardanambulatoriyaya yazdılar. Artıq xəstəxanada qalmırdım. Xəstəxanaya gedəndə korpusun qabağına çatanda ürəyim bulanırdı, xəstəxanaya girə bilmirdim. Kimya terapiyanın spesifik iyini hiss etməmək üçün axıra yaxın maska taxırdım.

 

- Bezdiyiniz vaxtlar da olub?

- Çox olub. Amma bu xəstəlikdən müalicə almaq və dözüm göstərmək alnıma yazılmışdı.

 

- Bəs mübarizə gücünüzü artıran nə idi?

- Mətbuata xəstəliyimi Bəhram Bağırzadə yaydı. Mən depressiyada idim və düşünürdüm ki, nə olsa olacaq. Amma insanlar məni axtarırdı. Hətta bir nəfər Fidan xanımdan mənə 5 ya 10 manat göndərmişdi. Fidan xanım mənə bunu ağlaya-ağlaya dedi. Mən də bunu eşidəndə ağladım. Hamı kömək etməyə çalışırdı. Müalicə ərəfəsində isə dostlarımın əhatəsində oldum. Xəstəxanada Polad Bülbüloğlu, Fidan, Xuraman Qasımova bacıları, Tahir Salahov mənimlə tez-tez maraqlanırdı. Ənvər Sadıqov qarmonunu, elektron pianinosunu xəstəxanaya gətirmişdi. Almanlar mənim otağıma yığışmışdı. Palatam güllərlə dolu idi. Konfetlər, cürbəcür şirələr o qədər gətirirdilə ki. Bu cür diqqət məni ayaqda durmağa məcbur edirdi. Almaniayada elə bir diaspor yaratmışdım. Almaniyaya gələn-gedən Berlinə yox, Düsseldolfa gəlirdi.

 

- Müalicəniz hələ davam edəcək?

- İki aydan bir Almaniyaya getməliyəm. Həkimlər özümə diqqət etməyi məsləhət gördülər. Stress olmaz, sakit həyat lazımdır. Bizdə isə bütün günü stressdir. Neçə müddətdir ki, burada yox idim və hələ Azərbaycanda olduğumu qəbul edə bilmirəm. Elə bilirəm Almaniyadayam. 5 il həkim nəzarətində olmalıyam. Amma ömür boyu özümü gözləməliyəm.

 

- “Xeyir körpüsü”nü gözləyənlər çoxdur. Bu veriliş davam edəcək?

- “Xeyir körpüsü” davam edəcək. Televiziyada başqa bir layihə də ola bilər. “Xeyir körpüsü” çox insanlara kömək oldu. Kömək etdiklərimizin duaları məni həyatda saxladı. Çünki o verilişdə biz çox insanların problemlərini işıqlandırıb həllinə vasitəçi olmuşduq. Kömək etdiyimiz həmin insanlar mesaj yazıb, dualarının mənimlə olduğunu bildirirdilər. Mən xəstələrə kömək etmədən dayana bilməyəcəm. Bu dəqiqə efirə versələr çəkilişə gedərəm. Yardıma ehtiyacı olan insan çoxdur. Mənə zəng vurub xəstəxana və ya həkimlərlə bağlı məsləhət alırlar.

 

- Bir xanım siz xəstə olan vaxt dedi ki, xəstə deyil...

- Həmin qadın hansısa saytın reytinqini qaldırmaq üçün belə bir söz atdı ki, guya Nuran xəstə deyil. Fidan, Xuraman Qasımova bacıları ilə ailəvi münasibətimiz var. Onların Çexiyada evləri var və yayda ora gələndə məni də evlərinə qonaq çağırmışdılar. Orada kimsə görüb şəkil çəkib yayımlayıb. Yazıblar ki, Nuran beşulduzlu oteldə Fidan və Xuraman bacıları ilə istirahət edir. Birincisi, otel yox, ev idi. İkincisi, Karloda müalicəvi sudan içməyə getmişdim. Üçüncüsü, mənim xəstəliyim elədir ki, gizlətmək mümkün deyil. Bir müddət inanmayanlar oldu. Mən isə sosial şəbəkələrdən uzaq dururdum. Çünki tamam keçəl idim, kipriklərim də tökülmüşdü. Gələnlər şəkil çəkdirirdilər, amma paylaşmalarını istəmirdim. Kiminsə məni o cür görməyini istəmirdim. Amma sonradan şəkillər yayıldı. İki ildə çəkdiyimi heç kimə arzulamıram. Düzdür, yaxşı məqamlar da olub, amma ağır günlər çox oldu. Kimya-terapiyaya başlayanda ağlayırdım. Dərman verib sakitləşdirirlər.

 

- İnternetdə belə bir fikir yazmışdılar ki, Nuran hamının sevimlisinə çevrilib. O sevgilərin hamısına qarşılıq verə bilirsiniz?

- Çalışıram. Almaniyada olmağımı reklam kimi də dəyərləndirənlər olur. Mən orda müalicə olunurdum və heç bir qazancım yox idi. Belə reklam kimə lazımdır axı? Xəstə olmamışdan öncə də populyar idim və belə götürsək, populyarlıq mənə o qədər də lazım deyil. Nə toya gedirəm, nə də başqa heç nə. Populyarlığımdan yalnız ehtiyacı olanlara kömək üçün istifadə etmişəm. Əgər kiminsə yardıma ehtiyacı olubsa, hansısa xəstəxanaya, həkimə müraciət etmişəmsə köməklik ediblər. Bu işlər çəkilişdən kənar olub. Biz neçə-neçə uşaq evində uşaqların sünnətini keçirmişik. Mehdiabadda bir dostumuz kasıblar üçün 8 ev tikdi. Ümumilikdə, 12 xəstəyə bizim verilişdən sonra ev verildi. 3000-ə yaxın xəstə çəkmişdik. İşlərimiz çox olub. Bilmirəm sevgini qaytara bilirəm, yoxsa yox.

 

- Kömək etməyə çalışıb edə bilmədikləriniz olubmu?

- Olub, amma çox da yox. Bəzən köməyə ehtiyacı olanları efirdə göstərib, bank hesablarını, nömrələrini qoymuşuq ki, imkanı olanlar kömək etsinlər. Müəyyən vaxt keçəndən sonra zəng vurub maraqlanmışıq ki, kömək olunub yoxsa yox. Ehtiyac varsa bir də onları efirdə verək. Bəzən kömək edildiyini bizdən gizlədirdilər. Elə bilirdilər ki, onlardan faiz tələb edəcəyik. Bir dəfə efirdə kömək üçün çəkdiyimiz şəxsi 5 il sonra Mingəçevirdə gördüm. Dedim necə oldu, niyə xəbər vermədiz? Dedi hə düzəlib, sənə hesabat verməliydik ki? Mən nə hesabat, nə sağ ol istəmirəm. Kiməsə kömək etməyə çalışıramsa və ondan sonra xəbər eşitməyəndə nigaran qalıram. Hansısa xəstəyə kömək edilirdisə, həvəslə çalışırdım ki, daha çox adama kömək edə bilək.

 

- Avropa Oyunları ilə bağlı fəaliyyətiniz olacaq?

- “Ulduz səfir”lərdən biri də mən olmalıyam. Rəsmi surətdə təqdimat olandan sonra artıq bu işlə də ciddi məşğul olmalıyam.

 

- Bəs müalicəniz necə olacaq?

- Mənə qalsa müalicəyə getmək istəmirəm (Gülür). Avropa Oyunları ilə bağlı işlərim daha da çoxalacaq. Amma çalışacam öhdəsindən gəlim. Çünki mən işləməyi sevirəm. İki il yarım işləmədiyimin əvəzini indi çıxmalıyam.

 

 

- Bu gün etdiklərinizlə bir nümunə olmağı bacarmısınız. Bəs sizin üçün nümunə kim olub?

- Uşaqlıqdan daxilimdə nümunə olmaq hissi olub. Əstəğfirullah mən kiməm ki kiməsə nümunə olum? Amma uşaqkən belə hissiyatım olub. Uşaq evlərinə gedəndə siqaret çəkən uşaqların üstünə düşürdüm ki, tərgitsinlər. Mənə isə valideynlərim həmişə nümunə olub. Evimizin qarşısında bir ağac var idi. Balaca olsa da böyük almalar gətirirdi. Atamın dostu bizə qonaq gəlmişdi. Dedi o ağacı çoxdan axtarırdım. Atam ağacı kökündən çıxardıb dostuna verdi. Mən də balaca idim və kişinin yanında qışqırıb ağlayırdım ki, ağacı niyə çıxarıb verir? Atam dedi ki, yerindən başqası çıxacaq. Doğrudan da bir neçə il sonra həmin ağacın yerində başqası bitdi. Həmişə bizi məscidə aparıblar. Sovetin vaxtında məscidə getmək qorxulu idi. Kiməsə kömək lazım olurdusa anam tez ora qaçırdı. Bəlkə bugünkü işlərim də onlardan gördüklərimin nəticəsidir.

 

- Geyim cəhətdən fərqlənməyi sevirsiniz deyəsən?

- Həkim bir dəfə dedi ki, Nuranın fərqli geyimləri müəlicənin 90 faizi deməkdir. Düsseldolf xəstəxanasının professoru deyirdi ki, sənin geyiminə vurğunam. Bir dəfə qonağım gələcəkdi deyə başqa bir professordan icazə almağa getdim. Başı qarışıq idi və icazə almaq istədiyimi dedim. Dedi qətiyyən olmaz, siz müalicəyə gəlmisiniz. Başını qaldırıb məni görəndə dedi ki, bu Azərbaycanın milli geyimidir? Dedim bəli. Dedi icazə verirəm gedə bilərsən. Mən bu cür geyimləri cürbəcür formalarda seçib rəngləri qarışdırmağı sevirəm. İstəyirəm həm də qeyri-adi nə isə olsun.

 

 

 

Aygün Asimqızı

Tarix
20 Fevral 2015 [15:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin