Ana səhifə
19 Oktyabr 2018

Kənd təsərrüfatı ilində yanacağın qiymətləri ən azı 25-30 faiz endirməlidir

Vahid Məhərrəmov: “Hökumət fermerlərin çaya atdığı məhsulu alıb qapalı müəssisələrə verə bilərdi”

 

 

 

Bu il istər heyvandarlıq, istərsə də bitkiçilik sahəsində ciddi problemlər gözlənilir.  Bir sıra tyədbirlərin nəzərdə tutlmasına baxmayaraq əvvəlki dövrdən qalan problemlər narahatçılığa əsas verir. Aqrar sahəni araşdıran aqronom alim Vahid Məhərrəmov da bu fikirdədir.

- Bu həm bitkiçilikdə, həm də heyvandarlıqda özünü göstərəcək. Bu da onunla bağlıdır ki, bu sahəyə uzun müddət lazımı diqqət göstərilməyib. Baxmayaraq ki, külli miqdarda maliyə vəsaiti ayrılıb dövlət büdcəsindən ancaq bununla yanaşı bu sahədə kadr islahatları davam etdirilmədi. Düzdür, müəyyən kadr dəyişiklikləri edildi. Ancaq bu da keyfiyətli kadr dəyişikliyi deyildi. Əksinə biz son zamanlar görürük ki, əvvəllər bu sahəyə məsul olan qurumun, yəni Kənd Təsərrüfatı Nazirliyində bir sıra peşəkarlar olduğu halda indi onlarda kənarda qalıb. Dediyim kimi kadr islahatları dərinləşməli idi. Xüsusən bu qurumun deyək ki, rəhbər orqanlarında keyfiyyətli kadr dəyişikliyi həyata keçirilməli idi. Təəssüflər olsun ki, bu baş vermədi. Bu gün demək olar ki, bu istiqamətdə hələki kənd təsərrüfatının inkişafı ilə bağlı dəqiq siyasət müəyyənləşdirilməyib. Baxmayaraq ki, bu istiqamət üzrə bir çox sənədlər qəbul olunub. Məsələn, Konsepsiya qəbul olunub, deyilənə görə, indi strategiya hazırlayırlar. Bütün bunların hamısı o iş üçün əsas deyil. Ümumiyyətlə, bu sənəd məsələsini ciddi qəbul etmək düzgün deyil. Bir halda ki, bu sahədə mövcud olan problemləri həll edəcək kadrlar yoxdur, o sənədlərin bu və digər ölkədən gətirib onu tərcümə etmək bu effekt vermir. Bu artıq uzun müddətdir ki, bu formada guya iş görürük. Əsas odur ki, ortada nəticə yoxdur. Yəni uzun müddətdir ki, bu sahədə problemlər üst-üstə toplanıb qalıb, həllini tapmayıb. Ona görə də artıq biz bu il bu sahədə çox ciddi problemlərin ortaya çıxacağını görəcəyik.

 

- Konkret olaraq hansı problemləri nəzərdə tutrsunuz?

Xüsusən, özümüzün toxumçuluq sahəsində müəyyən addımlar atılmalı idik, bu istiqamətdə seleksiya və genetika işlərini yaxşılaşdırmalıydı, amma bunlar baş vermədi. Bu il Stavrapoldan taxıl gətrilib. Ondan toxum kimi istifadə olunur. Biz görürük ki, birincisi səpin vaxtında aparılmadı. Buna görə vaxtında çıxış alınmadı. İndi əkin sahələrindən çıxan cücərtilər çox seyrək və zəifdir. Bu da ondan xəbər verir ki, o istifadə olunan taxıl dəni toxumluq materialı deyilmiş. Digər ölkələrdən gətrilən toxumlar mütləq rayonlaşdırılmalı, bizim şəraitə uyğunlaşdırılmalıydı. Bu bir başa göstərişlə də ola bilər, hardasa kiminsə orda marağı var. Lakin bütün bunlar bizim ümumi işimizə fayda vermədi.

 

- Digər bir problem kimi, suvarma ilə bağlı neqativ halları neçə ildir deyirik ki, bu sahədə problem var, həllini tapmalıdır, tapmır. Su resursumuz imkan verir ki, biz özümüzün suvarma suyuna olan tələbatını tam ödəyək. Bu gün bizim təxminən 3 milyard suya ehtiyacımız olduğu halda 30 milyard kub su potensialımız var. Bundan vaxtı-vaxtında səmərəli istifadə etməyimiz üçün müəyyən addımlar atılmalı idi, atılmadı. Bu sahənin də probleminin olması digər sahəyə də ciddi problem yaradacaq. Heyvandarlığın inkişafı, ümumiyyətlə bitkiçilikdən aslıdır. Əgər bu gün biz özümüzü təmin edə biləcək qədər taxıl istehsal edə bilmiriksə, (burada söhbət qüvvəli yemdən gedir) deməli biz heyvandarlıqda lazım olan bazanı yarada bilməyəcəyik. Yəni bu da ondan xəbər verir ki, heyvandarlıqda da ciddi problemimiz olacaq. Birincisi, bu il yem ehtiyatımız kifayət qədər olmayıb. İndi apardığımız monitorinqlər onu deməyə əsas verir ki, heyvandarlıqda çox ciddi geriləmələr var. Mal-qara yem çatışmazlığı ucbatından artıq zəifləyib, tələf olanların sayı artyıb. O cümlədən mal-qara zəif olduğundan xəstəliklər geniş yayılıb. İndiki vaxtda mal-qaranın belə zəif olması gələcək üçün daha təhlükəlidir.

 

- Açıqlamalarınızın birində qeyd etmisiniz ümumiyyətlə taxıl istehsalı gözlənilmir...

- Bu il taxıl istehsalı gözlənilmir və keçən ilkinin yarısı qədər taxıl istehsal edə bilməyəcəyik. Məhsul istehsalının azalmasını yalnız hava şəraiti ilə əlaqələndirmək doğru deyil. Çünki taxıl səpini çox gecikdi. Mənşəyi məlum olmayan toxum da keyfiyyətsiz idi. Suvarma işləri aparılmadı. Baxmayaraq ki, payız aylarında yağış yağdı, ancaq suvarmada da problem oldu. Fevral və yanvar ayının əvvələrində artıq payızlıq taxılda üçüncü faza başa çatmalı idi. Sahələrdə hələ indi çıxış alınır. Azərbaycanın ən pis dövrlərində taxılçılıqda belə vəziyyət olmamışdı. Bu o deməkdir ki, indi çıxış alınırsa, növbəti mərhələlər qaydasında gedə bilməz. Ona görə ki, hər bir proses təbiətlə, zamanla bağlıdır.

Bunu süni şəkildə qaydaya salmaq mümkün deyil. Sahələrdə gəmiricilər geniş yayılıb. Vaxtı-vaxtında səpin aparılsaydı, suvarma işləri normal həyata keçirilsəydi, toxum ətraf mühitə dözümlü olardı. Əkinçiliyin qaydası belədir. Suvarma vaxtında aparılanda gəmiricilərin yuvalarına su dolur, onlar məhv olurlar. Proses qaydasında aparılmadığı üçün indi ziyanvericilərə qarşı əlavə xərclər sərf edilərək mübarizə aparılır. Bunun da heç bir əhəmiyyəti yoxdur.

Digər tərəfdən də az sahədə əkin aparılıb. 100 min hektardan çox sahə azalıb. Bu formada əkinçiliklə məşğul olmaq yolverilməzdir. Yalnız mütəxəssis olmaq kifayət etmir. Bu sahədə yaradıcı olmaq lazımdır. Baş verənlərin kökündə aiddiyyatı qurumların məsuzliyyətisizliyi və savadsız yanaşması dayanır. Şəraitimiz, imkanlarımız olduğu halda, biz Türkmənistandan buğda almaq məcburiyyətində qalırıq.

 

- Kənd Təsərrüfatı Nazirliyi rəsmiləri isə iddia edir ki, kənd təsərrüfatı ilində ciddi nailiyyətlər qazanılacaq...

- Göründüyü kimi kənd təsərrüfatı ilində fermerlər əzab-əziyyətlə bir az payızlıq taxıl əkmişdilər, o da optimal müddətdən 3 ay sonra çox zəif çıxış verib. İndi onu da taxıl böcəyi, gəmiricilər yeyir. Heyvandarlıqda da vəziyyət çox acınacaqlıdı. Yem qıtlığı bu sahəni iflic edib, mal-qara zəifləyir, tələf olur, xəstəliyə yoluxur.

Hökumət kənd təsərrüfatı ilində dizel yanacağının və benzinin qiymətlərini ən azı 25-30 faiz endirməlidir. Buna iqtisadi əsaslar da var. Həmçinin dünya bazarında neftin və neft məhsullarının qiymətlərinin kəskin azalması da buna əsas verir. İndiki halda ölkədə rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək mümkün olmayacaq.

 

- Yerli torpaq istehsalçıları satış ucbatından məhsulunu atmalı olurlar. Bu günlərdə Quba sahibkarları almanı çaya atdıqları məlum olub. Sizin bununla bağlı ünvanlandırdığınız təklif maraqlıdır...

- Reallıq ondan ibarətdir ki, hər hansı kiçik sahibkarlara yardım etmədən onları maraqlandırmaq mümkün olmayacaq. Bu gün onlar əllərində olan meyvələrini çaya atırlar. Sabah həmin alma ağaclarını məhv edəcəklər. Gələcəkdə də biz alma qıtlığı ilə üzləşəcəyik. Bunun üçün dövlət müəyyən siyasət müəyyənləşməlidir. Qubada xarab olan meyvələrin çaya, yol kənarına atılmasının qarşısını almaq üçün hökumət min bir əziyyətlə məhsul yetişdirən fermerlərin vaxtında bazarlara çıxışını təmin etməli idi. Digər tərəfdən hökumət burda onu edə bilərdi ki, qapalı müəssisələrə - hərbi hissələrə, xəstəxanalara, uşaq evlərinə alınması üçün tenderlər təşkil olunsun, fermerlərdən həmin məhsulunun alınması təşkil edilsin, o almaların orda istifadəsinə nail olsunlar. Həm fermer ziyana düşməzdi, həm də alma insan orqanizmi, uşaqların sağlamlığı üçün faydalıdır. Xarici ölkələrdə itkilərin qarşısını almaq üçün hökumətlər proqram qəbul edir, o proqrama uyğun da hərəkət edir.

 

 

 

Əfsun

Tarix
18 Fevral 2015 [23:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin