Ana səhifə
26 May 2018

Xalq artisti Mehriban Əliyeva ilə görüşündən danışdı (Müsahibə)

“ÖMÜR DEYİR QOCALMIŞAM, ÜRƏK DEYİR, YAŞA HƏLƏ”

 

 

Bu günlərdə 85 illik yubileyini qeyd edən Xalq artisti Əlibaba Məmmədovun AzNews.az-a müsahibəsi:

 

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

-Əlibaba müəllim, 85 yaşınız tamam oldu. Bu yaş hər xanəndəyə nəsib olmur. Yubileyinizi dövlət səviyyəsində qeyd olunmamasının səbəbi nədir?

-Mənim 85 illik yubileyimi dövlət səviyyəsində keçirmək istədilər. Mənə dedilər ki, harada istəyirsənsə, yubileyinizi orada qeyd edək, amma istəmədim. Ağır bir yaşdır. Qocayam, otura bilmirəm. Birdən-birə 3 saat oturmalıyam, mən də onu bacarmaram. Onun üçün də yubileyi keçirmədilər, ancaq təbrik elədilər, Allah canlarını sağ etsin. Ölkənin birinci xanımı Mehriban xanım Əliyeva qəbuluna çağırdı, mənlə xeyli söhbətlər elədi. Məlum oldu ki, az qala bütün yaradıcılığımı əzbər bilir. Bu, çox yüksək qiymətdi və hesab edirəm ki, yubileyimin dövlət səviyyəsində qeyd olunmasından dana şərafətlidir.

 

-85 yaşda özünüzü necə hiss edirsiniz?

-İnşallah, sizlər də mənim yaşıma çatın, onda bilərsiniz ki, adam özünü necə hiss edir. Baxın belə bir şeir var:

 

Qocalıq əlini tutar bağlayar,

Əgər qocalığı haqlaya bilsən.

Yıxılanda səni əsa saxlayar,

Əgər sən əsanı saxlaya bilsən.

 

Gör, nə gözəl sözlərdir. Əsanı saxlaya bilməyən qoca özü də yıxılacaq. Odur ki, qocalıq belə şeydir. Elə deyirlər ki, 100 yaşa. Daha bilmirlər ki, qocalar necə yaşayır? Nə isə, Allah hər kəsə 85 yaş nəsib eləsin ki, onun da dadını görsün. İnanıram ki, kim 85 il yaşasa, məni yada salacaq. Deyəcək ki, Allah Əlibaba Məmmədova rəhmət etsin, o kişi lap doğru deyirmiş.

 

-Dost-tanışlardan, muğam ifaçılarından təbrikə kimlər gəldi?

-Zəngləri saysaq, sayını itirəcəyik. Ayın 5-də səhər saat 10-dan başlayan zənglər iki gün səngimək bilmədi. Telefonun birini götürüb, birini qoydum. Məni tanıyanlar bilir, şişirtməklə aram yox, xoşlamıram. Nə gizlədim, axır ki, bu zənglərdən cana gəlmişdim. Dedim ki, bu telefonları bağlayım. Sonra dedim ki, hər gün 85 olmur ki, ürəkləri istəyir, qoy etsinlər. Məni sayırlar, hörmət edirlər. Öz aramızdır, xalq da məni çox sevir, dövlət də. Dövlət mənə hər nə desən verib. Allah onlardan razı olsun. Heç bir xanəndə bu səviyyədə qiymət almayıb. Sovetlər dönəmində yazıqlar bir qarnı ac, bir qarnı tox dolanıblar. Amma müstəqil olandan sonra xanəndələrə qırmızı işıq yandırıldı. Əvvəllər bizə “muğam oxuyandır” deyirdilər, amma indi “muğam ifaçıları” deyirlər. Görün, nə qədər fərq var. Azərbaycanın muğam musiqisinə heç bir dünya musiqisi çata bilməz, muğamın tayı-bərabəri yoxdur, bundan sonra da heç olmayacaq, çünki bunu bizə Allah bəxş edib.

 

Allah Mehriban xanımın canını sağ etsin, yoldaşının, balalarının canını sağ etsin. Biz belə Prezident görməmişik. Öz aramızdır, mənim yaşım çoxdur. Mircəfər Bağırovu görən adamlardanam. Muğama, xanəndəyə hörməti mən bu prezident və onun xanımında gördüm. Bu adamlar özləri üçün deyil, camaat üçün yaşayır.

 

Uzun əsrlər keçməsinə baxmayaraq muğamızı dünyaya tanıtdıran Mehriban xanım Əliyeva olub. Azərbaycan muğamı Mehriban Əliyevanın adı ilə bağlıdır. Nə vaxt ki, muğamdan söz düşəcək, orada Mehriban xanımın adı olacaq. Çünki Azərbaycan muğamını dünyaya o tanıtdırıb. Bütün dünya qəbul etdi ki, musiqilərin şahı muğamdır. Bu, böyük bir şeydir. Əvvəl məni saxlayan xalq olub, əl çalıb. Konsertimə gəlib, toylarına aparıb. Sovet dövründə də mənə fəxri adlar verib. Gənc yaşlarımdan mən xalqımın sevimlisi olmuşam. Bunu mən cəsarətlə deyirəm.

 

-Hazırda tələbələriniz var, yoxsa tədrisdən də uzaqlaşmısınız?

-Var, özü də çoxdur. Konservatoriyada dərs deyirəm. Orada da hörmətim böyükdür. Siyavuş Kərimi məni 80 yaşında konservatoriyaya müəllim kimi dəvət etdi. İndi də dərs deyib, tələbə yetişdirirəm. Söz vermişəm ki, nə vaxt görsəm ki, tələbə yetişdirə bilmirəm, yəni dərs keçə bilmirəm o zaman sinif otağından özüm çıxıb gedəcəm.

 

-Siz həm də bəstəkarsınız. Bu yaşa kimi neçə mahnı yazıb təhvil vermisiniz?

-100-dən çox mahnım tanınır. Amma xeyli mahnılarım da var k, itib-batıb, yaddan çıxıb.

 

- Yaşlı adamlar, xüsusən tanınmışlar yaşlaşanda depressiyaya düşürlər, bezdiklərini deyirlər çox vaxt... Amma sizdə deyəsən, bir mahnınızda deyildiyi kimidir: “Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ”...

-Ürək deməsə ki, yaşa, yaşaya bilmərəm. Ürək sazdır hələ. Gecə yatıram, səhər duranda deyirəm ki, şükür Allaha ki, mən bu günü də gördüm.

 

-Bəlkə 100-ü hədəfləmisiz?

-Onu heç kim deyə bilməz. Hətta, məndən böyüklər də bu haqda qərarsızdır. Yaşamaq Allaha bağlı olan şeydir. Biz kimik ki? Heç kəs bilmir ki, sabah nə olacaq?Bəxtiyar Vahabzadə deyir ki:

 

Gələcəyə ümidimi bağlaram,

Bir ay sonra nə olacaq bilmirəm...

 

Evdən çıxanda bir saat sonra başına nələrin gələcəyini bilmək olmur. Ən dəhşətlisi də budur. Bilmirəm ki, gecə yatıb səhər duracam, ya yox. 86 yaşa girmişəm. Balaca ömür deyil. Adam var ki, 40 il yaşamır. Bu yaş üçün Allahıma minnətdaram.

Tarix
17 Fevral 2015 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin