Ana səhifə
14 Noyabr 2018

“Ermənistan tərəfinin hərəkətləri təxribat xarakteri daşıyır”

Müdafiə Nazirliyi: “Ermənistan beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir etmək istəyir”

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə az qalmış Ermənistan Azərbaycanı cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə ittiham etməklə beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir etmək, həmçinin cəbhəboyu zonada mövcud vəziyyətə təsir etmək istəyir. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanı son günlər cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə ittiham etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
V.Dərgahlı qeyd edib ki, Ermənistanın kütləvi informasiya vasitələri bu ölkənin müdafiə naziri S.Ohanyana istinadən guya cəbhədə gərginliyin artırılmasında Azərbaycan tərəfinin maraqlı olması barədə məlumat yayıblar. Müdafiə Nazirliyinin sözçüsünün fikrincə, bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir məqsədi daşıyır: “Rəsmi olaraq bildiririk ki, regiona sülh missiyası həyata keçirən beynəlxalq qurumların nümayəndələrinin səfərləri ərəfəsində bu və ya buna bənzər yalan və uydurma məlumatlar qonşu dövlətin rəhbərliyində təmsil olunan şəxslər tərəfindən daim səsləndirilir və artıq sistemli xarakter alıb. İndi də bu xəbərlərin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə qısa bir müddət qalmış səsləndirilməsi heç şübhəsiz, Ermənistan tərəfindən təxribat xarakteri daşıyır, beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir məqsədi, cəbhəboyu zonada isə mövcud vəziyyətə təsir etmək niyyəti güdür".
Onun sözlərinə görə, Ermənistan tərəfi anlamalıdır ki, münaqişənin həlli yolu beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, işğalçıların Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsidir və bu proses nə qədər tez baş tutarsa, bir o qədər də tez regionda sabitlik bərqərar olar.
Polkovnik V.Dərgahlı bildirib ki, məhz S.Ohanyan və Ermənistanın hərbi-siyasi rejimi bu münaqişənin yaranmasında, Azərbaycan ərazilərinin işğal edilməsində, Xocalı faciəsinin törədilməsində və digər hərbi cinayətlərdə günahkardırlar: “Ermənistan bu məsələdə özünü ayırmasın. Bu məsələdə günahkar məhz Ermənistanın hərbi-siyasi rejimidir. Məhz Seyran Ohanyan, ümumilikdə isə Ermənistan rəhbərliyinin özü Azərbaycana qarşı işğalçılıq siyasətinin aparılmasında günahkardır. Məhz onlar Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağı və ətraf rayonları işğal edib, azərbaycanlılara qarşı Xocalı soyqırımını və digər vəhşilikləri törədiblər. Ermənistan bu gün də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir və işğal olunmuş ərazilərdə Ermənistana məxsus xeyli miqdarda ordu birləşmələri və hərbi texnika yerləşir”.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri S.Ohanyan oktyabrın 14-də bildirib ki, Azərbaycan-Ermənistan sərhədində gərginlik danışıqlar prosesi ilə bağlı müxtəlif səviyyəli görüşlər qabağı artır. Onun fikrincə, son günlər Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması da ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın sonunda Parisdə gözlənilən görüşü ilə əlaqədardır.
Azərbaycan snayperlərinin ön xətdə atəşkəs rejimini pozduğunu deyən S.Ohanyan Azərbaycanı dialoq və inam mühiti yaratmaq əvəzinə vəziyyəti daha da gərginləşdirməkdə ittiham edib.



Samir

Tarix
15 Oktyabr 2014 [18:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin