Ana səhifə
20 Fevral 2018

“O iki hadisə mənimlə qəbr evinə gedəcək” - Müsahibə

“Evim ola-ola ev verdilər”

 

 

Tariyel Qasımov: “Xarici ölkələrdə kinolara çəkildikdən sonra bizim kinostudiyalar məndən istifadə etməyə başladılar”

 

Aktyor kimi öz sözünü demiş sənətkarlardan biri də Gənc Tamaşaçılar Teatrının xalq artisti Tariyel Qasımovdur. O, bir çox ölkələrdə filmlərə çəkilməklə yanaşı, öz ölkəmizdə də filmlər və tamaşalarda canlandırdığı obrazlarla tamaşaçı sevgisini qazandı. Tariyel Qasımov  “Şənbə qonağı”mız olaraq  76 il ərzində yaşadıqlarını və yaradıcılığını bizimlə bölüşdü.

 

- Tariyel müəllim, 76 yaşınızı qeyd etdiniz. Bu illər ərzində həyata baxışınızda nələr dəyişdi?

- İnsan yaşa dolduqca cavanlıqdakı səhvləri buraxmır, müdrikləşir. Həyata başqa gözlə baxmağa başlayır. 76 yaşımda əvvəllər etdiyim bəzi səhvlər  özümə bağışlamıram. Amma fikirləşirəm ki, o səhvlər uşaqlıq illərimin səhvləridir və bilə-bilə etməmişəm.   Bir dəfə uşaqkən çayda çimməyə gedirdim, yolda gördüm ki, yerə siqaret atıblar. Onu götürüb ot tayası tərəfə atdım və ot yandı. Düzdür, heç kimə bu haqda danışmadım və heç kim də otun kim tərəfindən yandırıldığını bilmədi. Amma o adama çox ziyan vurdum və onu düşünəndə özümü bağışlamıram. Bir də pişik öldürməyimi. Onlar uşaqlıq illərimin səhvləridir. O iki hadisə mənimlə qəbr evinə gedəcək.

 

- Xarici ölkələrdə bir çox filmlərə çəkilmisiniz. Hətta sizə Özbəkistanda yaradıcılığınızı davam etdirmək təklif olunub…

- Nəinki Özbəkistanda hətta Almaniyada da təklif olundu. Almaniyada “Sonya report verir” filminə çəkildim. Almaniyalı rejissor  Bert Hart mənə dedi ki, sən burada qal, sənin aktyor kimi fakturan gözəldir. Özbəkistanda da dünya şöhrətli rejissor Şöhrət Abbasov hətta məni ştata götürmək istəyirdi ki, burada qal və bizim aktyor ol. Mən orada 7 filmə çəkilmişəm, biri də 17 seriya idi. Bu yaxınlarda doğum günümü təbrik edən Ş. Abbasov yeni filmə dəvət edəcəyini bildirdi. Eləcə də, Türkmənistanda davamlı fəaliyyət göstərməyimi xahiş etmişdilər. “Mosfilm”də də çəkilmişəm, amma orada təklif olmayıb. Amma o ölkələrin təklifini qəbul etmədim, çünki bir aktyor kimi vəziyyətim yaxşı idi, öz teatrımızda baş rolları oynayırdım, yüksək maaş alırdım. Başqa ölkədə fəaliyyət göstərməyə ehtiyacım yox idi.

 

 - Bəs, o təkliflərdən imtina etməyinizə peşmansınızmı? “Bəlkə də o ölkələrdə fəaliyyət göstərsəydim daha çox tanınardım” deyə fikirləşmisinizmi?

 - Yox. Məni yeganə çox narahat edən şey öz kinostudiyamızda az çəkilməyimdir. Azərbaycan kinostudiyası məndən çox az istifadə edib. Arada  fikirləşmişdim ki, bəlkə xaricdə qalım,  orada filmlərə çəkilim, sonra da bu təkliflərin müvəqqəti ola biləcəyini düşündüm. Öz doğma vətənim, teatrım daha yaxşıdır. Ulu öndərimiz Heydər Əliyev gələndən sonra öz-özümə fikirləşdim ki, nə yaxşı getmədim, qaldım. Ondan sonra mənə prezident təqaüdü, evim ola-ola ev verdilər, maaşım pis deyildi. Ayda min manat təqaüd verdilər. Buna görə öz ölkəmdə, öz teatrımdayam, öz xalqıma xidmət edirəm. Bu mənim üçün daha yaxşıdır.

 

- Necə oldu ki, xarici ölkələrin filmlərinə çəkilmək üçün təkliflər aldınız?

- Mənim ilk dəfə çəkildiyim film “Liftçi qız”dır.  Ondan sonra yaşayış tərzim çətin olduğuna görə, Naxçıvan Teatrında işləməyə getdim. Rayon uşağı idim, ev kirayəsi verməyə gücüm çatmırdı, ailə qurmuşdum. Gənc Tamaşaçılar Teatrında baş rolları oynayırdım. Amma maaş az olduğuna görə, Naxçıvana getdim. Orada iki otaqlı mənzil verdilər və bütün baş rolları oynadım. Bir il sonra İrəvanda Azərbaycan Dövlət Dram Teatrı yarandı və orada C. Cabbarlının “Sevil” əsəri əsasında hazırlanmış tamaşada Balaşı canlandırdım. Bir il yarım orada işlədim və sonra Bakıya qayıtdım. Öz teatrımıza gəldim və baş rejissor dedi ki, o vaxt bizi atıb, getdin, indi səni götürməyə yerimiz yoxdur. Bundan sonra “Azərbaycanfilm” kinostudiyasına Ədil İsgəndərovun yanına getdim. Ədil müəllim dedi ki, “qadam” sən gərək ki, Gənc Tamaşaçılar Teatrında işləyirdin və niyə öz teatrına getmirsəm? Baş rejissorun işə qəbul etmədiyini gizlətdim və dedim ki, Ədil müəllim sizin yanınızda işləmək istəyirəm. Cavab verdi ki, “qadam” bizdə aktyor ştatı yoxdu, amma hələ ki, rejissor assistenti kimi işə götürürəm. Dedi bir il işləyərsən, sonra səni rejissor götürərəm. Bir-iki ay işlədikdən sonra aktyor şöbəsi yarandı və aktyorların şəkillərini divara vurdular. O vaxt bir tacik rejissoru Kinostudiyaya gəlir və mənim şəkilimi görür. Onda məni çağırtdırıb dedi ki,  Boris Kimyagərov Firdovsinin “Şahnamə” əsəri əsasında üç seriyalı film çəkəcək. Orada Söhrab roluna çox yaraşırsan. Sənin şəkilini Boris Kimyagərova göstərəcəm, xoşuna gəlsə sizi dəvət edəcəyik. 10 gün sonra mənə Söhrab rolunun mətni göndərildi. Mənimlə birlikdə Rafiq Əzimov, Şəfiqə Məmmədova, Hacı Murad Yegizarov dəvət olundu, onlar yoxlamadan keçmədilər, mən təsdiq olundum, amma Söhraba boyum balaca oldu və başqa rolda çəkildim. Beləliklə, “Rüstəm və Söhrab” filminə çəkildim. Ondan sonra orada Türkmənistan rejissoru məni gördü və öz filminə dəvət elədi, orada “Qızıl rəngi” filmində rol aldım. Özbəkistanda da 7 filmə çəkilmişəm. Mənim çəkildiyim rejissorlar dünya şöhrətli rejissorlar idi və onlardan böyük təcrübə götürmüşəm. Xarici ölkələrdə kinolara çəkildikdən sonra bizim kinostudiyalar məndən istifadə etməyə başladılar.

 

- Həyatınızla bağlı kitab yazmısınız, davamını qələmə almağı düşünürsünüzmü?

- Bəli, “Ömrün sənət yollarında” adlı ktabımın ikinci hissəsini yazıram. Hələ çapa verməmişəm. Mən şeir də, “O gün”, “İnam” adlı poemalar da  yazmışam. “İnam” poeması Ulu Öndərimizin 80 illiyinə həsr etmişdim.  çox gözəl poema idi.

 

 

- Öz həyatınızı işıqlandırmaq çətin deyil ki? Bəzən insanlar öz yaşadıqlarını yazmaqdan çəkinirlər.

- Çətin olur, amma mən onları yazmaqdan çəkinmədim. Ona görə də kitab çox gözəl oxunur və səmimi qarşılanır. Orada hər şeyi reallığı ilə qeyd etmişəm, atamın anamı döydüyünü də yazmışam, gizlətməmişəm. İkinci hissədəd artıq aktyorluq fəaliyyətimi və yaşadıqlarımı qeyd etmişəm.  İnşallah çap olunacaq.

 

- Tariyel müəllim, aktyorlar hər zaman hansısa obrazın arzusunda olurlar, bu yaşınızda hansı obrazın arzusundasınız?

- Bu yaşımda rollardan doymuşam. 150-yə qədər rol oynamışam, hamısı da baş rollar idi.  İndi Rejissor hansı rolu versə oyanayaram.

 

- Tamaşalarda bəzən yaşlı aktrisanın oynayacağı obrazı qrimsiz cavan bir aktrisa canlandırır. Bu bir az da yaxşı görsənmir. Bunun səbəbi nədir?

- Sizin fikrinizlə razıyam. Mən də hazırda teatrda müqavilə əsasında işləyirəm. Yəqin, xanımlar cavan görsənirlər, amma yaşları az deyil. Onu düz qeyd edirsiniz, rejissorlar bəzən elə bir aktrisaya ana, nənə  rolu verir ki, tərəfmüqabili ilə müqayisədə çox cavandı, yaxud da əksinə. O rejissorun təqsiridir, ya da ola bilər ki, onun aktrisalıq bacarığını bəyənmir. Son vaxtlar heç qrim də etmirlər. Vaxtilə bizə qrim etməyəndə cəza verirdilər.

 

 

- Baxırsan ki, həmin aktyor peşəkar oynayır, amma obraz yerində olmadığı üçün inanmırsan..

- Bəli, adam o zaman inanmır. Görürsən ki, nə anadı, nə də nənə. Aktyor rejissordan asılıdır.

 

-  Aktyor üçün teatrsız yaşamaq nə deməkdir və teatrsız özünüzü  necə təsəvvür edirsiniz?

- Əgər mənim gənclik illərim olsaydı və  məni teatrdan səbsiz və ya səbəbli çıxarsaydılar, teatr üçün darıxardım, lap yanıb tökülərdim də. Amma indi teatrdan da, rollardan da doymuşam, yaşım çoxdu. Düzdür, bu yaşı mənə vermirlər. Yaşıma görə də hərəkət eləmirəm, özümü 45 yaşında adam kimi hiss edirəm. Açığını da desək, mənim istirahət edən vaxtımdır. Bu yaxınlarda “Sarı köynəklə Valehin nağılı” tamaşasını təqdim etmişik. Orada Muradzadəni oynayıram, bu rolumu da çox tərifləyiblər, özüm də hiss edirəm ki, gözəl oynamışam.  Mənim bir aktor kimi xoşbəxtliyim ondadır ki, xarici görünüşüm də yaxşıdı. Aktyorun fakturası, səhnədə görünüşü, duruşu olmaldır.

 

- Yəqin ki, bir çox tamaşaları da tamaşaçı kimi izləyirsiniz, o zaman nələri götürsünüz? Yəni, zaldan baxanda digər bir aktyordan nə isə öyrənmək asandırmı?

- Bəli, digər tamaşalara baxıram. Əvvəlcə aktyorladan kimin yaxşı, kimin pis oynadığını bilirəm. Aktyor yaxşı oyanayanda kaş bu hərəkəti məndə belə edərdim. Amma  aktyor var, mənə baxır paxıllıq edir. Yaxud da mən  yaxşı oynayıram, deyir ki, o nə idi oynayırdın? Bizim sənətdə paxıllıq çox dəbdir. Mən heç vaxt paxıl olmamışam, heç kimə də mane olmamışam. Başqasının dərdinə şərik, xoşbəxtliyinə sevinmişəm.  Amma bəzi paxıl adamlar var ki, deyirlər Tariyel niyə xalq artistidir, niyə xalq onu sevir? Daha fikirləşmir ki, mənə paxıllıq etdikcə özünün içində özünü yeyir. Böyük aktyor ola bilərsən,  amma pis adam olma, böyük aktyor kimi də böyük insan ol.

 

 

- Qazax Dövlət Teatrında direktor vəzifəsində də çalışmısınız. Aktyorun  vəzifədə olmasını necə qarşlıyırsınız və bun  gün vəzifədə olmaq istəyərdinizmi?

- Bu gün vəzifədə olmaq istəmirəm, aktyor olduğum üçün həmişə fəxr eləmişəm, direktor, bədii rəhbər, rejissor olduğum üçün yox. Qazax Dövlət Teatrında direktor işlədim. Məndən 4 il əvvəl teatr fəaliyyət göstərmirdi.  O teatrı bir ilin içində Bakı teatrı ilə eyni səviyyəyə qaldırdım. Sonra Dərbənddə Azərbaycan Dram Teatrı açılanda, məni təcrübəli direktor kimi göndərdilər və orada da teatr açdım.  Teatr bu gün də fəaliyyət göstərir. Bir dəfə mənə dedilər ki, Tariyel müəllim,  siz gözəl aktyorsunuz niyə rejissorluq edirsiniz? Bəli, aktyorun aktyor, rejssorun rejissor yeri var. Amma rejissor aktyorun dünyagörüşdən, istedadından üstün olmalıdır. Aktyor o vaxt rejissorluq edə bilər ki, o rejissor onu qane eləməsin. Aktyor olduğum üçün həmişə fəxr eləmişəm və aktyor olduğum üçün xoşbəxtəm.

 

 

-  Ekranlarda az-az görsənirsiniz, filmlərə, seriallara çəkilmisiniz. Niyə?

Çünki, bugünkü seriallarımızı bəyənmirəm və ona görə də çəkilmirəm. Yeganə işini bəyəndiiyim rejissor Rövşən İsaxdır. Onun seriallarında çəkilərəm, kiçik epizodik rol olsa belə. Çünki, bir aktyor kimi ona inanıram. Onun filmlərinə baxmışam çox xoşuma gəlib.

 

 

 

- Bu gün teatrda müqavilə əsasında işləyirsiniz. Boş vaxtlarınızı necə keçirirsiniz?

- Boş vaxtım olan kimi anamın yanına gedirəm. Kəndimizdə, təmiz havada, təbiətin qoynunda oluram. O havaya görə özümü yaxşı hiss edirəm və cavan qalmışam.

 

Tarix
16 Fevral 2015 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ