Ana səhifə
16 Oktyabr 2018

“İnstitutu qurtaranda 3 diplom işi yazmışam” - Müsahibə

Əhməd-Cabir Əhmədov: “Asudə vaxtım olmayıb, həmişə dərs oxumuşam»

 

 

 

 

Əhməd-Cabir Əhmədov imzası Azərbaycan Dövlət İqtisad Universitetində əksər müəllim və tələbələrə çox yaxşı tanışdır. Tanıdığım müəllimlər içərisində bütün varlığı ilə öz ixtisasına bağlı olan peşəkar mütəxəssislərdəndir. “Tanınmışların yadda qalan tələbəlik illəri rubrikası”nda onun keçdiyi keşməkeşli yola öz qeydləri ilə işıq salmaq istədik.

1958-ci ildə Şəki şəhər 2 saylı orta məktəbini bitirmişəm. Onu qeyd edim ki, bizim məktəbimiz iki illik Müəllimlər İnstitutunun nəzdində olub. Mən orta təhsilimi ali məktəb müəllimlərindən almışam. O vaxtlar 8, 9 və 10-cu siniflərdə oxuyanda həmin İnstitutun müəllimləri mənə dərs deyiblər. Onlardan əla qiymət almaq çox çətin idi. Yalnız riyaziyyat fənnindən 5, fizika və kimyadan 4, qalan fənnlərin hamısından 3 qiymət alırdım. Ancaq o vaxtın 3 qiyməti indinin 5-dən iki qat yüksək idi.

 

MARŞAL BUDYONU ÜÇÜN BİŞİRDİYİM DÜŞBƏRƏ XOŞUNA GƏLMİŞDİ

 

Ümumiyyətlə uşaq vaxtından mətbəxə, “biş-düşə” çox böyük həvəs göstərirdim. Həmişə anama xörək bişirməyə, təndirə belə çörək yapmağa köməklik etmişəm. Hətta bir dəfə 7-ci sinifdə oxuyanda təndirə çörək yapmaq istədim, amma çörək “küt”ə getdi. Rəhmətlik anam dedi ki, sən hələ uşaqsan, amma həvəsin böyük olduğu üçün bilirəm öyrənəcəksən. Deiyi kimi də oldu. 10 illiyi qurtaranda xalamla, onun yoldaşı bizə qonaq gəlmişdi. Anam onlara “bu uşağın “biş-düşə həvəsi var. Aparın peşə məktəbinə qoyun, aşbazlığı öyrənsin, qurtarandan sonra gəlib işləyər, ailəyə köməklik edər”, dedi. Bakıya gəldim, məni Bakı Ticarət-Kulinar Şagirdliyi məktəbinə qoydular. Özü də aşbazlıq yox, qənnadçı qrupuna. Məsləhət gördülər ki, qənnadçılığı peşəsini mənimsəyə bilsə, aşbazlığı daha tez öyrənəcək. Həm də bu təzə ixtisas idi. Orda həm oxudum, həm də işlədim. Qrupda oxuyan 23 nəfərdən yalnız mənə 7-ci dərəcəli qənnadçılıq ixtisası dərəcəsini verdilər. Sonra Şəki Yeyinti Kombinatında master kimi işə başladım. Kombinatda işləyə-işləyə Şəki şəhər 3 saylı məktəödə qızlara qənnadçılıqdan peşə təhsili verdim.

Sonra əsgərliyə getdim. Əvvəl əsgər yeməkxanasına aşbaz qoydular. 6 ay sonra orda aşbazlar arasında müsabiqə keçirildi, mən 1-ci yer tutdum. Bundan sonra məni Baltik dənizi sahillərində olan hərbi sanatoriyada işləməyə göndərdilər. 1963-cü ilin yayında marşal Budyonu yoldaşı və nəvəsi ilə istirahətə gəlmişdi. Ona düşbərə bişirmişdim. O qədər xoşuna gəldi ki, təşəkkür elan etdi. Dedi ki, gedib komandirinə xəbər verərsən ki, SSRİ marşalı sənə təşəkkürü elan edib. Sonra məni hazırlıq kursuna göndərdilər. Vaxtından 5 ay qabaq ordudan tərxis olundum, gəlib İnstituta sənəd verdim.

 

DEKANA DEDİM Kİ, MƏNƏ TƏQAÜD VERMƏSƏNİZ TƏHSİLİMİ DAVAM ETDİRƏ BİLMƏYƏCƏM

 

Beləliklə 1964-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin  Əmtəəşünaslıq  fakültəsinə daxil oldum, 1968-ci ildə  D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Ərzaq malları əmtəəşünaslığı və tijarətin təşkili» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdim. Ali məktəbə qəbul zamanı 5 fəndən imtahan verdim. 3 fəndən 3, Riyaziyyat fənnindən isə yazılı və şifahi olmaqla bir 4 və bir 5 qiymət almışdım. Ona görə mənə təqaüd vermək istəmirdilər. Dekanın qəbuluna gedib, dedim ki, təqaüd verməsəniz ali məktəbi tərk edib, işləməyə gedəcəm. Çünki oxuya bilmirəm, maddi imkanım yoxdur. Söz verirəm yanvar semestrində bir dənə 4 qiymətim olmayacaq. Söz verdiyim kimi bütün kursu əla qiymətlə oxudum və fərqlənmə diplomuna layiq görüldüm. İnstitutu qurtardıqdan sonra Elmi Şuranın qərarı ilə institutda saxlanılıb istehsalatdan ayrılmaqla «Yeyinti məhsulları əmtəəşünaslığı» ixtisası üzrə aspiranturada  oxudum, «Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq xassələrinin öyrənilməsi» mövzusunda texniki elmlər üzrə namizədlik dissertasiyası müdafiə etdim.

Akademik Qulyayevin laboratoriyasında ilk dəfə zəfaranın tərkibində elmə məlum olmayan 27 dənə uçucu maddə tapmışam, onların hamısının kimyəvi formulunu yazmışam, spektrini çəkmişəm.

İnstituta qəbul olandan bu günə qədər M.F.Axundov adına Mərkəzi Kitabxananın üzvü və sadiq oxucusuyam. Çox vaxt səhər kitabxanaya girər, axırıncı zəng çalınana qədər oxuyurdum. Sonra 30 qəpiklik bilet alıb, kinoya baxmağa gedər, 15 qəpiklik buterburod alıb şam yeməyi yeyirdim, axşam da evə gəlirdim. Beləliklə, bütün dərslərimə hazırlaşırdım. Dərslərimin heç birinə elə-belə baxmırdım.

Ali məktəbdə oxuyarkən tələbə elmi cəmiyyətində fəal iştirak edirdim, II kursda “Şəki şirniyyatının çeşidi və keyfiyyət göstəriciləri» mövzusunda, III kursda oxuyarkən «Pərakəndə ticarət şəbəkəsində mal ehtiyatlarının normalaşdırılması» mövzusunda elmi iş yazdım və həmin mövzu üzrə 1967-ci ilin 7-9 dekabrında Leninqradda (Sankt Peterburqda) keçirilən Ümumittifaq tələbə elmi konfransında çıxış edərək keçmiş SSRİ Ali Təhsil Nazirinin imzası ilə Fəxri Fərmana layiq görüldüm. Tələbə vaxtı iki elmi məqaləm çap olunub.

Tələbə vaxtı böyük qardaşım “Salyan kazarması” deyilən hərbi hissədə qulluqçu idi. Ona 5 il müddətində qalmağa bir otaq verilmişdi. Elə kazarmanın yanında yerləşən mənzildə qardaşımla birgə qalırdım. O işə, mən də dərsə  gedirdim. Evdə xörəyi mən hazırlayırdım. Həftənin şənbə-bazar günləri isə ev işlərinə baxırdım. Asudə vaxtım demək olar ki, olmayıb, həmişə dərs oxumuşam.

Qrupda 5 tələbə dost idik. Onların  ikisi Şəkidən, o biriləri Göyçaydandı. İkinci kursda oxuyanda qardaşımı hərbi xidmətini davam etdirmək üçün Kiyevə göndərdilər. Otaqda tək qalası oldum. Şəkidən olan 2 nəfər Əkrəmlə, Hikməti yanıma dəvət etdim. Birgə dərsə gedirdik, yeməyimiz-içməyimiz bir yerdə idi. Sonra Şəkili dostlarımın biri cavan yaşında rəhmətə getdi, infakt keçirdi. Göyçaydan olan dostum xəstələnib, dünyasını dəyişdi. İndi təkcə Əkrəm adlı dostumla əlaqə saxlayıram. O da Bakıda yaşayır. Arada evinə gedib-gəlirəm.

 

İndi Sədi müəllim kimi müəllimlər azdı

 

Bizim qrupda 4 nəfər əla qiymətlə oxuyan tələbə var idi. Onlardan 3 nəfər fərqlənmə diplomu aldı. Heç biri elm sahəsinə getmədi. Şəkidən bir qız var idi, institutu bitirəndən sonra rayona qayıtdı, sonradan Şəki ictimai iaşə müəssisəsinin direktoru oldu. Bu yaxınlarda Şəkiyə gedəndə onu gördüm, artıq təqaüdə çıxıb. Qəbələ rayonundan Əli Qasımov adlı tələbə də elm sahəsinə getmədi. Ryonda işləməyə üstünlük verdi. Tək mən elm sahəsində çalışdım.

İnstitutu bitirəndən sonra çox çalışdım ki, tələbə yoldaşlarımı bir araya gətirib, onlarla “Məzun günü” keçirim. Amma 1988- 2002-ci illərdə ailəmlə bağlı hadisələr arzumun reallığa çevrilməsinə mane oldu. Bu dövrdə atamı, anamı, 3 qardaşımı, bir bacımı, 5 illik gəlin balamı itirdim. Bu faciələrə başım çox qarşdı.

Tələbəlik illərimin bütün anları mənim üçün maraqlı və yadda qalan keçib.

Onların bir neçəsini yada sala bilərəm: Bir dəfə üzvi-kimya dərsində Qərənfil müəllimə lövhədə formullar yazırdı. Bir yerdə kiçik səf etmişdi. Axı karbonun 4 rabitəsi var. O bir yerdə iki qat rabitənin birini yazmağı unutmuşdu. Dedim ki, Qərənfil müəllimə deyəsən mexaniki səhf olub, karbonun rabitəsini düzəldin. Qayıdıb mənə dedi ki, sən mənim səhfimi tutursan. İmtahanda məni sıxışdırmağa başladı. Ancaq sonda gördü ki, kimyanı yaxşı bilirəm, qiymətimi kəsmədi. İmtahanın sonunda dedi ki, müəllim səf eləsə də onun səhfini çalış qrup içərisində, uşaqların yanında  üzə vurma.

Başqa maraqlı hadisə də yadıma düşdü. Bizim statistika müəllimi Əli Kazımov idi. Yaxşı kişi idi. Dərsdə, bütün seminarlarda dərsə hazırlıqlı gəlirdim və verilən suallara cavab verirdim. Yuxarı kurs tələbələri dedilər ki, bəs Əli müəllim heç kimə 5 qiymət yazmır. Mən II kursun qış sessiyasında 5 fənndən imtahan verməli idim. Artıq 4 imtahan arxada qalmışdı və aldığım qiymətlər 5 idi. Axırıncı imtahanı Əli müəllim götürəcəkdi. Gedib kafedra müdrinə - gürcüstanlı Sədi müəllimə dedim ki, bəs, mən imtahana yaxşı hazırlaşmışam, qiymətimin də aşağı düşməsini istəmirəm. Xahiş etdim ki, gəlib imtahanımda otursun. Üzümə baxıb dedi ki, narahat olma gələrəm. O vaxtlar çox yaxşı müəllimlər olub. İndikilərin yanına getsən,deyərlər ki, 100 manat ver gəlim imtahanda iştirak edim. Söz verdiyi kimi, gəlib  imtahanda iştirak etdi. Bütün əsas və əlavə suallara cavab verdim. Müəllimə dedi ki, bu uşağın əla qiymətini yaz, statistikanı yaxşı bilir. Sədi müəllim gəlməsəydi, bəlkədə mənə Əli myəllim 5 qiymət yazmayacaqdı.

Bir dəfə də 3-cü kursda kurs işindən müəllim mənə 4 yazmışdı. Dekana ərizə yazdım ki, komissiya təşkil olunsun, kurs işini təkrar müdafiə etmək istəyirəm. Dekan kafedra müdürünə zəng etdi. Qərara gəlindi ki, kurs işi dekan, kafedra müdüri və həmin kurs işi rəhbərinin iştirakı ilə yenidən müdafiə olunsun. Axşam evdə bir az kurs işimə baxdım, özüm yazmışdım, bilirdim, qorxum da yox idi. Müdafiə günü dekanlığa getdim, gördüm ki, nə komisiya üzvləri, nə də kurs işinin rəhbəri oradadır.Katibə dedi ki, Əhməd-Cabir səni təbrik edirəm, Kərim müəllim sənə 5 yazıb, protokolu da göndərib. Kərim müəllim hərtərəfli hazırlıqlı olduğumu, suallara cavab verəcəyimi bilirdi. Ona görə də komissiyay ehtiyac qalmayıb. Sonradan həmin müəllimlə neçə illər bir yerdə işləmişəm. O kafedra müdiri, mən isə dekan işləmişəm.

 

«KONTROL” İŞİNİ 10 MANATA, KURS İŞİNİ 25 MANATA YAZIRDIM

 

Tələbə vaxtında həddindən çox zəhmət çəkirdik, gecə-gündüz çalışırdıq. Bütün günümüzü kitab-dəftər, oxumaq-yazmaqla keçirirdik. İnstitutda oxuyanda televizorumuz da olmayıb. İndiki tələbələr oxumaq, kitab açmaq istəmirlər. Ancaq telefonla oynayırlar, kitab-dəftəri kopiya edirlər. Onlar diplom işi, kurs işi yaza bilmirlər. Mən institutu qurtaranda 3 dənə diplom işi yazmışam. Əvvəl öz diplom işimi yazdım. Sonra Şəkidən olan dostum dedi ki, yaza bilmirəm, müəllim də kömək etmir. Gedib kitabxanada oturdum, bir həftə ərzində onun da diplom işini yazdım. Sonra başqa bir oğlan gəldi dedi ki, müəllim söz vermişdi ki, kömək edəcək, amma indi etmir. “Mənim işimə kömək et” dedi. Müdafiə işinə 1 ay vaxt vardı. Dedim: «gedib kitabxanada zəhmət çəkəcəm, özün bax da. Yaşım da ötüb, 27 yaşım var, nişanlanmışam. Nişanlıma hədiyə almalıyam». O, mənə 100 rubl verdi. 15 gün ərzində onun da diplom işini yazdım.

III kursda oxuyanda qiyabi tələbələr auditoriyaya gəlib-gedirdilər. Soruşurdular ki, kim kurs işi və ya “kontrol” işi yaza bilər. Onlara deyirdilər ki, Əhməd-Cabirdən başqa heç kim yaza bilməz. Mövzularını götürürdüm, 12 vərəqlik “Kontrol” işini bir gecəyə, kurs işini isə 2-3 günə yazıb bitirirdim.

 “Kontrol” işinin qiyməti 10 manat, kurs işinin qiyməti isə 25 manat idi. Bu  o vaxtlar böyük pul idi. Həmin pulla dolanırdım, özümə əyin-baş alırdım. 4 il ərzində valideynlərim 1 qəpik pul göndərmədilər mənə. Öz zəhmətimlə oxuyub İnstitutu başa çatdırmışam.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «Ərzaq malları əmtəəşünaslığı və ekspertizası» kafedrasının müdiriyəm. 50 illlik elmi-pedaqoji fəaliyyətim dövründə 300-dən çox elmi əsər , o cümlədən 55-dən çox kitab (10 dərslik, 14 dərs vəsaiti) nəşr etdirmişəm.

 

 

 

Əfsun

Tarix
14 Fevral 2015 [12:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin