Ana səhifə
27 May 2018

“Atam çimərlik geymində fotosessiyaya pis baxmır” - Müsahibə + FOTOSESSİYA

Ramina Abbasova: “Tanıdıqlarım arasında Azərbaycanda uğurlu ailə həyatı olan model tanımıram”

 

 

 

 

“Sevdiyim insanın mənimlə evləndiyi üçün fəxr eləməsini, işimdə uğur qazanmağıma sevinməsini istəyirəm”

 

 

 

MODELLİK uzunmüddətli olmayan və bir çox hallarda təsadüfən seçilən bir peşədir. Lakin bu sahəyə təsadüfən gəlib dünyaca məşhur olan modellər var. Ölkəmizə model biznesi o qədər inkişaf etməsə də bu sahədə uğurlu fəaliyyətləri  olan modellərimiz var. Onlardan biri də Miss RixosMiss Cosmopolitan titullarının sahibi Ramina Abbasovadır. Müsahibimiz olan model fərqli obrazlarda fotosessiya etdirməyi sevdiyini deyir.

- Modellər adətən təsadüf nəticəsində bu sahəyə gəlirlər. Sizdə necə olub?

- 5 ildir artıq model olaraq çalışıram. Əslində model olmaq fikrim heç vaxt olmayıb. 18 yaşım tamam olanda dostlarım məndən xəbərsiz restoranda doğum günümü təşkil ediblər. Həmin ad günümdə iki professional fotoqraf da var idi. Onlar əsasən mənim şəkillərimi çəkirdilər. Fotoqraf Orxan Osmanlı sonra yaxınlaşıb dedi ki, fotosessiya üçün qəşəng qızlar lazımdır, icazə versəydiniz sizi pulsuz çəkərdim. Mən də rəfiqəmlə danışdım və razılaşdım. Fotosessiya edildi, şəkillər internetdə yayımlandı və çox bəyənmə gəldi. Sonra bizim fotoqrafla dostluğumuz başladı və bir neçə fotosessiya etdik. Kanallardan, başqa fotoqraflardan təkliflər gəldi və tədricən modellik işinə başladım. Amma məqsədli şəkildə model olmağı düşünməmişdim. Yarım il sonra “Estellita Fashion Centre”in siması oldum və üç ildir ki, orada baş model kimi çalışıram.

 

 

- Azərbaycanda modellik bir az çətin və qalmaqallı sahə hesab olunur. Siz bu çətinlikləri nəzərə almışdınız?

- Azərbaycanda model sahəsini çox adam nədənsə bəyənmir. Açıq-saçıqlıq olmayan fotosessiya etdirəndə normal baxırlar. Avropa və Amerikanın məşhur modellərinin şəkillərinə baxanda bizimkilər “nə gözəldir” deyirlər. Bizim modellər xarici modellər kimi fotossesiya etdirəndə “Bu nədir”,  “Soyundu”, “Ayıbdı” kimi sözlər deyilir. Ona görə də mən özümə iki limit qoymuşam. Pis baxıldığı üçün “Love store” və çimərlik geyimində çəkilmirəm. Evdən bununla bağlı mənə hər hansı qadağa yoxdur. Atam deyir sənin yaxşı fiquran var və çimərlik geyimində fotosessiya etdirə bilərsən. Əgər çimərlik geyimində fotosessiya etdirmək pisdirsə, onda niyə hamı çimərliyə gedir? Orada heç kim paltarda gəzmir ki, hamı çimərlik geyimində olur. İnternetdə çimərlik şəkillərini paylaşanda yaxşı rəylər yazılmır deyə, özüm belə fotosessiyanı istəmirəm. Maksimum şortiklə çəkilirəm. Əgər hardasa məşhur firma mənimlə müqavilə imzalayıb onların siması olmağımı, onlar üçün fotosessiya edilməyimi istəsə, razılaşaram. Amma elə-belə fotosessiya üçün çimərlik geyimində çəkilmərəm.

 

 

- Ali təhsil aldığınız sahədə çalışmaq fikriniz var?

- Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi və tərcüməçilik fakültəsində təhsil aldım. Hazırda magistraturaya hazırlaşıram. Həmişə çox oxuyan olmuşam və gözümdə eynək olurdu. Məktəbi bitirib model kimi fəaliyyətə başlayandan sonra şəkillərimi görən sinif yoldaşlarım gözlərinə inanmırdılar. Amma mən modelliyi sevdim, hobbi kimi başlasam da sonradan gördüm ki, bu sahədən qazancım da olur. İşimdə daha da irəli gedə biləcəyimə inanıram. Amma modellik işinin müddəti var və 30 yaşdan sonra mən çox da lazım olmayacam. Ona görə gələcəkdə mənə ali təhsil aldığım işim lazım olacaq. Özünü sevən məqsədli insan ali təhsil də almalıdır.

 

- Azərbaycanda model biznesi hələ inkişaf etməyib. Siz bu sahədə rəqabət hiss edirsiniz?

- Azərbaycanda model biznesi çox inkişaf etməyib. Mən bir çox butiklər, restoran və kafelərin siması olmuşam. Bir dəfə İstanbulda oteldə çəkilmək üçün təklif gəlmişdi və yaxşı maaş verirdilər. Bizdə belə şeylər yoxdur. Kimsə modelliyə gəlirsə ilk olaraq salon reklamı ilə başlayır. Çünki bununla efirlərə çıxıb tanınmaq daha asandır. Amma belə paltar reklamları çox az təklif olunur. Avropada bir çox məşhur brendlər var və onların fotosessiyalarına hər kəs baxır. Bizdə isə butiklər açılanda Avropadan mallar götürürlər və ordakı çəkilişlərdəki şəkillərdən istifadə edirlər. Bizim modellərlə işləmirlər.

 

 

- Niyə öz modellərimizlə işləmirlər?

- Modellərimiz Avropa ölkələrində çox populyar deyillər. Brend İtaliyaya məxsusdursa, həmin ölkənin modelləri ilə işləyirlər. Rus modelləri var ki, Avropada tanınırlar deyə, məşhur firmalarla işləyə bilirlər. Amma bizim modellər Avropaya işləməyə getmirlər. Bircə Rüstəm Cəbrayılov orada çalışır, amma o da Avropa və Amerikada çox da tanınmış sayılmır. “Dior” reklam çəkəndə hansısa dünyaca məşhur aktyora yaxşı maaş verir və onunla işləyir. Onlar bununla məhsullarını daha geniş reklam etmək istəyirlər.

 

 

- Bizim modellər xaricə niyə gedə bilmirlər?

- Avropa modellərinə baxanda bizimkilər çox şeylər öyrənməlidirlər. Onlar hər gün trenajor zalına, rəqsə gedirlər, üzlərinə qulluq edirlər. 40 yaşında olsalar da 20 yaşında görünürlər. Bizim modellər özlərini sevmirlər, ancaq bugünkü fəaliyyətlərini düşünürlər. Amma belə olmaz və təmbəllik edilməməlidir. Modeldə fiquraya, simaya, poza verməyə, podiumda gəzməyə diqqət edilir. Bizdə çox modellər bunu bilmirlər. Üç-dörd çəkilişdə olubsa modeləm deyir. Amma fotoqraf deyəndə ki, poza ver, soruşur necə dayanım? Model təmiz vərəqdir və stilist nə görürsə modelin üzərində sanki rəsm çəkir. Amma elə model olur ki, stilistlə dava edir ki, bu dodaq boyası yaxşı deyil, bu makyaj mənə yaraşmır.

 

 

- Model olaraq nələrə diqqət edirsiniz?

- Fotosessiyaya təmiz saçla və makiyajsız gedirəm. Stilistlə işləyəndə heç bir işə qarışmıram və o bildiyi cür edir. Mən Merlin Manro, Qış kraliçası, payız obrazlarında art fotosessiya etdirmişəm. Bu cür obrazları yaradanda modelin üzündə art rəsim çəkilir. Heç vaxt demirəm bu nədir? Baxmayaraq ki, o üzdən çox çətin təmizlənir. Mən bu cür fotosessiyaları bəyənirəm və çəkilirəm. Amma çox modellər buna razı olmur. Fotoqraf və stilistlə dost olmağa çalışıram, çünki bu zaman daha yaxşı iş ərsəyə gəlir.

 

 

- Modelləri həm də seriallara, filmlərə çəkirlər. Sizə təklif gəlirmi?

- Fərqli obrazları yaratmaq üçün model həm də aktrisa olmalıdır. “Bacanaqlar” və “Bozbash Pictures” seriallarında çəkilmişəm. Bacanaqlar serialında rol xoşuma gəlmədi deyə sonra çəkilmədim. İki-üç dəfə seriallara təkliflər gəlib, amma ssenarini oxuyandan sonra bəyənməmişəm. Bir də maaş az idi. Maraqlı film və ya serial olarsa çəkilərəm. Azərbaycan və rus dillərində aparıcı kimi təkliflər gəlib, amma hələ ki buna vaxt ayıra bilmirəm. Magistraturanı qurtarandan sonra aparıcı kimi çalışa bilərəm.

 

- Bu gün boyu qısa, bədən fiqurası standartlara uyğun olmayan və özünə model deyənlər çoxdur…

- Son illər modeləm, fotoqrafam, dj-əm deyənlərin sayı çoxalıb. Modellər fiqura, boy və sima cəhətdən standartlara uyğun gəlməlidir. Mənim boyum 167 smdir. Amma bədən firquram 87-60-91-dir və bu standartlara uyğun gəlir. Bir də mənim simam boyumdakı əskikliyi hiss etdirmir. Boyu uzun və çox arıq modellər var ki, simaları gözəl deyil və özlərini yaxşı göstərə bilmirlər. Bu zaman təbii ki ona deyil, mənə müraciət edirlər. Avropada modeldə hansısa parametrdə balaca nə isə çatışmırsa buna o qədər də önəm vermirlər. Kate Mossun boyu mənim kimi olsa da bir çox dünyaca məşhur firmaları reklam edir. O qədər professionaldır və maraqlı simaya malikdir ki, ona tələbat var. Bu həm də firmaların məhsulundan asılıdır.

 

 

- Amma standartlara uyğun olmayan modellər podiumda olmur...

- Podiumda bəli standartlara daha çox önəm verilir. Amma fotosessiyalarda gözəl simaya üstünlük verilir.

 

 

- “Model ünsiyyətdə olduqlarına diqqət etməlidir” - demisiniz. Siz kimlərlə ünsiyyət saxlayırsız?

- Ən çox ünsiyyətdə olduğum dostlarım sinif yoldaşlarımdır. 15 ildir dost münasibətimiz davam edir. Onlar məni model olaraq yox, uşaqlıqdan tanıdıqları kimi sevirlər.

 

- Gözəllik başa bəladır deyirlər. Gözəlliyiniz başınıza bəla olub?

- Gözəl olmağın mənfi və müsət tərəfləri var. Müsbət odur ki, hamı sənin gözəl olduğunu deyir. Mənfi cəhəti odur ki, gözəlliyin paxıllığını çəkən, arxasınca danışanlar çox olur. Bəzən arxamca danışılan elə sözlər eşidirəm ki, dəli oluram. Deyirəm doğrudan belədir? Model kimi fəaliyyətə təzə başlayanda internetdə özüm haqda nə isə mənfi rəy görəndə xətrimə dəyirdi. Amma indi fikir vermirəm.

 

 

- Ailə qurmaq haqda fikirləşirsiz?

- Həyatımda sevdiyim insan olmadığı üçün evlənmək haqda düşünmürəm. Oxumağa işləməyə daha çox vaxt ayırıram.

 

 

- Öz yanınızda necə bir insan olmasını istəyirsiz?

- Məni sevən olduğum kimi qəbul etməlidir. “Niyə bu cür çəkildin”, “ora getmə, bura getmə” deyən insan mənlik deyil. İnsan sevdiyinə inanmalıdır. Çimərlik geyimində çəkilmirəm və heç bir pis hərəkət etmirəm. Onsuz da işim elədir ki, 30 yaşdan sonra uzaqlaşacam.

 

- Bizdə modellərlə evlənmək istəyənlər azdır…

 - Azərbaycanda modeləm deyəndə çox vaxt qəribə baxırlar. Türkiyədə isə hamı müsbət reaksiya verir. Bizim mentalitetlə bağlıdır. Mən salonda çox işləyirəm. Qızların saçlarını buruq etmək istəyəndə deyirlər qaynanam görsə əsəbləşər, saçımı mütləq yığın. Ərə gedənə qədər çox qızlar qaş almırlar ki, evdə qalaram. Adi qızları bu cür edirlərsə, görün modellər necə olur? Əgər oğlan hansısa modeli sevsə və onu olduğu kimi qəbul etsə də fərqi yoxdur. Anası biləndə deyəcək ki, “bu nə qızıdır, ayıbdır, onu evə gətirmə”. Sevdiyim insanın mənim kimi insanla evləndiyi üçün fəxr eləməsini, işimdə uğur qazanmağıma sevinməsini istəyirəm.

 

 

- Azərbaycanda gözəl ailəsi olan model tanıyırsınız?

- Tanıdıqlarım arasında Azərbaycanda uğurlu ailəsi olan hansısa model görməmişəm. Ətrafımda olanların çoxu gəncdir və hələ evlənməyiblər. Evlənənlər arasında uğurlu ailəsi olanı deyə bilmərəm. Ən azından mən o cür evlilik istəmərəm. Əgər o həyat onları xoşbəxt edirsə, bu yaxşı haldır. Çünki hər kəs üçün xoşbəxtlik başqa kriteriyalarda olur.

 

 

Aygün Asimqızı

Tarix
13 Fevral 2015 [16:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin