Ana səhifə
21 Sentyabr 2018

Sürüşmə zonalarında aktivlik artıb

Sadiq Əmiraslanov: «Bütün respublika üzrə sürüşmə potensiallı ərazilərin xəritəsinin hazirlanması istiqamətində işlər aparılır»

 

 

Ölkə ərazisində torpaq sürüşmələri yenidən aktivləşib. Hazırda ölkənin cənub və şimal ərazilərindəki sürüşmə zonalarında aktivlik müşahidə olunur. Mütəxəsislərin qənaətinə görə, Cənubi Qafqazda müşahidə olunan sürüşmələrin əsas səbəblərindən biri relyefin özüdür. Geomorfoloji şərait sürüşməni yaradan daimi amillərdən biridir. Amma son zamanlar baş verən sürüşmələrdə digər amillər də var.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanovun sözlərinə görə, sürüşmə zonalarında mütəmadi monitorinqlər aparılır: «Hazırda respublikanın bir neçə sürüşmə sahələrində aktivləşmələr müşahidə olunur. Ötən ayın sonlarından başlayaraq sürüşmə sahələrində müəyyən aktivləşmə müşahidə edilib. Bu, yay aylarının həddindən artıq quraqlıq keçməsi və torpaqda yeni çatların əmələ gəlməsi, mövcud çatların genişlənməsi ilə bağlıdır. Bununla yanaşı, sentyabrda atmosfer çöküntülərinin bu çatlar vasitəsilə daxil olması da sürüşmə sahələrində qismən aktivləşməyə səbəb olub. Bu aktivləşmələr daha çox avtomobil yolları ərazilərində müşahidə edilib. Amma artıq sürüşmənin yaratdığı təhlükələr aradan qaldırılıb. Bayıl yamacı, Zığ, Masazır, Əhmədli qəsəbəsi, Xətai rayonu ərazisindəki «General Şıxlınski» küçəsi və Gəncə prospektindəki sürüşmə zonalarında aktivliyin qarşısının alınması üçün görülən tədbirlər nəticə verir. Həmin ərazilərdə sürüşmənin qarşısının alınması üçün tədbirlər görülüb. Bayılda istinad divarları çəkilib, Masazırda görülən tədbirlər də qismən nəticə verib. Amma Zığda vəziyyət gərgin olaraq qalır. Həmin ərazidə ümumi gərginlik qalmaqdadır, müəyyən dəyişikliklər var. Amma ümumilikdə respublikadakı sürüşmə sahələrində elə bir təhlükə yoxdur».

S.Əmiraslanovun sözlərinə görə, hazırda respublika ərazisində 140 sürüşmə və uçqun sahəsi var: «Onların 40-nın vəziyyəti daha təhlükəli hesab edilir. Respublika ərazindəki təhlükəli sürüşmə əraziləri daha çox Şamaxı, Qobustan, Lənkəran, Lerik, Quba, Qusar, Gədəbəy rayonlarındadır. Əsasən son illərdə bu ərazilərdə aktivləşmələr olur. Təhlükəli sürüşmə sahələrində monitorinqlər mütəmadi olaraq davam etdirilir. Bəzi ərazilərdə sürüşmələr 5-6 il əvvəl olub. Hazırda həmin ərazilərdə sürüşmə sahələri stabilləşib. Bu ərazilərə yenidən baxış keçirilərkən də orada aktivləşmələr müşahidə olunmayıb, Bütün respublika üzrə sürüşmə potensiallı ərazilərin xəritəsinin hazırlanması istiqamətində işlər aparılır. Artıq Abşeron rayonu üzrə sürüşmə zonalırının xəritəsi hazırlanaraq Rayon İcra Hakimiyyətinə verilib. Amma buna əməl edənlər də var, etməyənlər də».

Qeyd edək ki, bir müddət öncə Fövqəladə Hallar Nazirliyi (FHN) Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli məqsədilə yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradıldığını açıqlamışdı. Məlumata görə, işçi qrupu ilə yanaşı, bu məsələlər üzrə dünyada böyük təcrübəyə malik olan Yaponiyanın “Shinyei Kaisha Corporotion” və Hollandiyanın “Vitteven Bos” şirkətlərinin ekspertləri də bu işə cəlb ediliblər. Yerli mütəxəssislər və xarici ekspertlər 800 hektar ərazidə topogeodeziya işləri aparıb, 101 geoloji və hidroloji quyu qazıb, monitorinq şəbəkəsi yaradıb, habelə 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçirməyə başlayıblar. İlk olaraq, əks ağırlıq yaratmaq üçün sürüşmə sahəsinin dil hissəsində istinad divarına paralel olaraq hər birinin hündürlüyü 5 metr olan 4 terras yaradılıb. Bunun üçün əraziyə 155 min kubmetr torpaq verilib. İkincisi, yeraltı suların səviyyəsinin 3 metr aşağı düşməsi üçün sürüşmə sahəsində drenaj quyusu qazılıb. Nəticədə son 8 ay müddətində yeraltı suların səviyyəsi 95 sm enib. Dayanıqlıq faktorunun artırılması üçün T. Bağırov küçəsinin şərqində 112 metr uzunluğunda svaylardan ibarət istinad divarı yaradılıb. Bundan başqa təxminən 110 svay vurulması nəzərdə tutulurdu ki, bunun da əksəriyyəti reallaşdırılıb. Bütün bu tədbirlərdən sonra Bayıl sürüşmə ərazisində stabilləşmə təmin olunacaq.

 

 

Xalid

Tarix
15 Oktyabr 2014 [17:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin