“Prezident İlham Əliyev müxtəlif beynəlxalq tribunalarda dəfələrlə Ermənistanın faşist üzünü ifşa edib” - Deputat

18:41 - 9 May 2021 - SİYASƏT

"9 may faşizm üzərində qələbədən 76 il ötür. Bu şanlı qələbə faşizmə qarşı həqiqi mübarizə aparan digər xalqlar kimi azərbaycanlıların da qanı, canı və böyük ölçüdə maddi sərvətləri hesabına əldə edilmişdir. Təsadüfi deyil ki, İkinci Dünya müharibəsində həlak olan 57 milyon insandan 300 mindən çoxu azərbaycanlılar olub və ümummilli lider Heydər Əliyevin də dediyi kimi, Azərbaycan xalqı İkinci Dünya müharibəsində yalnız döyüş meydanlarında yox, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib."

Ucnoqta.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov deyib. Bəhruz Məhərrəmovun sözlərinə görə, təəssüflər olsun ki, dünya xalqları güc və səyləri birləşdirərək 6 illik mübarizədən sonra, 1945-ci ildə bu zəhərli ideologiyanı Avropada - elə beşiyindəcə boğsa da, faşizmi milli ideologiyaya çevirib gizlicə yaşadanlar oldu: 

"Nə yazıq ki, faşizmi dövlət siyasətinə və milli mahiyyətə çevirən bu toplumlardan biri və birincisi ilə qonşuluq etmək bizim qismətimizə düşdü. Böyük tarixi səhv edərək 103 il öncə Qərbi Azərbaycanda dövlət qurmalarına, əzəli şəhərimiz olan İrəvanı isə paytaxt etməklərinə icazə verdiyimiz ermənilər öz kiçik tarixlərinin müxtəlif dövrlərində, bütün imkanlarda faşist mahiyyətlərini nümayiş etdirib, ideoloji cəhətdən zəhərlənmiş bütöv nəsillərin yetişməsinə nail olublar:

"Xüsusən, Sovetlər Birliyi dağıldıqdan sonra isə Ermənistan həm ideoloji, həm də əməli olaraq faşizmi dövlət siyasətinin ana xəttinə çevirərək bütün qonşularına qarşı ərazi iddialarını hətta konstitusion səviyyədə təsbit edib. Azərbaycana qarşı təcavüzkar müharibəyə başlayıb bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkünə çevrilməsinə, minlərlə insanın milli kimliyinə görə qəddarlıqla məhv edilməsinə, işgəncələrə və digər məhrumiyyətlərə məruz qalmasına səbəb olub. 11 min kv. km-dən çox ərazini əhatə edən bölgədə daşı-daş üstündə qoymayaraq XX əsrin ən böyük vandalizm aktını törədib.

Məsələ burasındadır ki, alman faşizmi heç vaxt nə mülki insanları, nə də maddi mədəni abidələri hədəfə alıb, bu mənada erməni faşizmi heç şübhəsiz klassik nasizmdən daha çox bəşəri təhlükə əxz etməkdədir. Bütün bunlara baxmayaraq, dünya birliyi 30 il erməni faşizminə göz yumub, törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları və müharibə cinayətlərini görməzdən gəlib, hətta özləri zamanında faşizmdən əziyyət çəkmiş bəzi dövlətlər ermənilərə hərbi-siyasi dəstəyini əsirgəməmiş, təəssüflər olsun bu dəstəyi hazırda da davam etdirməkdədirlər.

Bu illər ərzində erməni nasist ideologiyasının qarşısında yalnız Azərbaycan dayanıb, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tribunalarda dəfələrlə Ermənistanın faşist üzünü ifşa edib, ermənilərin ucaltdığı nasist heykəllərin izahatını istəyib, nəhayət, ötən il 44 günlük müharibədə Onun müzəffər Ali Baş komandanlığı altında qəhrəman ordumuz bəşəri təhlükə olan erməni faşizminə tarixin ən ağır zərbəsini vuraraq bu təcavüzkarın hərbi potensialını məhv edib münaqişəyə son qoyaraq bölgəmizdə sülh və əminamanlıq, əməkdaşlıq dövrünün başlanması üçün tarixi mühit formalaşdırıb.

Ağır və rüsvayçı məğlubiyyətə baxmayaraq təəssüf ki, bu gün də Ermənistandan heç bir hərbi və iqtisadi imkana söykənməyən revanş mahiyyətli çağırışlar gəlməkdədir və acınacaqlısı odur ki, özünü sivil və qlobal dəyərlərin yaşadıcısı, faşizm düşməni kimi təqdim etməyə çalışan bəzi dövlətlər isə Ermənistanın bu təcavüzkar niyyətini təşviq etməkdədir. Lakin Azərbaycan güclüdür, “dəmir yumruq” 44 günlük müharibədə olduğu kimi, bu gün də, gələcəkdə də erməni faşizmin yenidən belini qırmağa, onların havadarlarını isə yerində oturtmağa qadirdir.

Bu mənada, qələbənin 76-cı ildönümündə əminliklə demək olar ki, Azərbaycan necə ki, pandemiya ilə mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə, habelə, vaksinlərin ədalətli bölgüsü ilə bağlı hərəkata rəhbərlik edib, eləcə də bu gün cənab İlham Əliyevin öndərliyi ilə ölkəmiz dünyada faşizmin qarşısında dayanmaqla, onun dirçəlməsinə imkan verməyən əsas gücə çevrilib. Nasistlərə abidə ucaldan yeganə dövlət kimi faşizm üzərində qələbəni qeyd etməyə haqqı olmayan Ermənistandan fərqli olaraq Azərbaycan 9 Mayı böyük qürurla qeyd edir.

Təəssüflə etiraf etməliyik ki, bəzən faşizm üzərində qələbəyə, bu qələbənin əldə olunmasında həlledici rola malik veteranlarımıza nadan münasibət göstərilib, hətta onlarla "satqın" kimi rəftar olunub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dəyərli böyüklərimiz olan Böyük Vətən Müharibəsi veteranları müstəqillik tariximizdə ilk dəfə layiqli qiymətlərini alıb, layiq olduqları hörmət və ehtiramı görüblər.

Prezident İlham Əliyev də həmişə onlara xüsusi münasibət göstərmiş və əminliklə demək olar ki, bu gün ölkəmizdə Böyük Vətən Müharibəsi iştirakçıları ən yüksək diqqət və qayğı ilə əhatələnməkdədir. Onlardan aramızda olub varlıqları ilə bizi şərəfləndirənlərə can sağlığı, əbədiyyətə qovuşanlara isə Allahdan rəhmət diləyir, bir daha xalqımızı qələbə münasibəti ilə təbrik edirəm".

Xəbər xətti