"Dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir" - Ombudsman

15:23 - 9 May 2021 - Xəbər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” qətnaməsinin icrasına dəstəklə bağlı bəyanat verib.

Ombudsman Aparatından Ucnoqta.az-a verilən məlumata görə, hər il 9 may tarixi İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə günü kimi qeyd olunur.

Əslində bu İkinci Dünya Müharibəsindən, nasizm, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla əlaqəli dözümsüzlükdən əziyyət çəkən hər kəsin qələbəsidir: “Buna baxmayaraq, təəssüf ki, bu gün dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir. Ermənistanın paytaxtında Qaregin Njde ləqəbi ilə Alman faşistlərinə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Harutyunyana abidə ucaldılması da buna bir misaldır. Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası da üçüncü reyxlə əməkdaşlıq etmiş Qaregin Njde kimi birmənalı qəbul olunmayan millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atıb. BMT-nin Baş Assambleyası “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Qətnamədə Baş Assambleya nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada tərənnüm edilməsi, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin təbliği məqsədilə kütləvi nümayişlər keçirilməsi, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş həmin şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan edilməsinə cəhd olunması yolu ilə təbliği və adlarının küçələrə verilərək ucaldılmasından dərin narahatlığını ifadə edib”.

Bəyanatda qeyd olunur ki, buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi hətta hərbi qulluqçuları və mülki şəxsləri təltif etmək üçün Qaregin Njdenin adına medal təsis edib: “Yuxarıda qeyd olunan qətnamədən görünür ki, BMT nasizmin təbliğ edilməsi, irqçiliyin yeni formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyü artırmaqla cəmiyyətə mənfi təsir göstərə biləcək abidələrin ucaldılmasından ciddi narahatlığını bildirir. Ermənistanın paytaxtı Yerevanda Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi nümunəsində də dünya ictimaiyyəti məhz buna şahidlik edir.

Ermənistan siyasi rəhbərliyi tərəfindən erməni cəmiyyətində nasizmin yüksək səviyyədə təbliğindən narahatlığımızı bir daha ifadə edərək, bütün beynəlxalq insan hüquqları təşkilatlarını insanlığa qarşı yönəlmiş bu cür fəaliyyətlərin dayandırılması üçün zəruri addımlar atmağa çağırırıq”.

Xəbər xətti